Rəsulzadəni necə və harada anaq?

Yaşar Türkazər üçün Azərbaycan elə Rəsulzadə deməkdir. Milli Azadlıq Hərəkatının 62 yaşlı bayraqdarı elə meydanlarda da gözlərini əldən verib, amma Rəsulzadənin mirası bildiyi bayrağı ondan ala bilməyiblər.

Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, məzarı Ankarada olan Məhəmməd Əmin Rəsulzadənin doğum günü anılır. Bir əsr öncə Rəsulzadənin başçılığı ilə şərqin ilk demokratik respublikası məhz Azərbaycanda qurulub. Okeanın o tayından – hətta Amerika Birləşmiş Ştatlarından öncə qadınlara seçki hüququ tanıyan Cümhuriyyətlə şərəfli tarix yazılmağa başlayır.

Rəsulzadə təkcə ictimai-siyasi xadim, milli ideoloq kimi deyil, Azərbaycan istiqlalına həsr etdiyi əsərləri, gənclərə ismarıcları ilə də tanınır.

Bu günün Azərbaycanında Rəsulzadə necə anılır?

“Rəsulzadəni, 28 may – Respublika Gününü anmaq üçün bir abidə, bir xatirə kompleksi yoxdur”. – tarixçi Yadigar Sadıqov belə deyir.

Tarixçiyə görə, bu gün Rəsulzadənin adını unutdurmağa çalışırlar. Elə Cümhuriyyət dövründə yaradılan, bir zamanlar Rəsulzadənin adını daşıyan Bakı Dövlət Universitetindən 19 il əvvəl büstü götürülüb. İllərdir universitetin önündə büstün qoyulacağı yazılan bildiriş lövhəsi var.

2013-cü ildə metronun “28 may” stansiyasında aparılan təmir işlərindən sonra Rəsulzadənin əks olunduğu panno ləğv edilib.

Gəncədəki abidəsinin üstünə bir neçə dəfə torba keçirilib. Adı sadəcə küçələrdə, qəsəbələrdə qalıb. İndi doğulduğu ölkədə Novxanı kəndindəki heykəldən başqa onu andıran heç nə yoxdur.

“Rəsulzadəni dəyərsizləşdirməyə çalışmaq cəhdləri onun dəyərindən heç nə azaltmaz”. Publisist Elnur Astanbəyli belə deyir. Onun sözlərinə görə, Rəsulzadəni yaşatmaq onun dəyərlərinə sahib çıxmaqdır.

Bakı sakinləri Rəsulzadəni qəlblərində yaşatdıqlarını söyləyirlər.

Bu il həm də onun cümhuriyyəti elan etməsindən 100 il ötür. Ölkə başçısı İlham Əliyev 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” olması haqda sərəncam imzalayıb. İlk dəfə bayrağı qaldıranlardan biri olan Yaşar Türkazər isə düşünür ki, Rəsulzadə Əliyevlər rejimi hakimiyyətdən gedəndən, Azərbaycan demokratikləşəndən sonra öz həqiqi dəyərini tapacaq.

Ana səhifəVideoRəsulzadəni necə və harada anaq?