Keçmiş nişanlısı Tural Mustafayevin tez-tez depressiyaya düşdüyünü deyir
“Ailəm və dostlarım da təsdiqləyə bilər ki, bu ilin oktyabrında Turalla nişanımız pozulub. Buna səbəb də onun psixoloji problemlərinin olmasıdır”. Bu sözləri Meydan TV-yə intihara cəhd etdiyi bildirilən jurnalist Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimli deyib.
Onun sözlərinə görə, nişanlısının tez-tez depressiyaya düşməsi, aqressivləşməsi ayrılmalarına gətirib çıxarıb: “Bir dəqiqənin içində halı dəyişirdi. Tanımaq olmurdu. Bu hallarına dözə bilməyib nişanı qaytardım. Hətta özü də Meydan Tv-yə açıqlamasında deyib, bir müddət əvvəl Maştağadakı 1 saylı ruhi dispanserdə müalicə almışdı. Mütəmadi olaraq antidepressiv dərmanlar atır”.
Tural Mustafayevin intihara cəhdinin səbəbləri araşdırılır. Araşdırmaçı jurnalist Xədicə İsmayıl CM-nin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə təqsirli bilinir. Dekabrın 5-də Səbail rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.