“Azərbaycan bu məsələdə təkbaşına qərar verə bilməz”
Böyük Britaniyanın (MI6) kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur sentyabrın 14-də Bakıya gəlib.
O, ADA Universitetində də mühazirə oxuyub.
Bu barədə “Turan” universitetin sosial şəbəkədəki hesabına istinadən məlumat yayıb.
Ancaq Azərbaycan hakimiyyəti və Böyük Britaniyanın Bakıdakı səfirliyi Riçard Murun səfəri barədə ətraflı məlumat açıqlamayıb.
Bildirilir ki, Riçard Murun səfərinin məqsədi, şübhəsiz ki, universitetdə mühazirə oxumaq olmayıb.
Agentlik güman edir ki, Riçard Mur beynəlxalq və regional məsələlərlə bağlı ölkənin rəhbərliyi ilə danışıqlar aparacaq:
“Kəşfiyyat rəhbərinin Qərbin nüfuzlu dairələrindən və hökumətindən müəyyən mesajlar verməsi də istisna deyil. Çox güman ki, söhbət Rusiya və İranla münasibətlərdən, Ukraynadakı müharibədən gedəcək”.
Murun Bakıya gözlənilməz səfəri onun Londonda Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə görüşündən bir həftə sonra baş verib.
Eyni zamanda, Mur və Börnsin imzası ilə “Financial Times” qəzetində çıxan beynəlxalq nizama təhlükə barədə məqalə dərc olunub.
Məqalədə vurğulanır ki, Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri belə deyirlər: “Dünya nizamı bəşəriyyətin “Soyuq müharibə”dən bəri görmədiyi təhlükə ilə üz üzədir”.
Hər iki kəşfiyyatçının sözlərinə görə, London və Vaşinqton Rusiyanın aqressiv hərəkətlərinə və Putinin Ukraynadakı işğalçı müharibəsinə müqavimət göstərmək üçün vahid cəbhə yaratmaq üçün fəal əməkdaşlıq edirlər.
Siyasi şərhçi Sülhəddin Əkbər Meydan TV-nin bu səfərlər bağlı sorğusunu cavabında bildirib ki, belə səfərlər təsadüfi olmur, kəşfiyyat rəhbərləri konkret hədəf və səbəblərlə gəlirlər:
“Həmçinin bu cür səfərlər ictimaiyyət üçün açıqlanmır. Ona görə məcbur olub ümumi vəziyyəti təhlil edib fikir yürüdə bilərik”.
O da Riçard Murun Uilyam Börnslə məlum məqaləsinə toxunaraq bildirib ki, Rusiya-Ukrayna savaşı Kursk əməliyyatı ilə keyfiyyətcə yeni mərhələyə adlayıb:
“Digər tərəfdən, İran-Rusiya münasibətləri aktiv inkişafdadır, Tehranın Moskvaya qısamənzilli ballistik raketlər verdiyi haqda məlumatlar yayıldı. Həmçinin sülh prosesi “Zəngəzur dəhlizi”nə görə dayandı. Mən bu dəhlizin güc nümayişi ilə açılması variantını düşünürəm, ola bilsin, Rusiya Azərbaycandan istifadə etməklə bu planı işə salsın. Güman ki, bu səfərlər Azərbaycana xəbərdarlıq məqsədi də daşıya bilər. Bundan öncə də ABŞ-nin Müdafiə Nazirliyinin region üzrə rəhbərinin Azərbaycana səfəri oldu, amma geniş şəkildə ictimailəşmədi. Beləliklə, söhbət hərbi xarakterli məsələlərdir və ümumi geopolitik, geostrateji müzakirələr aparılır. Nəticədə tərəflər öz tərəfdarlarını artırır və qruplaşma prosesi gedir. Bilirsiniz ki, Azərbaycan və Türkiyə BRICS-ə müraciət ediblər. Bu mənada Bakı strateji seçim istiqamətində addımlar atır”.
S.Əkbər ehtimal edir ki, Britaniyanın Azərbaycanla xüsusi münasibətləri olduğuna görə “MI6” kəşfiyyat xidmətinin rəhbəri həm də ABŞ-nin da adından Bakıya gəlib:
“Bir növ saatların əqrəbləri tutuşdurulur, Azərbaycana, xüsusən Putinin Bakı səfərindən sonra “Zəngəzur dəhlizi”nin açılması perspektivi ilə bağlı müəyyən xəbərdarlıqlar olunur. Əvvəlcə ABŞ, indi də Böyük Britaniya xüsusi xidmət orqanları, hər iki ölkənin kəşfiyyat orqanlarının birgə hərəkət etməsi də sirr deyil. “Financial Times” qəzetində bir məqalə yazmaqla Rusiyaya qarşı birgə mübarizə aparacaqlarının anonsunu verdilər”.
“Azərbaycanın Prezidentinin aylar əvvəl Qərbi Zəngəzura maşınla gedəcəyi haqda açıqlaması fonunda dəhlizin güc yoluyla açılması fikrinizlə təzad təşkil etmirmi?” sualına Sülhəddin Əkbər belə cavab verib:
“Bilirsiniz ki, qarşılıqlı razılaşma əsasında sülh müqaviləsinin mətnindən “Zəngəzur dəhlizi” məsələsinin çıxarılması Moskva və Ankaranı ciddi narahat edib. Amma Bakının bu məsələdə onlarla razılaşıb-razılaşmamasını bilmirəm. Ona görə də müxtəlif kanallarla Bakıya xəbərdarlıq edildi ki, bu məsələdə bir hərəkət edirlər. Azərbaycan bu məsələdə təkbaşına qərar verə bilməz. Bu mənada Rusiya “Zəngəzur dəhlizi”ni yenidən aktuallaşdırdı. Məsələ ondadır ki, Azərbaycan BMT qətnamələrini əsas götürüb ərazilərini azad etdiyi kimi indi isə Bakı, Moskva və ola bilsin Ankara da 2020-ci ilin noyabr bəyanatının IX bəndinə əsaslanıb belə addım ata bilərlər. Yəni Ermənistan 4 ildir ki, bu bəndi yerinə yetirmir, sənədə imza atan digər iki ölkə məcbur qalıb belə addım atır və məqsəd işğalçılıq deyil”.
“Hazırda proses “Zəngəzur dəhlizi” və onun ətrafında gedir. Yalnız İran prinsipcə o yolun açılmasının əleyhinədir. ABŞ da maraqlı deyil, yalnız o halda razılıq verərlər ki, Rusiyanın sərhədçilərinin əvəzində Bakı və Yerevanın lisenziya verdiyi beynəlxalq şirkət bu funksiyanı yerinə yetirər. Məncə, yaradılacaq infrastrukturun təhlükəsizliyinə Ermənistan cavab verəcək, insanların, nəqliyyat vasitələrinin, yüklərin müşayiətinə başqa tərəf. Bütün hallarda çoxlu incə texniki məsələlər var. Amma Bakının bunu sülh müqaviləsindən çıxarması qəribə oldu, çünki sülh sazişi imzalandıqdan sonra o yolun açılması daha da çətin olacaq. Halbuki indi güclü olduğundan Bakı şərt qoya bilərdi ki, dəhlizin açılması öhdəliyi götürməyənə qədər imzalamayacaq. Sülh müqaviləsi imzalanandan sonra Ermənistan qeyri-müəyyən zamana qədər bunu uzadacaq. Hətta SSRİ vaxtı Ermənistan avtomobil yolunun açılmasına imkan vermədi. Ona görə Türkiyə-Naxçıvan körpüsü SSRİ-Türkiyə anlaşmasına əsaslanaraq tikildi”, – deyə o qeyd edib.