Rövnəq Abdullayevin növbəti vədi…

“Kapello, Mourinyo, Lippi də bu futbolçularla heç nə edə bilməz”

Source:
Rövnəq Abdullayev
Rövnəq Abdullayev

“Kapello, Mourinyo, Lippi də bu futbolçularla heç nə edə bilməz”

“Bütün səylərimiz Azərbaycan yığmasının 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə düşməsinə istiqamətlənəcək”. Bu fikirlər AFFA prezidenti Rövnəq Abdullayevə məxsusdu. Abdullayev belə vədi növbəti dəfə AFFA prezidenti seçildikdən sonra verib. Amma o, belə vədi əvvəllər də verib. Abdullayev 2008-ci ildə ilk dəfə AFFA prezidenti seçiləndə də vəd vermişdi, “əsas məqsədimiz 2016-cı ildə keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak etməkdi” – demişdi.

Uşaq futbolunu acınacaqlı durumdan çıxartmaq üçün heç bir addım atılmadı

AFFA rəhbərliyi tapşırığın nəyə görə yerinə yetirilmədiyi ilə bağlı hesabat vermədi. Yalnız müstəqil mütəxəssislər və mətbuat bu vədin yerinə yetirilməməsinin səbəblərini araşdırdı. Hələ 2008-ci ildə idman mətbuatının aparıcı simaları bu vədin yerinə yetirilməsinin mümkün olmayacağını bildirirdilər. Jurnalistlər idarəetmə sistemindəki problemləri qabardır, futbolun inkişafına kompleks yanaşmanın olmadığını deyirdilər. Xüsusən də uşaq futbolundakı problemlər daha çox qabardılırdı. Təəssüf ki, AFFA rəhbərliyi uşaq futbolundakı problemləri görməzliyə vururdu. Bölgələrdə uşaq futbolunu acınacaqlı durumdan çıxarmaq üçün heç bir addım atılmadı. AFFA rəhbərliyi Azərbaycanın heç bir rayonunda, kənd və qəsəbəsində futbol məktəbi yaratmadı. Amma əvəzində Berlində futbol məktəbi açdı. Almaniyada futbol məktəblərinin sayı-hesabı yoxdu. Orda futbolla məşğul olmaq istəyən hər bir uşaq üçün ideal şərait yaradılıb. Elə mətbuatı da bu sual düşündürürdü: AFFA futbol məktəbini böyük tələbatın olduğu Azərbaycanda yox, Almaniyada niyə açır? Berlindəki məktəb 6 il fəaliyyət göstərdi, Azərbaycana bir futbolçu da vermədən bağlandı. Bu illər ərzində o məktəbin fəaliyyətinə 2 milyon dollardan çox vəsait xərcləndi.

Bölgələrdə infrastruktur yaradılmadıqca…

2 milyon dollara Azərbaycanın bölgələrində xeyli kiçik futbol məktəbi açmaq mümkün idi. AFFA isə Azərbaycanın bölgələrində bircə futbol məktəbi də açmayıb. Bu, azmış kimi federasiya rəhbərliyi bölgələrdə çətinliklə də olsa, uşaqlara futbolun sirlərini öyrədən veteranlara kömək etmir. Vaxtilə Azərbaycan çempionatında bürünc medal qazanmış, ölkəmizi avrokuboklarda təmsil etmiş Masallının “Viləş” komandası indi fəaliyyət göstərmir. Amma “Viləş”in veteranları Masallıda uşaqlara futbolun sirlərini öyrədirlər. Ancaq maliyyə durumları çox ağır vəziyyətdədir. Veteranlar onlara heç olmasa idman inventarlarının verilməsilə bağlı AFFA rəhbərliyinə dəfələrlə müraciət ediblər. Amma bu müraciətlər cavabsız qalıb. Əvəzində AFFA rəhbərliyi hansısa Danimarka şirkətinə ildə 250 min dollar vəsait ödəyib ki, xarici ölkələrdə təşkil olunan düşərgələrdə əcnəbi uşaqlara futbolun sirləri öyrədilsin.

Mütəxəssislər hesab edirlər ki, futbolun inkişafı birbaşa uşaq futboluna olan münasibətdən asılıdı. Azərbaycanda uşaq futboluna belə münasibət davam etdikcə, bölgələrdə infrastruktur yaradılmadıqca, Azərbaycan yığmasının da böyük turnirlərin final mərhələsində iştirak etmək şansı olmayacaq. Rövnəq Abdullayev növbəti vədini yerinə yetirə biləcəkmi?

Elçin Cəlilov: “Burda idarәçilik ona asan görünsə də, əslində çox çәtin imiş”

“Futbolpress.az” saytının baş redaktoru Elçin Cəlilov bu məsələni belə şərh edir:

“Rövnəq Abdullayev 2008-ci ildə vəd verəndə AFFA-da təzə idi. Ancaq zaman göstәrdi ki, futbol çox spesifik sahәdir. Burda idarәçilik ona asan görünsə də, əslində çox çәtin imiş. Maddi imkan bol idi, beynәlxalq futbol qurumlarının rәhbәrlәri tez-tez Azәrbaycana dәvәt olunurdu. İlk seçki keçidi әsasәn belә işlərə sәrf olundu.

2012-ci ildә hesabat-seçki konfransı gәrgin keçdi. Jurnalistlәrdәn Rövnәq Abdullayevә sәrt suallar gәldi. Dövlәt proqramının icrasındakı çatışmazlıqlar qabarıq şəkildə ortaya qoyuldu.

Hәmin seçkidәn bir müddәt sonra Abdullayev bütün sәlahiyyәtlәrini AFFA-nın baş katibi Elxan Mәmmәdova verdiyini bildirdi. Yәni de-fakto AFFA prezidenti baş katib Elxan Mәmmәdovdu.

Zaman keçirdi. Nәticәlәr isә ürәkaçan deyildi.Mәsәlә budur ki, bunun üçün doğru istiqamәt tutulmamışdı. Mәnә görә, Abdullayevin Azәrbaycan futboluna rәhbәrlik elәdiyi bu 8 ildә әn böyük iki hadisә baş verib: Berti Foqtsun yığmaya baş mәşqçi tәyinatı vә onun 6 il yarımdan sonra vәzifәsindәn qovulması.

Vә zaman gәlib üçüncü seçki dönәminә çatdı. Martın 11-dә Rövnəq Abdullayev alternativsiz-filansız, yekdilliklә yenidən prezident seçildi. Digәr vәzifәlilәr dә yerindә qaldı.

Budәfәki Hesabat-Seçki Konfransı әvvәlkilәrdәn sönük keçdi. Daha doğrusu, sönük, amma daha dәbdәbәli.

Konfransda Abdullayev “alternativiniz niyə yoxdu” sualına “gәlsinlәr, namizәdliklərini versinlәr, heç kimin qarşısı alınmır. Kim özünü zibilә salar?!” – cavabını verdi.

Bununla da ikinci devalvasiya görmüş ölkәnin halsızlığı üzә çıxdı. Arqumentsizlikdir. Klubların dağılmaq tәhlükәsi artır. Pul yoxdur. Belə vəziyyətdə kim rәhbәrlik etmək istәyәr futbol təsərrüfatına? Qaldı ki onun 2020-ci il vədinə, Avro-2016 vədi xülya idi, ancaq qarşıdakı yarışa qatılmaq mümkündür. Әn azı, Azәrbaycan dörd oyuna ev sahibliyi etmәklә AÇ-nin dolayı iştirakçısına çevrilәcәk”.

Vüsal Mahmudov: “Bunun üçün potensial yoxdur”

“Futbolinfo.az” saytının baş redaktoru Vüsal Mahmudov isə deyir ki, vəd vermək ən asan işdi. O, yığmanın Avro-2020-nin final mərhələsinə adlaya bilməyəcəyinə əmin olduğunu da deyir:

“Ortada seçki varsa, vəd vermək hardasa məcburiyyətə çevrilir. Vəd verib əməl etmək növbəti dəfə vəd verəndə sənə inananların sayını artırır. Amma Rövnəq Abdullayev vəd verib yerinə yetirə bilməsə də, növbəti dəfə eyni addımı atdı və yenə AFFA prezidenti seçildi. Deməli, burada vəd vermək ənənə, ümumi prosedurdu və hansısa seçkinin nəticəsinə təsir etmir.

Bundan başqa, Abdullayev Avropa çempionatının final mərhələsində iştirak edəcəyimizi yox, ora yüksəlməyin əsas vəzifə olduğunu demişdi. Belə baxanda, buna cəhd edildi, alınmadı və indidən əminəm ki, heç növbəti dəfə də bu, mümkün olmayacaq. Çünki bunun üçün potensial yoxdur. Amma o potensialı yaratmaq üçün iş görülürmü? Yox. Uşaq futboluna qayğıdan danışılır, insafən bunun üçün lazımi maliyyə də ayrılır. Amma buna məsul şəxslər yerli kadrlar hazırlamaq əvəzinə, kimlərisə milliləşdirir, gənc nəslin ildən-ilə inkişafı, bir yaşdan digərinə uğurlu keçidi üçün iş görə bilmir. Bunun nəticəsidi ki, milli komandanın nəticələri dəyişmir. AFFA prezidenti işin icrasına nəzarət, xərclənən pulun hesabatını istəmək baxımından zəiflik göstərir. Bu isə xərclənən pulların, görülən işin effektini heçə endirir. 10 ildə futbolda hər şey dəyişib – infrastruktur inkişaf edib, maliyyə yatırımı çoxalıb, əvəzində nəticələrdə ciddi irəliləyiş yoxdur. Deməli, düzgün idarəetmə yoxdur. Bu isə daha çox ikinci dərəcəli kadrların günahıdır. Abdullayev 10 ildi eyni adamlarla davam edirsə, deməli, əsas çatışmazlıq məhz buradadır.

Final mərhələsinə yüksəlmək çətin deyil. Xüsusilə indi – iştirakçı sayının artdığı bir vaxtda gözəl şans var. Sadəcə, bunun üçün iş görmək, münbit şərait yaratmaq lazımdır. Belə vəzifəni yerinə yetirmək üçün mütləq Foqtsa, Prosineçkiyə güvənmək şərt deyil. Kapello, Mourinyo, Lippi də bu futbolçularla heç nə edə bilməz. Biz adlı-sanlı yox, işləyən, uğura ac olan məşqçilər lazımdır. Eyni zamanda futbolçu “material”ının da ciddi şəkildə yaxşılaşdırılması vacibdir. Kompleks işlə, bacarıqlı kadrlarla bu, həll ediləsi problemdir. Düzgünlük, fədakarlıq, peşəkarlıq – bunları əsas meyar kimi götürüb ümumi hədəfə çatmaq olar”.

Ana səhifəXəbərlərRövnəq Abdullayevin növbəti vədi…