“Xarici borc 13 mlrd, daxili borclanma isə 7.5 mlrd. manatdır”
2016-cı ilin sonunda Azərbaycanın rəsmi dövlət borcu Ümumi daxili məhsulda (ÜDM) 22.5 faiz təşkil edib”, – Beynəlxalq reytinq agentliyi “Fitch”-in hesabatında belə deyilir.
İqtisadçı Rövşən Ağayev bildirir ki, burada “Fitch” yalnız hökumətin xarici borclarını nəzərdə tutur. Lakin son dövrlər hökumətin daxili borcları da sürətlə artır. Hazırda məcmu dövlət borclarının ÜDM-də payı 35 faizə çatır:
“Xarici borclar 13 mlrd, daxili borclar 7.5 mlrd. manatdır. Hələ nəzərə alaq ki, dövlət sektorunun hökumət zəmanəti ilə almadığı borclar dövlət borcu statistikasına daxil edilmir”.
İqtisadçı deyir ki, BVF-nin kriteriyası baxımından gerçəkdən də dövlət borcunun hazırkı səviyyəsi riskli nöqtəyə çatmayıb. Amma borclanmanın sürəti həddən artıq yüksəkdir:
“Məsələn, son 2 ildə daxili borcun ÜDM-də payı 12 faizədək yüksəlib. Məlumat üçün deyim ki, BVF-nin meyarına görə, dövlət borcunun yolverilən maksimum (risksiz) həddi inkişaf etmiş ölkələr üçün ÜDM-nin 60 faizi, inkişaf etməkdə olan və aşağı gəlirli ölkələr üçün 40 faizi səviyyəsində tövsiyə olunur”.