İranda ölkə miqyasında baş verən etirazlar zamanı azı 5 min nəfər həlak olub.
Bu barədə “Reuters” agentliyi İranın rəsmi nümayəndələrindən birinə istinadən məlumat yayıb.
Adının açıqlanmasını istəməyən rəsmi mənbənin sözlərinə görə, ölənlər arasında təxminən 500 nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşıdır. O iddia edib ki, həlak olanlar “terrorçular və silahlı iğtişaşçılar” tərəfindən qətlə yetirilmiş “günahsız iranlılar”dır.
Mənbə bildirib ki, ən ağır toqquşmalar və ən çox ölüm halları İranın şimal-qərbində yerləşən kürd bölgələrində qeydə alınıb. Onun sözlərinə görə, bu ərazilərdə kürd separatçı qruplarının fəallığı müşahidə olunur və əvvəlki etiraz dalğalarında da zorakılıq əsasən həmin bölgələrdə baş verib.
Rəsmi şəxs əlavə edib ki, “son ümumi itki sayının kəskin şəkildə artacağı gözlənilmir”. O, həmçinin küçə etirazçılarına “İsrail və xaricdəki silahlı qruplar”ın dəstək verdiyini və onları silahlandırdığını iddia edib.
İran hakimiyyəti etirazları mütəmadi olaraq xarici qüvvələrin, o cümlədən İran İslam Respublikasının əsas rəqiblərindən biri hesab olunan İsrailin təxribatı ilə əlaqələndirir. Xatırladaq ki, İsrail iyun ayında İrana qarşı hərbi zərbələr endirib.
Bununla belə, ABŞ-da yerləşən HRANA hüquq-müdafiə təşkilatı rəsmi rəqəmlərlə razılaşmır. Təşkilatın şənbə günü yaydığı məlumata görə, etirazlarla bağlı ölənlərin sayı 3 min 308 nəfərə çatıb, daha 4 min 382 ölüm faktı isə hələ araşdırılır. HRANA həmçinin 24 mindən çox şəxsin saxlanıldığını təsdiqlədiyini bildirib.