Riçard Kazlariç: Referendum Azərbaycanı daha da avtoritar ölkə edəcək


“Mənim üçün ağlasığmaz olan ABŞ ilə münasibətləri Azərbaycanda müxalifətə, daha sonra isə hansısa gülənçi qüvvələrə, referenduma mane olmağa, hakimiyyəti ələ keçirməyə bağlamaqdır”

ABŞ-ın Azərbaycanda sabiq səfiri Riçard Kazlariç Meydan TV-nin əməkdaşı Sevinc Osmanqızının suallarını cavablandırıb. Sabiq səfir 26 sentyabr referendumunun Azərbaycanı daha çox avtoritar ölkə edəcəyini deyib. O, Azərbaycanda günahsız adamları həbsə atan hakim və məmurlara qarşı sanksiya tətbiq etməyin vaxtı çatdığını bildirib.

– Hamının ümidlərinin əksinə olaraq, prezident İlham Əliyevin Vaşinqtona səfərindən sonra Azərbaycanda insan haqları ilə bağlı vəziyyət düzəlmədi. Daha çox adam həbs olunub, mətbuata təzyiq edilib. Bu ay keçirilən referendumun da nə olduğunu, əhəmiyyətini izah etmək üçün imkan, şərait verilmir. Biz hesab edirik ki, beynəlxalq ictimaiyyət bu barədə bilməlidir.

– Siz hesab edirsiz ki, ABŞ-ın Azərbaycan hakimiyyətinə qarşı sanksiya tətbiq etmək barədə düşünmək vaxtı yetişib?

– Bu, təzə bir şey deyil. Biz bu barədə bir müddətdir ki, düşünürük. “Sakit diplomatiya” lazım olan reaksiyanı vermir. Siyasi məhbuslar alver obyekti olurlar. Bu baxımdan müəyyən formada məhdud sanksiyalar – səyahət, viza üzərində sanksiya, maliyyə sanksiyaları, Azərbaycan vətəndaşlarını saxta ittihamlarla günahlandıranlar, həbsə atanlara qarşı tətbiq olunmalıdır. Bizim əsas ismarıcımız budur. Biz hesab edirik ki, vəziyyətin daha da pisləşməsi bu ehtiyacı daha da aktuallaşdırır. Konstitusiyaya dəyişikliklər qüvvəyə mindikdən sonra bu, bizim nəzərimizcə, Azərbaycanı daha da az demokratik və daha çox avtoritar ölkə edəcək. Məncə, vəziyyəti ağırlaşdıran odur ki, bəziləri guya Amerika Birləşmiş Ştatlarının müxalifətlə, gülənçilərlə və digər qüvvələrlə birgə işləyərək, rejimə qarşı çevriliş etməyə çalışmaqda ittiham edirlər. Bu, sadəcə olaraq, ağlasığmazdır.

– Siz dediz ki, müxalifət liderlərini gülənçilərə qatmaq cəhdləri ağlasığmazdır. Azərbaycanda gülənçilərə qarşı cinayət işi açılıb, yeni adlar hallandırılır. Telekanal qapadılıb, istintaq aparılır. Sizcə, bu səylər ABŞ paytaxtından necə görünür?

– Mən bir aydınlatma etmək istərdim. Mənim üçün ağlasığmaz olan ABŞ ilə münasibətləri Azərbaycanda müxalifətə, daha sonra isə hansısa gülənçi qüvvələrə, referenduma mane olmağa, hakimiyyəti ələ keçirməyə bağlamaqdır. Hakimiyyətin tabeliyində olan mətbuat bunu məhz bu cür qələmə verir. Türkiyədə də bu cür ittihamlar səsləndirənlər var. Bu, başqa bir söhbətin mövzusudur. Mən ABŞ-ın Azərbaycanda səfiri olanda Gülənin təhsil ocaqları sərbəst fəaliyyət göstərirdi. Hakimiyyət də, insanlar da buna çox müsbət yanaşırdılar. Başa düşürəm ki, vəziyyət indi dəyişib. Lakin dediyim kimi, ABŞ-ı Azərbaycanda aparılan istintaqa hansısa bir şəkildə qatmaq sadəcə olaraq, cəfəngiyyatdır. Bağışlayın ki, bu sözü yenidən təkrar edirəm. Buna heç kəsi inandırmaq mümkün deyil.

Ana səhifəVideoRiçard Kazlariç: Referendum Azərbaycanı daha da avtoritar ölkə edəcək