Rövnəq Abdullayev prezidentə qarşı

“Qarabağ”ın stadionu niyə yarımçıq qalıb?

Source:

Sentyabrın 27-də “Qarabağ”ın Suraxanı rayonunda tikilən stadionunda ilk oyun keçirildi. Stadionun açılış oyununda “Qarabağ” “Neftçi”ni qəbul etdi. Bu qarşılaşmanın nəticəsi (1:1) futbolçuların meydanda göstərdiyi oyunla uyğunluq təşkil edirdi. Uyğunsuzluq yeni stadionun görkəmilə bağlı idi. Arenanın üç tərəfi tribunalarla bağlansa da, bir tərəf açıq qalmışdı. Bu da stadionun görünüşündə natamamlıq yaradırdı. Əslində, stadion dörd tribunadan ibarət olmalıymış. Sən demə, prezident İlham Əliyevin “Qarabağ”a bağışladığı torpaq verilmədiyindən, stadion yarımçıq tikilib.

Ötən il dekabrın 17-də prezident İlham Əliyev Avropa Liqasının qrup mərhələsində çıxışını başa vuran “Qarabağ”ı qəbul etdi. Məhz həmin görüşdə prezident “Qarabağ” üçün torpaq ayrılmasına göstəriş verdi. “Qarabağ”ın direktoru Əmrah Çəlikəl mətbuata verdiyi açıqlamada bildirmişdi ki, prezidentin ayırdığı torpaq sahəsində köməkçi meydança və uşaqlar üçün futbol akademiyası tikiləcək.

Ayrılan torpaq isə “Neftçi” İdman Klubu İctimai Birliyinin yerləşdiyi əraziyə daxildir. Həmin ərazi isə Dövlət Neft Şirkətinin balansındadır. “Neftçi” İdman Klubu İctimai Birliyinin də sponsoru SOCAR-dı. İctimai birliyin sədri isə SOCAR-ın və AFFA-nın prezidenti Rövnəq Abdullayevin yaxın adamı Sadıq Sadıqovdu. Prezidentin göstərişindən bir müddət sonra “Neftçi” İdman Klubu İctimai Birliyinin nəzdində olan idmançı və məşqçilər imzatoplama kampaniyasına başladıldı. Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov “Futbol+” qəzetinə verdiyi açıqlamasında imzatoplama kampaniyası apardıqlarını təsdiqlədi. Yaşar Məmmədov açıqlamasında torpağı “Qarabağ”a verməyəcəklərini bildirmişdi. Məsələ ilə bağlı ajiotajın yarandığını görən “Neftçi” İdman Klubu İctimai Birliyi bəyanat yayaraq, Məmmədovun dediklərini təkzib etdi, belə kampaniyanın aparılmadığını bildirdi.

Beləcə, ajiotaj səngidi. Ancaq prezidentin ayırdığı torpaq da “Qarabağ”a verilmədi. Kimlərsə prezidentin göstərişini saya salmadı. Avqust ayında “Qarabağ”ın direktoru Əmrah Çəlikəl “Qafqazinfo.az”a verdiyi açıqlamada prezidentin verdiyi torpağı ala bilmədiklərini etiraf etmişdi: “Düzdür, cənab prezident keçən il komandamızla görüşdə Suraxanı qəsəbə stadionunun ərazisinin “Qarabağ”a verilməsi haqda tapşırıq vermişdi. Amma ərazi hələ də klubumuzun balansına keçirilməyib. Bilirəm ki, hamı deyəcək ki, “Qarabağ” orda baza yaradıb. Amma ora icarə əsasında bizə məxsusdur. Yəni icarəyə götürdük və komandamız üçün şərait yaratdıq. Əsas komanda üçün hər şərait yaradılıb və işlər başa çatmaq üzrədir. Lakin biz ölkə rəhbərinə müraciətimizdə orda uşaq akademiyası yaratmaq istədiyimizi bildirmişdik. Ərazi isə hələ də bizim balansımıza verilməyib. Ona görə də biz aşağı yaş qruplarından ibarət komandalarımız üçün Tofiq Bəhramov adına Respublika Stadionunda şərait yaratmışıq. Onlar məhz orada məşq edirlər. İnanıram ki, yaxın günlərdə ərazinin bizə verilməsi məsələsi yekunlaşacaq və biz də akademiya inşa edəcəyik”.

“Qarabağ” rəhbərliyi bir neçə dəfə bununla bağlı Prezident Administrasiyasına şikayət etsə də, onların şikayətləri eşidilmədi. Nəticədə rəhbərlik məcburiyyətdən stadionun bir tərəfində tribuna tikilməsindən imtina etməli olub. Tribunanın yerində isə ehtiyat meydança salınıb.

Futbol kluarlarında gəzən söz-söhbətdə bildirlir ki, ərazini “Qarabağ”a verməmək göstərişini SOCAR-ın prezidenti Rövnəq Abdullayev verib. Abdullayev torpağın ondan alınaraq, Abdulbari Gözəlin sahibi olduğu kluba verilməsini özü üçün təhqir sayıb. Söz-söhbətdə bildirilir ki, Abdullayev bunu qeyrət, namus məsələsi kimi dəyərləndirərək, vəzifədən getmək bahasına olsa belə, torpağı heç bir vəchlə “Qarabağ”a verməyəcəyini bildirib. Və verməyib də. “Qarabağ”ın stadionu da məhz bu səbəbdən yarımçıq təhvil verilib.

Ana səhifəXəbərlərRövnəq Abdullayev prezidentə qarşı