Rövşən Ağayev: Baş nazirin müavinlərinin könüllü ərizə yazdıqlarına əmin deyiləm

Hara qədər davam edəcək, bu artıq başqa mövzudur.

Source: VOA


“Müəllimləri və həkimləri 65 yaşından sonra pensiyaya göndərirlərsə, bu, məmurlara münasibətdə niyə istifadə olunmasın?”


Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov oktyabrın 21-də öz ərizələri ilə istefaya göndərildilər. Bununla bağlı rəsmi məlumatda deyilir ki, onlar vəzifələrindən azad edilmək üçün özləri ərizə yazıblar. Əli Həsənov və Hacıbala Abutalıbovu ayrı-ayırılıqda qəbul edən prezident İlham Əliyev iqtidarda təmsil olunan digər 70 yaşını keçən insanların da bu nümunəni təkrar edəcəyinə ümid etdiyini bildirib. Onlardan əvvəl Baş nazir Novruz Məmmədov eyni addımı atmışdı. 16 oktyabr müşavirəsində isə prezidentin çıxışı hakim komandada problemlərin olduğunu aşkarladı.


Meydan TV-nin iqtisadçı Rövşən Ağayevlə söhbətində son kadr dəyişikliklərindən doğan suallar müzakirə edildi:




Rövşən bəy, Azərbaycanın siyasi tarixinin son 25 ilində ilk dəfəydi ki, Baş nazir və müavinləri öz ərizələri ilə istefa verdilər. Hazırda hakim komandada yaşı 70-dən çox olan məmurlar da var. Məsələn Baş nazirin digər müavini Yaqub Eyyubov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev. Sizcə, prezidentin 70 yaşını keçən şəxslərin bundan nümunə götürməsi ilə bağlı dedikləri ünvanlıydımı?

– Açıq-aşkar ölkə başçısının yaşlı məmurların vəzifədən getməsini istədiyi görünür. Ancaq mənim üçün bir sual açıq qalır. Bu məmurlar yaş və digər məsələlər baxımından missiyalarını yekunlaşdırıb, öz ölçüləri ilə götürdükdə əvvəlki töhfəni verə bilmir kimi söhbətlərin fonunda doğrudanmı, onları istefaya göndərmək bu qədərmi çətindir? Əslində, qeyri-müəyyən situasiyadır. Məmurları öz ərizələri ilə istefaya göndərilməsi kimi təcrübə ilk dəfəydi ki, istifadə olunurdu. Xatırlayırsınızsa, Azərbaycan cəmiyyətində “heç kim öz istəyilə istefa verə bilməz, kimisə işdən çıxartmaq lazımdırsa, bunu yalnız prezident edə bilər” fikri müzakirə olunurdu. İndi isə belə deyirlər ki, özlərindən istefa ərizəsi yazmaq istənilir.




Niyə siz məmur yaşının 65-dən çox olmasının əleyhinəsiniz?

– Birincisi, 65 qanunvericlikdə pensiya yaşıdır və bu demoqrafik baxımdan qocalıq yaşı deməkdir. Əgər 65 yaş insanların məhsuldar çalışması üçün bir senzdirsə, o zaman niyə bunu məmurlara münasibətdə istifadə etməyək? Məsələn, müəllimləri və həkimləri bu yaşdan sonra pensiyaya göndərirlər. Bəs niyə bu məmurlara münasibətdə istifadə olunmasın? Mən vəzifəyə qoyulan cavanların kifayət qədər məhsuldar işlədiyini iddia etmirəm. Ümumiyyətlə, müəyyən yaş həddindən sonra insanın məhsuldar işləməsini inandırıcı hesab etmirəm. Xüsusən də məmur işi kifayət qədər müərəkkəbdir və davamlı olaraq intensiv işləməlidir.




Birinci sualı konkretləşdirək, sizcə, adlarını çəkdiyim məmurlar ərizə yazanlardan örnək götürəcəklərmi?

– Məsələ örnəkdə deyil. Hətta biz bu adamların könüllü istefa verib-vermədiklərini də bilmirik. Bəlkə onlar ən zəif bəndlər idi. Onlara istefa ərizələrini yazdırıblar ki, başqaları da nümunə götürsün. Hələ bu proseslərin arxasında nə dayandığını bilmirik. Mən hər iki məmurun könüllü olaraq ərizə yazdığına əmin deyiləm.




Ümumiyyətlə, bu tendensiyadır, ardı gələcək, yoxsa iki nəfərlə kifayətlənəcəklər?

– Məncə, ardı gələcək. Hətta prezident 16 oktyabr müşavirəsində də bildiridi ki, XXI əsrə köhnə təfəkkürlə, düşüncəylə getmək olmaz. O cümlədən, gənclərdən danışdı. Bu, yaşlı korpusla işin dayandırılması barədə mesaj idi. Ola bilər ki, yaşlı-cavan məsələsi deyil. Sadəcə, yaşlı korpusun içərisində olan, ziddiyyətlərin başında dayanan şəxslərlə məsələni bu cür həll etmək istəyir. Kənardan belə görünür.




16 oktyabr müşavirəsini xatırladınız. Prezidentin toplantıda səsləndirdiyi fikirlər baxımından hakim komandanın monolit olmadığı təsdiqləndimi?

– Şübhəsiz ki, hakim komanda monolit deyil. Amma şişirdildiyi qədər də ziddiyyət yoxdur. Çünki çətin vəziyyətdə bir-birini qorumağa məhkumdurlar. Kobud olsa da, bir misal var – bir-birinin ətini yesələr də, sonda sümüyünü atmazlar. Amma ziddiyyətlərin olması da aydın görünür və açıq müstəviyə keçib. O baxımdan qarşı dayanan tərəflər arasında münasibətlər kəskinləşdikcə, vəzifələrini itirməkdə davam edəcəklər. Hara qədər davam edəcək, bu artıq başqa mövzudur. Ancaq bir məqamı mütləq qeyd etmək vacibdir. Qonşu ölkələrə baxsaq görərik ki, ən yaşlı məmur korpusu Azərbaycandadır. Məmurların orta ömür müddəti baxımından, istər Ermənistan, Gürcüstan, istərsə də Rusiya, Moldova, Ukrayna arasında ən yaşlı məmur korpusu bizim ölkədədir. Ona görə mütləq gəncləşmə vacibdir.




Bəs son dəyişikliklər kadr islahatı sayıla bilərmi?

– Xeyr, mən kadr islahatı saymazdım. Çünki kadr islahatı sistem islahatı ilə paralel baş verməlidir. Yəni məsuliyyət bölgüsü, sistemin effektiv fəaliyyəti, hesabatlılıq, şəffaflıq, bunlar hamısı kompleks olanda islahat olur. Amma sistemin başqa elementlərinə toxunmursan, vəzifəlilərin yerini dəyişirsənsə, heç nə dəyişmir. Nəticə etibarı ilə bu, islahat yox, kadr əvəzlənməsidir.




Prezident 16 oktyabr müşavirəsində yeni təfəkkürdən danışdı. Bəs təyin etdiyi cavan kadrlar o standarta cavab verirmi? Konkret olaraq, Sahil Babayev, İnam Kərimov bu sıraya daxildilərmi?

– Bir xeyli dərəcədə onları saymaq olar. O mənada ki, mən belə şəxslər tərəfindən vətəndaş cəmiyyətinə, müstəqil ekspertlərə daha açıq münasibət görürəm. Tam dansaq ki, heç bir fərq yoxdur, bir qədər yanlış olardı. Son illərdə iqtisadi sektorda yenilənən qurumlarda əvvəlki dövrlərdən fərqli olaraq vətəndaş cəmiyyətində çalışan ekspertlərə daha loyal və açıq münasibət var. Müzakirələrə dəvət edib məsləhətləşmələr aparırlar, yəni müəyyən elementlər var. Amma mahiyyət baxımından qiymətləndirsək, hələki onların məsul olduğu sahələrdə işin keyfiyyəti baxımından cəmiyyətin töhfə götürə biləcəyi fundamental dəyişikliklər yoxdur. Şübhəsiz ki, vətəndaş cəmiyyətinin problemləri qalır.

Ana səhifəSiyasətRövşən Ağayev: Baş nazirin müavinlərinin könüllü ərizə yazdıqlarına əmin deyiləm