Roman Çaykovski: Zelenskinin proqramı yoxdur

O, Ukrayna dilini yetərincə yaxşı bilmir

Source: Foto: Turan

Ukraynada prezident seçkilərində Zelenskinin qələbəsinin səbəbi odur ki, seçicilər Poroşenkonun əleyhinə səs veriblər, Zelenskinin yox. Bu fikri ukraynalı beynəlxalq jurnalist Roman Çaykovski Ukraynada prezident seçkilərinin yekunlarını Turan-a şərh edərkən söyləyib.

Onun sözlərinə görə, birinci turda başqa namizədlərin lehinə səs verənlərin 30%-i ikinci turda öz səsini Zelenskiyə verib.

"Seçicilər Poroşenkonu niyə sevmirdilər?" sualının cavabında ekspert deyib ki, prezidenti korrupsiyada, ölkədəki yoxsulluq fonunda onun varlanmasında, qohumbazlıqda ittiham edirdilər.

Bundan əlavə, seçkiqabağı kampaniya dövründə Poroşenkonun komandası bəzi ideoloji protokollara yol verib.

"Əslində Poroşenkonun hər hansı ciddi günahı yoxdur, çünki bu cür problemlər bütün postsovet məkanında var və çətin ki hansısa hakimiyyət bunsuz ötüşə bilsin", – ekspert belə hesab edir.

Poroşenkonun əleyhdarları ordu üçün satınalmalar, Qərbdə yanacaq satınalmaları zamanı pozuntu və korrupsiya ilə bağlı mətbuatda qalmaqal yaratdılar.

Poroşenkonu Rusiyapərəst qüvvələrlə (Medvedçuk) qeyri-rəsmi əlaqələrdə ittiham etdilər. Məsələn, Poroşenkonun "112-ci" və "News One" telekanallarında görünməsi belə qiymətləndirildi. Həmin resurslar Putinun yaxın adamı Medvedçuka məxsusdur. Ukraynada Rusiyanın maraqlarını ifadə edən həmin kanalların bağlanmasını çoxdan tələb edirlər. Odur ki, ölkə prezidentinin orada olması seçicilər tərəfindən mənfi qarşılanıb.

Zelenskinin daxili və xarici proqramı barədə sualın cavabında ekspert deyib ki, hələlik bu, məlum deyil, çünki yeni seçilmiş dövlət başçısı bu mövzuda danışmır.

"O, Ukrayna dilini yetərincə yaxşı bilmir. Öz fikirlərini qarışıq ifadə edir, siyasi təcrübəsi və hər hansı dövlət qurumunda işi yoxdur. Özünün uğurlu şou-biznes şirkəti var. Ancaq ölkəni uğurla idarə etmək üçün bu kifayət edərmi?", – Çaykovski deyib.

Bundan əlavə, Zelenskinin arxasında hansısa real siyasi qüvvə durmur. Guya "Xalqın xidmətçisi" adlı partiya yaradıb, ancaq bu, sırf virtual strukturdur. Hazırda o, öz komandasına bəzi keçmiş xadimləri cəlb edir, məsələn, Maliyyə Nazirliyinin rəhbəri Danelyuk və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyin keçmiş rəhbəri Rıboşapkı. Ancaq həmin xadimlərin reputasiyası o qədər də yaxşı deyil.

"Zelenskinin xarici siyasəti necə olacaq?" Bu sualın cavabında ekspert deyib ki, yeni seçilmiş prezident bir dəfə olsun normal mətbuat konfransı keçirməyib ki, orada ona birbaşa suallar vermək mümkün olsun. Ukraynanın NATO-ya, Avropa İttifaqına üzvlüyü, Rusiya ilə əlaqələri kimi məsələlərlə bağlı bir dəfə də olsun fikir söyləməyib. Poroşenko ilə debatlar zamanı həmin suallara birbaşa cavablardan yayınıb.

Söylədiyi yeganə şey o olub ki, NATO məsələsilə bağlı referendum keçirmək lazımdır, lakin Ukraynada konstitusion qanun var, NATO və Avropa İttifaqı ilə bağlı məsələ orada əksini tapır.

"Bu, populist liderdir, hakimiyyətə etiraz dalğasında hgəlib. Bundan əlavə, keçmiş KVN-çi və şoumen kimi hamını razı salan cəlbedici xadim obrazını yaradıb.

Bu, paradoksdur, ancaq məhz populizmin sayəsində, dəqiq vədlər vermədən, öz xarizması sayəsində seçicilərin rəğbətini qazana bilib", – Çaykovski qeyd edib.

Onun fikrincə, Poroşenko cəmiyyət tərəfindən lazımınca qiymətləndirilmədi, baxmayaraq ki, Donbasda müharibənin ən qaynar fazası, Rusiya və Qərb ilə danışıqlar, ağır iqtisadi problemlər onun prezidentliyi dövrünə düşdü.

Qeyd edək ki, bu ilin sonunadək Zelenski indiki hökumətlə işləyəcək, belə ki, yeni hökumət oktyabrda keçiriləcək parlament seçkilərindən sonra formalaşdırıla bilər.

Ukrayna ictimaiyyətinin Zelenskiyə stavka etməsinin səbəblərinə gəlincə, ekspert hesab edir ki, bu, seçicilərin vətəndaş cəmiyyətindən şişirdilmiş gözləntiləri ilə bağldıır. Belə ki, uzun müddət həmin ovqatın lideri tanınmış musiqiçi Vakarçuk idi. O, böyük nüfuza malik idi və gələcək prezident kimi məhz onu görürdülər. Lakin müəyyən məqamda o, siyasi arenadan çəkildi və onun yerini Zelenski tutdu, Roman Çaykovski bildirib.


Aprelin 21-də

Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyası bazar ertəsi səhər səslərin 94,46 faizinin sayıldığı haqda məlumat yayıb.

Ana səhifəDünyaRoman Çaykovski: Zelenskinin proqramı yoxdur