Riçard Hoqland: ”Moskva Azərbaycan və Ermənistan arasında müharibə istəmir”

”İndi münaqişəyə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının və problemin birdəfəlik həll edilməsinin vaxtıdır”

Source:


”İndi münaqişəyə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının və problemin birdəfəlik həll edilməsinin vaxtıdır”

“Moskva Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında müharibə istəmir”.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland indi münaqişəyə dair yüksək səviyyədə ciddi danışıqların başlanmasının və problemin birdəfəlik həll edilməsinin vaxtı olduğunu düşünür.

Diplomat “Amerikanın səsi”nə müsahibəsində münaqişəyə dair yüksək səviyyədə, ciddi danışıqların başlanmasının və problemin birdəfəlik həll edilməsinin zamanı olduğunu söyləyib:

“Aprelin 28-dəki Moskva görüşünü müsbət qiymətləndirirəm. Hər iki ölkənin xarici işlər nazirləri problemin hərbi yox, siyasi yolla həll olunmasının tərəfdarıdır”.

Tərəflərin 2016-cı ilin aprel döyüşlərindən sonra danışıqları durdurması və yenidən təmasların başlanması barədə suala Hoqland cavab verib ki, hazırda həmsədr ölkələrin nazirləri növbəti addım barədə danışıqlar aparır:

“Biz danışıqları yüksək səviyyəyə qaldırmağa çalışacağıq. Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində əməkdaşlığı davam etdirəcək”.

Həmsədr bildirib ki, Moskva və Vaşinqton arasında münasibətlərin necə olmasından asılı olmayaraq, hər iki dövlət münaqişənin həlli üçün birlikdə çalışacaq:

“Hər iki ölkənin həmsədrləri arasında illərlə qurulan sıx əlaqə mənə bunu deməyə imkan verir. Rusiya ilə ABŞ arasında münasibətlərin hazırkı vəziyyətindən asılı olmayaraq, inanıram ki, Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində əməkdaşlığı davam etdirəcək. Həmsədr ölkələr arasında illərlə qurulan sıx əlaqələr mənə bunu deməyə əsas verir. Moskva ilə Vaşinqton arasında münasibətlər bu problemin həllinə heç bir neqativ təsir göstərməyəcək. Moskva Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında müharibə istəmir. Bu, bütün regionda sabitliyi poza bilər və Rusiyanın maraqlarına ziddir”.

Səfir sonda deyib ki, həmsədr ölkələr atəşkəsə tam təminat verə bilməzlər, bu, ölkə liderləri tərəfindən edilməlidir. Onlar təşəbbüs göstərib daha yaxşı yaşamağın vaxtı olduğunu deməlidir. Həmsədrlər isə diqqətini hər iki tərəfin məmnun qalacağı təkliflərə cəmləşdirməlidir.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da deyir ki, münaqişə çoxdan həll olunmalıydı:

“Riçard Hoqland niyə indi həll olunmasının vacibliyini vurğulayır? Görünür, indi vəzifəyə təyin olunduğu üçün belə danışır. Bəlkə, bu fikirlərin səslənməsinin vaxtıdır, ona görə nəsə söyləməlidir?”.

Tofiq Zülfüqarov diplomatın “Moskva Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında müharibə istəmir”, – fikrinə hazırda danışıqlar masasında konkret plan olmadığını, sadəcə ideyaların mövcud olduğunu deyib. Amma, bu ideyalar yeni deyil:

“İdeyaların ətrafında fikir mübadiləsi gedir. Deyirlər ki, ideyaları Bakı və İrəvana çatdırıblar. İndi də buna aid hansısa münasibətlər olmalıdır. Doğrusu, son təmaslar danışıqlar deyil, ləng şəkildə aparılan fikir mübadiləsidir. Məncə, bu fikir mübadiləsinin nəticəsi qısa müddətdə özünü göstərməyəcək”.

Tofiq Zülfüqarov – Foto: Qafqazinfo

Sabiq nazir ABŞ-ın yeni administrasiyasının bölgəyə dair siyasətinin hələ formalaşmadığını söyləyir: “Bunu başqa şəxslər də deyir. Hələlik Trump administrasiyasının yeni siyasəti görünmür. Amma yeni administrasiyanın Azərbaycana öz marağını göstərəcəyini istisna etmirəm. Çünki Azərbaycan ABŞ üçün çox maraqlı ölkədir. İran-İsrail münasibətləri də Vaşinqtonun gündəmində olan vacib məsələlərdəndir. Bu baxımdan ilin sonuna yaxın Trumpın bölgəyə dair siyasətində irəliləyiş görünəcək. Daha konkret konturlar özünü ifadə edəcək”.

Ana səhifəXəbərlərRiçard Hoqland: ”Moskva Azərbaycan və Ermənistan arasında müharibə istəmir”