Əkrəm Həsənov: "Vətəndaş üçün bankı dövlət və işəgötürən yox, özü seçməlidir"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) əməkhaqqı və pensiyaların, sosial müavinət və yardımların, təqaüd və kompensasiyaların kartla, habelə digər alət və üsullarla nağdsız ödənilməsi üçün bank seçiminə dair dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan açıq tender elan edib.
Tenderdə iştirak haqqı 300 manatdır.
Gürcüstanda hökumət artıq əməkhaqqı, pensiya və sosial müavinətlər üçün hər hansı bankla müqavilə bağlamır.
Son 5 ildə isə bu işi "Liberty Bank"la görüb.
Vətəndaşların pensiyalarının ödənilməsi bu bank vasitəsilə həyata keçirilib. Artıq müqavilənin vaxtı bitir və hökumət bəyan edib ki, yenidən bank seçimi üçün müqavilə olmayacaq. Hər bir pensiyaçı özünə bank seçməkdə tam sərbəstdir.
“Müştəri bankını özü sərbəst seçməlidir”
İqtisadçı Rövşən Ağayev deyir ki, bu təşəbbüs təcili olaraq Azərbaycanda da gerçəkləşdirilməlidir. Onun sözlərinə görə, əməkhaqqı, pensiya, eləcə də hər cür sosial müavinətlərin ödənilməsi xidməti göstərən bankları müştərilər özləri sərbəst seçmək hüququna sahib olmalıdır.
“Xəzinə hesablarına xidmət də müsabiqə vasitəsilə olmalıdır”
İqtisadçı bildirir ki, bu, bankları rəqabətə, müştəri uğrunda mübarizədə çeşidli xidmətlər və bank məhsulları təklif etməyə yönləndirəcək: “Xəzinə hesablarına xidmət də müsabiqə vasitəsilə olmalıdır. Bu hesablara xidmət üçün banklara qarşı meyarlar müəyyən edilməli, açıq müsabiqədə həmin meyarları ödəyə bilən banklar xəzinə hesablarına xidmət etmək haqqı qazanmalıdırlar”.
“Bank xidmətləri bazarında haqsız rəqabət var”
Rövşən Ağayev deyir ki, büdcədən bank xidmətlərinə xərclənən vəsaitlərin həcmi 10 milyon manatlarla ölçülür: "Hansısa bankların bu hüququ qeyri-şəffaf mühitdə, rəqabət olmadan imtiyaz olaraq qazanması bank xidmətləri bazarında haqsız rəqbət yaradır. Normal bazar institutlarının və antiinhisar mexanizmlərinin işlədiyi ölkələrdə belə vəziyyətə dərhal müdaxilə edilir”.
“Dövlət və işəgötürənə bu sərf edir”
Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, bütövlükdə Azərbaycanın Mülki Məcəlləsinə görə hər kəs öz bankını özü seçir: "Bank kartı da bank hesabına bağlı olur. Bu da Mülki Məcəllənin bank hesabı adlanan fəsli ilə tənzimlənir".
Pensiya, əməkhaqqı kartlarına gəlincə, hüquqşünas deyir ki, onları işəgötürən, dövlət seçir: "Bu isə bank xərclərini azaltmaq üçün edilir. Bank pulu köçürənə, dövlətə, yaxud işəgötürənə bəzi güzəştlər edir. Ya ümumiyyətlə kartlara köçürülən puldan komissiya tutmur, ya da bu faiz cuzi olur. Eyni zamanda, burada plastik kartların buraxılmasının özü də pulsuz başa gəlir. Bu, dövlət və işəgötürənə sərf edir”.
“Vətəndaş bankını özü seçə bilər, sadəcə…”
Əkrəm Həsənov deyir ki, burada bankların qazandığı isə dövriyyəsinin artması olur, yəni sərəncamında daha çox pul olur: “Köçürülən pensiyanı hamı dərhal çıxarmır ki… Yaxud da ki elə maaşın özünü. Həmin gün çıxarmayanlar çox olur. Bu da bankın balansında pulun çox olmasına şərait yaradır”.
Hüquqşünas bildirir ki, vətəndaşlar əməkhaqqı və pensiyasını almaqda da istədikləri bankı seçə bilərlər. Bu zaman həmin şəxsin işəgötürən və yaxud dövlətə: “Vəsaiti mənim bu hesabıma köçür”, – deməsi kifayətdir: “Sadəcə bu zaman köçürmə haqqı vətəndaşın öz pulundn çıxılır. Odur ki, heç kim buna meyl etmir. Belə vəziyyətdə vətəndaş təbii pulunun istədiyi hesaba köçməsinə nail olur, amma itkisi də olur. Bank xərclərini özü ödəyir. Çünki dövlət və işəgötürən bir bankı seçəndə həcm çox olduğu üçün bank ona güzəşt edir. Köçürmələr zamanı faiz ya çox az olur, ya da ümumiyyətlə, olmur”.