Rövnəq Abdullayev AFFA-dan gedə bilər

Elxan Məmmədovun jurnalistlərlə görüşü müxtəlif fikirlər yaradıb

Source:
Rövnəq Abdullayev
Rövnəq Abdullayev
Rövnəq Abdullayev
Rövnəq Abdullayev


Elxan Məmmədovun jurnalistlərlə görüşü müxtəlif fikirlər yaradıb

Martda AFFA-da növbəti prezident seçkiləri keçiriləcək. AFFA-nın adının açıqlanmasını istəməyən məsul şəxslərindən birinin Meydan TV-yə verdiyi məlumata görə, bu seçkilərdə qurumun prezidenti postunda dəyişiklik ola bilər. Rövnəq Abdullayevin AFFA prezidenti postundan gedəcəyi gözlənilir. R.Abdullayev 2008-ci ildən qurumun prezidentidir.

Mənbə deyir ki, Rövnəq Abdullayev daha futbol sahəsinə rəhbərlik etmək niyyətində deyil. Bir müddət əvvəl Cüdo Federasiyasının prezidenti seçilən R.Abdullayev futbol sahəsindən tamamilə uzaqlaşacaq.

Məlumatda o da bildirilir ki, Abdullayev AFFA daxilində gedən intriqalarda məğlub olduğu üçün bu sahədən uzaqlaşmaq barədə qərar qəbul edib. Deyilənə görə, o, qurumun vitse-prezidenti Elşad Nəsirovla qrupdaxili mübarizədə məğlub olub. Milli komandalara nəzarət imkanı olmayan Abdullayev, SOCAR-ın sponsorluq etdiyi “Neftçi”nin də təsir dairəsindən çıxmasına mane ola bilməyib. Belə ki, ötən ilə qədər “Neftçi”yə Rövnəq Abdullayevin yaxın adamı Sadıq Sadıqov rəhbərlik edirdi. Ancaq komandada aparılan struktur dəyişikliklərindən sonra Sadıq Sadıqov “Neftçi”dən uzaqlaşdırıldı. Komandada Müşahidə Şurası yaradıldı. Şuranın sədri isə Elşad Nəsirovun uşaqlıq dostu, tanınmış yazışı Çingiz Abdullayev oldu. Çingiz Abdullayev Müşahidə Şurasına rəhbərlik etsə də, komandanı de-fakto Elnur Məmmədov idarə edir. Elnur Məmmədov isə AFFA-nın baş katibi Elxan Məmmədovun “adamı” kimi tanınır. Elxan Məmmədov da Elşad Nəsirovun qruplaşmasının əsas fiquru hesab olunur.

Mənbə iddia edir ki, AFFA-nın yeni prezidneti məhz Elxan Məmmədov olacaq. Bunun üçün yuxarı dairələrdən ilkin razılıq da alınıb. Elxan Məmmədov prezident postuna hazırlıq üçün ilkin tədbirləri həyata keçirməyə də başlayıb.

Hətta baş katib bir neçə gün öncə idman mətbuatının nümayəndələrilə də görüşüb. Görüşdə elektron idman mətbuatına yardım edilməsi üçün müzakirələr aparılıb. Elxan Məmmədov bildirib ki, AFFA elektron kütləvi informasiya vasitələri haqqında qanun hazırlayıb və bunu Milli Məclisə təqdim edəcək. Ümumiyyətlə, belə bir qanun layihəsinin AFFA funksionerlərinin hazırlaması da çox təəccüblüdür.

AFFA büdcəsində milyonların dövr etdiyi bir vaxtda belə idman mətbuatına qayğı göstərməyib. Ancaq qurumun kasıbladığı bir zamanda bu həvəsə düşməsi təbii ki, təəccüb doğurmalıydı. AFFA-dakı mənbəmiz bildirir ki, Elxan Məmmədov jurnalistlərlə görüşdə idman mətbuatına bu mesajı verib: Rövnəq Abdullayev sizin problemlərinizlə maraqlanmadı. Mən AFFA prezidenti olsam, bu problemləri həll edəcəm.

Elxan Məmmədov və Rövnəq Abdullayev
Elxan Məmmədov və Rövnəq Abdullayev

Mənbənin iddiasına görə, baş katib martda keçiriləcək seçkilərdə öz namizədliyinə mətbuatın loyallığını təmin etmək üçün onları bu görüşlə şirnikləndirib. Əldə etdiyimiz məlumatda o da bildirilir ki, Elxan Məmmədov prezident seçilsə, AFFA-da struktur dəyişkiliyi də olacaq. İcariyyə Komitəsi yenidən formalaşdırılacaq, Peşəkar Futbol Liqası (PFL) ləğv ediləcək. Qeyd edək ki, çempionatın keçirilməsini təşkil edən Peşəkar Futbol Liqasın prezidenti Ramin Musayev də Rövnəq Abdullayevin yaxın adamıdı.

Məsələ ilə bağlı AFFA rəhbərliyinin də mövqeyini öyrəndik. Qurumun ictimaiyyət və mətbuatla əlaqələr şöbəsinin rəhbəri Mikayıl Nərimanoğlu bunları dedi:

“Əsasnaməyə görə, konfrans ilin ilk 3 ayı ərzində keçirilməlidi. Konfransın dəqiq vaxtı bir ay öncədən bəlli olacaq. Namizədlərin tam siyahısı isə konfransdan 15 gün öncə bilinəcək. Hələ ki, heç bir namizəd bəlli deyil”.

Ana səhifəXəbərlərRövnəq Abdullayev AFFA-dan gedə bilər