Natiq Cəfərli: “Bu məsələlər kökündən həll olunmasa, ölkədəki problemlər düzəlməyəcək”
2021-ci ildə bələdiyyələrin 75 vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.
Barələrində İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsi əsasında araşdırma aparılıb.
27 qanun pozuntusu aşkarlanıb, toplanmış sənədlər istintaq orqanlarına göndərilib.
Onlardan 15 iş üzrə cinayət işi başlanılıb.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində belə deyilir.
Məruzə aprelin 5-də Milli Məclisin yaz sessiyasında səsləndirilib.
Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. O deyib ki, 2021-ci ildə aparılan hərtərəfli islahatlar çərçivəsində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə işlər görülüb. Həmçinin dövlət bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına dəstək verib.
Nazir müavini bildirib ki, ötən il 80 min 359, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 3116 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib.
76720 (95,5 faiz) akt qanunvericiliyə uyğun hesab edilib: “Bələdiyyələrin fəaliyyəti ilə bağlı 4092 müraciətə baxılıb. Həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı qanunvericiliyin tələblərinə zidd olan 3286 aktla bağlı bələdiyyələrə təkliflər verilib. Onlardan 2232-si ləğv edilib, 732-si dəyişdirilib. Təmin olunmayan 19 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb”.
Məruzədə qeyd edilib ki, Ədliyyə Nazirliyinin təklifləri və ya məhkəmə iddiaları əsasında bütövlükdə 9096 hektar torpaq sahəsi, o cümlədən 6848 hektar örüş sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb. İl ərzində torpaq və əmlak vergisindən bələdiyyə büdcəsinə 2020-ci illə müqayisədə təxminən 3,5 milyon manat çox vəsait daxil olub:
“Bakı bələdiyyələrində bu artım təxminən 2,5 milyon manat olub. Həmçinin torpaq icarə haqlarından əvvəlki illər üzrə yaranmış debitor borcların təqribən 2 milyon manatdan çox hissəsinin yerli büdcələrə ödənilməsi təmin edilib”.
Deputat Siyavuş Novruzov məruzə ilə bağlı bildirib ki, ötən il nazirlikdə 80 mindən çox bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib.
Onun sözlərinə görə, bələdiyyə fəaliyyəti ilə bağlı 4 mindən çox müraciətə baxılıb: “Ötən il vətəndaş müraciətlərinin əksəriyyəti torpaq məsələləri ilə bağlı olub. Torpaqların, xüsusilə də ümumi istifadədə olan örüş torpaqlarının qanunsuz istifadəsi, zəbti hallarına qarşı daha əhatəli mübarizə aparılır. 2020-ci illə müqayisədə 2021-ci ildə 1000 hektara yaxın daha çox torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib”.
İqtisadçı Rövşən Ağayev düşünür ki, müasir dünyada bələdiyyə kimi vacib, vətəndaşa ən yaxın hakimiyyət institutunun Azərbaycanda olduğu qədər nüfuzdan və urvatdan salındığının, yəqin ki, nümunəsi olmaz.
İqtisadçı deyir ki, əslində bu halda nüfuzdan salınan bələdiyyəçilik yox, bütövlükdə ölkədəki idarəçilikdir:
“Bunun ən bariz nümunəsi 1606 bələdiyyənin cəmi 25 milyon dollar gəlirə sahib olmasıdır. Müqayisə üçün deyim ki, bütün Azərbaycan bələdiyyələrinin birlikdə büdcəsi tək Tbilisi şəhər bələdiyyəsinin büdcəsindən 15 dəfə azdır. Gürcüstanın bütün bələdiyyələrinin birlikdə sərəncam verdiyi büdcənin həcmi isə 1 mlrd. dollar ətrafındadır”.
Rövşən Ağayev deyir ki, Azərbaycanda insanlar gecə yatıb sabah açıldıqda bütün bələdiyyə ofislərinin qapısını qıfıllanmış görsələr, onların həyatında heç nə dəyişməyəcək. Çox sadə səbəbə görə: bələdiyyələr insanlara xidmət göstərmək, yerli sosial-iqtisadi problemləri həll etmək üçün real, müstəsna, həmçinin zəruri səlahiyyətlərə malik deyillər.
İqtisadçı deyir ki, bunun üçün hamı yaşadığı əraziyə nəzər salsın:
- Məişət tullantılarını mənzil-istismar sahələri daşıyır;
- İctimai nəqliyyatı icra hakimiyyətləri tənzimləyir;
- İçməli su dövlət şirkətindən alınır;
- Yolları icra hakimiyyətləri və bu sahəyə səlahiyyətli dövlət şirkəti çəkir, təmir edir;
- Uşaq bağçalarına, məktəblərə, kitabxanalara və digər mədəniyyət, eyni zamanda, idman-sağlamlıq obyektlərinin fəaliyyətinin təmin edilməsinə müvafiq nazirliklər nəzarət edir.
Rövşən Ağayev bildirir ki, bu qədər işin arasında bələdiyyə gözə dəymir:
“Problemin ən maraqlı olan tərəfinə baxaq: hansı inzibati-ərazi vahidlərində yerli xidmətlər üçün əhalidən (həmçinin müəssisə və təşkilatlardan) haqq yığmaq, dövlət büdcəsindən subsidiya almaq imkanı varsa, istisnasız həmin məkanlarda dövlət strukturları xidmət göstərir. Bələdiyyələr isə hər hansı rol ala bilmir. İri şəhərlərdə və rayon mərkəzlərində məişət tullantılarının toplanması və nəqli, içməli suyun çatdırılması, yollara xidmət və s. bunun qabarıq nümunələridir”.
İqtisadçı deyir ki, kənd ərazilərində hökumət bələdiyyələrə zəruri məbləğdə vəsait vermədiyi və xidmətləri pullu etmək çətin olduğu üçün məmurlar hər addımda bu işin məsuliyyətini bələdiyyələrin üzərinə yönəltməyə çalışır:
“Bələdiyyələrin yaranmasından 20 ildən çox vaxt ötüb. Bu dövrdə yerli özünüidarənin fəaliyyəti ilə bağlı çoxsaylı normativ-hüquqi aktlar qəbul edilib. Avropa Şurasının “Yerli Özünüidarə haqqında” Xartiyası ratifikasiya olunub, Konstitusiyada bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi ilə bağlı ayrıca bölmə yer alıb. Qüvvədə olan hüquqi baza bələdiyyələrin fəaliyyət sferasını ümumi şəkildə müəyyənləşdirsə də, yerli idarəetmədə paralellik var və səlahiyyətlər müstəsna deyil”.
İqtisadçı qeyd edib ki, eyni funksiyalar həm dövlət hakimiyyət orqanları, həm də yerli özünüidarə üçün müəyyən edilir. Lakin həm hakimiyyət gücü, həm də maliyyə baxımından dominantlıq dövlət təşkilatlarında olduğu üçün bələdiyyələr faktiki olaraq səlahiyyətsiz vəziyyətdədirlər.
İqtisadçı Natiq Cəfərli də deyir ki, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması, şəhərlərdə bələdiyyə institutunun gücləndirilməsi, mer seçkilərinin keçirilməsi vacibdir. Bunun üçün tezliklə yeni Konstitutsiya ilə bağlı işçi qrup qurulmalı, iş sürətlənməlidir.
İqtisadçı hesab edir ki, həmin yeni Konstitutsiya ölkədəki təməl problemlərin həllini özündə ehtiva etməlidir:
1) Prezident dövlət başçısı olur, xarici siyasət, ordu, hüquq-mühafizə orqanları birbaşa Prezidentə tabe olur;
2) Parlament proporsional qaydada seçilir, deputat sayı artırılır, hökumət parlamentdən çıxır, sosial-iqtisadi blokun nazirləri və Baş Nazir parlament tərəfindən və deputatlar arasından seçilir;
3) Yeni yaradılmış 14 iqtisadi rayon (Qarabağ və Şərqi Zəngəzur və digər 12 iqtisadi rayon) inzibati-ərazi vahidinə çevrilir, həmin 14 inzibati-ərazi vahidinə Prezidentin şəxsi nümayəndəsi təyin edilir, həm salahiyyətli şəxs birbaşa Prezidentə tabe olur və ancaq dövlət işlərinin koodinasiyası ilə, ərazidə Azərbaycan Konstitutsiyasının qorunması ilə məşğul olur, iqtisadi və təsərrüfat işlərinə qarışmır;
4) Yerliözünüidarə insititları gücləndirilir, İcra Hakimiyyəti institutu tam ləğv edilir, Böyük Şəhər, rayon, qəsəbə və kənd bələdiyyələrinin səlahiyyətləri artırılır, dəqiqləşdirilir və Bələdiyyə başçısı birbaşa seçkilər vasitəsi ilə seçilir;
5) Məhkəmə hakimiyyəti yenidən yaradılır, bütün səviyyəli hakimlər ən azı 10 illik, Konstitutsiya Məhkəməsi və Ali Məhkəmə hakimləri isə ömürlük təyin edilir. Hakimlərin üçdəbirini Prezident, üçdəbirini Parlament mütləq səs çoxluğu ilə təyin edir, yerdə qalan hissəsini isə hüquq camiyası (hakimlər, vəkillər) özləri seçirlər.
Natiq Cəfərlinin sözlərinə görə, bu məsələlər təməldən, kökündən həll olunmasa, ölkədəki iqtisadi, sosial problemlər düzəlməyəcək. Üstəlik, indiki xaotik dünyada məmləkətin qarşısına çıxan yeni çağırışlara çözüm tapmaq mümkün olmayacaq.