O, Müqəddəs Məryəm Major Bazilikasında torpağa tapşırılacaq
Roma Papası Fransisk 88 yaşında vəfat edib.
Bu barədə Vatikan məlumat yayıb.
Məlumatda deyilir ki, Papa Fransisk bu gün Vatikanın Casa Santa Martadakı iqamətgahında 88 yaşında vəfat edib.
Kardinal Farrell vəfatını kədərlə elan edərək bu sözlərlə ifadə edib:
“Əziz qardaş və bacılar, dərin kədər hissi ilə Müqəddəs Atamız Fransiskin vəfatını elan etməliyəm. Bu səhər (yerli vaxtla) 7:35-də Roma yepiskopu Fransisk Atanın evinə qayıtdı. Onun bütün həyatı Rəbbə və Onun Kilsəsinə xidmətə həsr olunmuşdu”.
Kardinal Xorxe Mario Berqoglio 2013-cü ilin martında Papa XVI Benediktin istefasından sonra Katolik Kilsəsinə rəhbərlik edirdi.
O, Amerika və ya cənub yarımkürəsindən olan ilk Papa idi. Argentinalı kardinal Berqoglio olaraq, 2013-cü ildə Papa olanda artıq yetmişi ötmüşdü.
O, Romadakı dörd əsas papa bazilikasından biri olan Müqəddəs Məryəm Major Bazilikasında torpağa tapşırılacaq.