O, futbol təsərrüfatındakı sarsıdıcı məğlubiyyətin revanışını almaq üçün cüdonu seçib
Füzuli Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən çıxarılandan sonra Azərbaycan Cüdo Federasiyası tamamilə baxımsız qalmışdı. Ələkbərovun federasiyaya maliyyə yardımını kəsməsi idmançıların nəticələrinə də öz təsirini göstərdi. Birinci Avropa Oyunlarında çudoçular fiasko ilə üzləşdilər. Azərbaycan bu idman növündə medal qazana bilmədi. Bu biabırçılıqdan sonra hakimiyyət federasiyaya yeni prezident təyin etdi. Çünki qarşıdan Braziliyada keçiriləcək olimpiya oyunları gəlir. Bu oyunlara lisenziya qazanmaq və Rio-de-Janeyrodan medalla qayıtmaq prioritet vəzifələrdən biri hesab olunur.
Abdullayev de-yure prezidentidi, amma…
Cüdo Federasiyası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə tapşırıldı. Rövnəq Abdullayev həm də AFFA-nın prezidentidi. O, böyük bir təsərrüfata – futbol sahəsinə rəhbərlik edir. AFFA-nın sponsoru da məhz SOCAR-dı. Deməli, bundan sonra cüdo sahəsi də SOCAR-ın hesabına maliyyələşəcək. Bəs futbol kimi böyük təsərrüfata rəhbərlik edən Rövnəq Abdullayev Cüdo Federasiyasına da başçılıq etməyi niyə arzulasın? Bu suala “Bunu Rövnəq Abdullayev arzulamır, sadəcə, hakimiyyət onu buna məcbur edir” cavbını da vermək olar.
Ancaq məsələnin mahiyyətində başqa məqamlar da var. Rövnəq Abdullayev AFFA-nın prezidenti olsa da, onun futbol təsərrüfatına nəzarəti demək olar ki, yoxdur. Abdullayev de-yure AFFA prezidentidi, amma təşkilatı de-fakto AFFA-nın baş katibi Elxan Məmmədov idarə edir. Elxan Məmmədov isə həm SOCAR-da, həm də AFFA-da vitse-prezident vəzifəsini tutan Elşad Nəsirovun adamı kimi təqdim olunur. Elşad Nəsirovla Rövnəq Abdullayevin münasibətlərinin qaydasında olmadığı barədə Azərbaycan mətbuatında saysız-hesabsız məlumatlar dərc olunub.
“Neftçi”dəki məğlubiyyət cüdoya gəlişi şərtləndirdi
Rövnəq Abdullayev, ümumiyyətlə, Azərbaycanın yığma komandasına nəzarət imkanına sahib deyildi. Yığma komandaya baş məşqçilər məhz Elşad Nəsirovun diqtəsilə gətirilir. Yığmanın nəticələri isə həmişə bərbad olub. Ancaq bu nəticələrə görə tənqid olunan da elə Rövnəq Abdullayev olub. Abdullayev futbol təsərrüfatında təkcə “Neftçi”yə nəzarət imkanına sahib olub. Azərbaycanın ən köklü klubunun da sponsoru SOCAR-dı. Bu yaxınlara qədər “Neftçi”nin prezidenti də Rövnəq Abdullyevin adamı – Sadıq Sadıqov idi. Sadıq Sadıqovun vaxtında “Neftçi” bir sıra uğurlara imza atdı. Komanda 3 dəfə dalbadal Azərbaycan çempionu olmaqla yanaşı, futbol tariximzdə ilk dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq imkanı qazandı. Ancaq “Neftçi”nin idarəetmə sistemində yaranan çatlar Sadıq Sadıqovun komandadan göndərilməsilə nəticələndi. Daha doğrusu, “Neftçi”də qiyam gerçəkləşdirildi. Komanda Rövnəq Abdullayevin nəzarətindən çıxarıldı və baş katib Elxan Məmmədovun nəzarətinə keçdi. Dolayısı ilə bu nəzarət Elşad Nəsirovun əlindədir. Məhz bundan sonra məğlub olmuş Rövnəq Abdullayev cüdo sahəsinə üz tutdu.
Nəticələr olduqca, piar da aparılacaq
Cüdo Federasiyasına getməklə Abdullayev gələcəyə hesablanmış planın ilk addımını atıb. Rövnəq Abdullayev qısa zamanda islahatlar apararaq, cüdoda nəticə vermək niyyətindədi. Təbii ki, əsas məqsəd də, Braziliyada keçiriləcək olimpiya oyunlarıdı. Prezident postunda əyləşən kimi Abdullayevin ilk işi “Neftçi”dən qovulmuş adamını – Sadıq Sadıqovu yanına gətirmək oldu.
İndi Sadıq Sadıqov federasiyada vitse-prezident vəzifəsindədi. Bir sözlə, nəticələrə cavabdeh şəxsdi, baş idarəçidi. Sadıqov həm də “Neftçi” İdman Klubu İctimai Birliyinin sədridi. Bu birlik də SOCAR-dan maliyyələşir. Üstəlik, birliyin nəzdində xeyli cüdoçu da var. Böyük ehtimalla, bundan sonra Cüdo Federasiyası məhz bu birliyin idmançlarına xüsusi yatırım qoyacaq. Cüdoda nəticələr olduqca, Rövnəq Abdullayevlə bərabər, Sadıq Sadıqovun da piarı aparılacaq. Artıq bu piarın ilkin mərhələsinə start verilib. Mətbuatda “Neftçi” İdman Klubu İctimai Birliyinə məxsus idmançıların uğurları xüsusi olaraq qabardılır. Sözsüz ki, buna görə mətbuatın haqqı da verilir. Sadıq Sadıqovun mətbuatla əlaqələrini isə keçmiş AzTV-çi Elnur Əşrəfoğlu əlaqələndirir.
Məqsəd nədir? Rövnəq Abdullayev cüdo sahəsində nəticə göstərib, futbol təsərrüfatındakı məğlubiyyətin revanşını almaq niyyətindədir. Əslində, Abdullayev Elşad Nəsirovun planından xəbərdar olduğundan, Sadıqovu hələ bir neçə il əvvəl AFFA-da ikinci adam statusuna qaldırmaq istəyirdi. Ancaq həmin vaxt Azərbaycan kubokunun finalında keçirilən “Neftçi” – Xəzər Lənkəran” oyunundan sonra “Neftçi” rəhbərliyinin törətdiyi ağalsığmaz vəhşilik bunun qarşısını aldı. Digər cəbhə – Elşad Nəsirova məxsus qrup final qarşılaşmasında baş vermiş biabırçılığı hakimiyyətin yuxarı təbəqəsinə çatdıra bildi. Bununla da Sadıq Sadıqovun kitabı bağlandı. O vaxtdan sonra davam edən proses son nöqtəsinə “Neftçi”də Müşahidə Şurasının yaradılması ilə çatdı. Elşad Nəsirov “Neftçi”nin Müşahidə Şurasının sədri postuna uşaqlıq dostu, yazıçı Çingiz Abdullayevi gətirdi. Ancaq hər kəsə aydındı ki, Çingiz Abdullayevin bu posta gətirilməsi ictimai rəyi azdırmaq üçün atılıb. Yazıçı bu vəzifədə müvəqqətidi. Müəyyən müddətdən sonra o da göndəriləcək. “Neftçi”ni isə AFFA-nın baş katibi Elxan Məmmədov idarə edir.
“Çingiz müəllim, insallah, tatamidə görüşərik”
Amma deyəsən, Çingiz Abdullayev “Neftçi”də uzun müddət davam gətirə bilməyəcək. Hazırda “Neftçi” yaxşı günlərini yaşamır. Yazıçının mətbuatla da əlaqələri qaydasında deyil. Üstəlik, həm mətbuatda, həm də “Neftçi”nin azarkeşləri arasında yeni rəhbərliyə qarşı qara piar kampaniyası aparılır. Bu kampaniyanı isə Elnur Əşrəfoğlunun vasitəsilə Sadıq Sadıqov maliyyələşdirir. “Neftçi” mövsümün gedişində uğursuluğa düçar olacağı təqdirdə, qara piar kampaniyasının genişlənəcəyi dəqiqdi. İctimai qınaq dözülməz həddə çatanda Çingiz Abdullayev qurban veriləcək. Burda təəccüblü bir məqam yoxdur. Belə plan intriqa mübarizəsinin tərkib hissəsi sayılır.
Rövnəq Abdullayevin Cüdo Federasiyasına prezident getməsinin sadə səbəbi budur: O, futbol təsərrüfatındakı sarsıdıcı məğlubiyyətin revanışını almaq üçün cüdonu seçib. Abdullayev Çüdo Federasiyasına prezident təyin ediləndən bir neçə gün sonra “Neftçi”nin Müşahidə Şurasının iclasında Sadıq Sadıqov Çingiz Abdullayevə yarı zarafat, yarı gerçək belə deyib: “Çingiz müəllim, insallah, tatamidə görüşərik”.
Bu fikrin altında bir çox planların durduğu isə bəllidi. Tatamidəki yarış artıq başlayıb.