“Rəsulzadə 104 il öncə bu günü görüb”


Əvəz Zeynallı: “Azərbaycanda medianın dilindən anlayan, medianı başa düşən tək bir adam vəzifədə deyil”


Seymur Kazımov: “ Elə vəziyyət yaranıb k, jurnalist adından istər-istəməz xəcalət çəkirsən”


Gündəm 140 illiyini qeyd etdiyimiz Milli Mətbuatımızın mövcud durumudur. Hazırki vəziyyətdən danışarkən həbsdə olan 4 jurnalisti xatırlaya bilmirsən – Xədicə İsmayıl, Rauf Mirqədirov, Seymur Həzi və Pərviz Həşimli. O cümlədən, 2005-ci ildə qətlə yetirilən Elmar Hüseynovun qatilləri hələ də cəzalandırılmayıb. Həmsöhbətlərimiz 2011-ci ildə 9 il azadlıqdan məhrum edilən, ancaq bir neçə ay əfv olunan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və müstəqil jurnalist Seymur Kazımovdur.


– İlk sualımız ənənəvidir, Avropa Şurasının üzvü olan Azərbaycanın 140 yaşlı mətbuatının durumunu necə qiymətləndirirsiniz?

 Əvəz Zeynallı: Əvvəlcə ondan başlayım ki, bizim həbsdə daha çox jurnalistimiz var: Tofiq Yaqublu, Nicat Əliyev, Araz Quliyev, o cümlədən, blogerlər Əbdül bəy, Ömər bəy, onlar da yazı ilə bağlı həbs olunublar. Motivlərdən biri yazıdırsa, onları mətbuat adamı elan etməliyik. 22 iyul yalnız jurnalistlərin, vəsiqə daşıyanların günü olmamalıdır, düşünə və yaza bilən, Facebookda fəal olan da bu sıraya bdaxildir. Əbdül bəyi niyə tutublar, Facebook-da “Yaltaqlara dur” səhifəsi yaradıb. Bu baxımdan həbsdən olan bütün siyasi və vicdan məhbuslarını salamlayıram. 140 illiyə gələk, mən 15 ildir medianı izləyib belə qənaətə gəlmişəm ki, vəziyyət ildönümlərə bayram kimi yanaşmağa əsas vermir. Həbslər dayanmırsa, hökumətin mediaya maliyyə dəstəyi artdıqca, jurnalistlərin vəziyyəti pisləşirsə, azad və müstəqil medianın əhatə dairəsi daralırsa, mən 140 illiyi anım tədbirləri kimi qəbul edirəm. Mən də daxil olmaqla müstəqil media üçün 140 illik bayram tədbirləri yox, anım tədbirləri var. Bizim üçün mətbuatı öldürüblər, necə ki, Elmar Hüseynovu, Rafiq Tağını, Nəcəf Nəcəfovu ziyarət edirik, eləcə də 140 illiyi ziyarət edirik.


– Seymur bəy, əgər mümkünsə, sualımızı cavablandıranda qonşu respublikalarda merdianıpn durumunu da xatırılayın…

Seymur Kazımov: Qonşu ölkələrə gəldikdə, Rusiya ilə Azərbaycanı müqayisə etməzdim, çünki şimal qonşumuz nəhəng dövlətdir, orda medianın, saytların, jurnalistlərin sayı fərqlidir, nə qədər də həbslər çox olsa da. Gürcüstanda son hakimiyyət dəyişikliliyindən sonra siyasi fəalların həbs olunmasının şahidi olsaq da, amma jurnalistlər həbs olunmur. Ermənistana gəldikdə, bu ölkənin ərazisi Azərbaycandan kiçik olsa da, televiziyaların sayı çoxdur. Televiziyaların üzərində niyə dayandım, çünki bu gün bərbad durum elektron mediadadır. Ermənistanda müstəqil televiziyalar və media var, doğrudur, bəziləri imitasiya xarakteri daşıyır, amma ən azından hesabatlarla tanış oluruq. Ermənistanda keyfiyyət və kəmiyyət etibarı ilə elektron media Azərbaycandan qat-qat üstündür. Qəzetlərə gəldikdə, Ermənistanda bir neçə çap mətbuatının etik kodeksi var, yəni jurnalist işə daxil olarkən bu etik kodekslə tanış olur.


– Etik kodeks ölkə qanunvericiliyi ilə uzlaşırmı?

Seymur Kazımov: Bəli. Amma etik kodekslər qanunvericilik deyil və bunları pozan cinayət məsuliyyətinə cəlb olunmur. Söhbət mənəvi çərçivədən gedir, yalan danışmamaq, plagiatlıq etməmək və s. Baxın, Azərbaycanda hansı qəzetin etik kodeksi var?



Əvəz bəy, niyə qəzetlərin etik kodeksi yoxdur?

Əvəz Zeynallı: Biz mediada təşkilatlanmanı doğru aparmadıq. Etik kodekslər, mənəvi normalar nə vaxt yaranır? Mən müstəqil qəzet yaradıram, oxucu kütləsi olur, onlara jurnalist yetişdirirəm, ayrı mənəvi normalarım olur ki, bunlar qanunvericilikdə olmasın. Yaxud ayrı konstitusiyam, ya da “Xural” qəzetinin “qara siyahısı”, “qırmızı siyahısı” ola bilər. Mən mənəvi dəyərlərə hörmət edən insanların siyahısını tuta bilərəm, bunlar çox normal məsələlərdir, amma bütün bunlar qanunvericiliyin işlədiyi və müstəqil medianın olduğu ölkələrdə mümkündür.

Seymur Kazımov: Etik Kodeks qəzetin özünün yaratdığı sənəddir, hökumət bunu yaratmır.

Əvəz Zeynallı: Başa düşürəm, Natiq bəy deyir ki, niyə bizdə yoxdu?! Mən də cavab verirəm ki, müstəqil qəzetlər təsis edə bilədiyimiz üçün Etik Kodeks yoxdur. Sual yaranır: niyə Azadlıq Radiosu, Meydan Tv-nin Bakı ofisi bağlandı? Niyə alternativ media mühiti yoxdur, yaxud “Xular” qəzeti zamanında qapandı? Elə fəaliyyəti dayandırılan və bütün təntənələrin başlanğıcını biz qoyduq.


– Prezidentin köməkçisi Əli Həsənov da jurnalistikamızda peşəkarlıq probleminin olduğunu vurğulayır. Amma sual olunur; məmurlar necə, media ilə peşəkarcasına davranırlarmı? Yəni mövcud siyasi situasiya jurnalistlərin peşəkar olmasına yardım edir, yoxsa mane olur?

Əvəz Zeynallı: 15 ildir Mətbuat Şurası yaranıb. Mətbuat Şurası media ilə hökumət arasındakı münasibətləri tənzimləmək üçün yaranmışdı. Ancaq 15 ildir Azərbaycan mətbuatının müstəqil qələmləri sındırılır, müstəqil kəllələr gedir, müstəqil qəzetlər bağlanır, televizyaların müstəqil proqramları bağlanır. Nə üçün? Həm də ona görə ki, Azərbaycanda təyin olunan məmurlar öz səlahiyyətləri ilə məşğul deyillər. Onlar azad mətbuatın əhatə dairəsini daraltmaqla məşğuldurlar. Bütün dövrlərdə media dördüncü hakimiyyətdir, hətta Amerikanın böyük qurucularından Ceffersondan soruşurlar ki, dövlət, yoxsa informasiya təhlükəsizliyi? Cavab verir ki, dövlət təhlükəsizliyini dövlətin özü quracaq, azad media əsasdır. Siz Avropa dövlətlərinə baxın, medianin dilini bilməyən, mətbuatla uzlaşması olmayan bir məmur vəzifədə deyil. Onlar heç deputat da seçilə bilməzlər. Amma Azərbaycanda medianın dilindən anlayan, medianı başa düşən tək bir adam vəzifədə deyil. Bunların hamısı media düşməni olduğundan indiki durum yaranıb.

Seymur Kazımov: Təbii ki, hökumətlə mətbuat arasında böyük uçurum var. Bəzi hallarda hökumət tərəf özü də bunu etiraf edir. Yadınızdadırsa, Prezident Administrasiyasının rəhbəri 2000-ci illərin əvvəllərində bütün rəsmi qurumların mətbuat katiblərini toplayıb, onları tənqid edib, xüsusi göstəriş verdi. Bir müddət onlar da mətbuatla işlədilər. Bu amil mütləq jurnalistlərlə işləmək haqqında göstərişin vacibliyini önə çəkir. Əgər sifariş, yaxud məmurların başı üzərindən “Demokl qılıncı” asılmırsa, onlar mətbuatla işləməyə maraqlı deyillər. Mətbuat katiblərinə gəlincə, bu, artıq Azərbaycanda məmurlaşmış vəzifədir.


– O zaman 800 jurnalist prezidentə ad üçün necə müraciət etdi?

Əvəz Zeynallı: Bir həftədir Facebook-da prezidentin, daxili işlər naziri Ramil Usubovun və onun müavini Eyvazovun elektron poçtuna məktub göndərə bilmədiyimi yazıram. Bəs necə göndərməliyəm məktubumu? Maraqlıdır ki, prezident Nazirlər Kabinetinin sonuncu toplantısında ona məktub göndərilməsi ilə bağlı fikirlər işlədir. Ancaq prezidentin email ünvanı bağlanırsa, deməli, administrasiya prezidenti sabotaj edir. Çünki administrasiya məktublara baxıb tənzimləyəndən sonra prezidentə təqdim etməlidir. Email isə bağlıdır. Bax, belə bir ictimai situasiya, elə bir durum yaranıb ki, 800 jurnalist Prezident Administrasiyasına təltif almaq üçün müraciət edib. İndi müraciətlərin necə olduğunu bilirik. Allahın siyasi məhbusuna da müraciət yazdırırlar, amma müraciətdə dəfələrlə «möhtərəm prezident, xarici və daxili siyasətin əladır, böyük binalar tikilir» deyə fikirlər yer alır. Deməli, 800 jurnalist bu cür müraciət edib, 1500 işarəlik.


– Doğrudan da, sual yaranır, niyə jurnalistlərin sosial-iqtisadi vəziyyəti məhz ev verməklə, güzəştlər etməklə düzəldilməlidir? Beynəlxalq təcrübədə, bu, necə həll olunur?

Seymur Kazımov: Dünyada mətbuata yardım fondları və ombudsman institutu da var. Amma Azərbaycanda problem ondadır ki, obyekt Prezident Administrasiyasından idarə olunur və fonda sədri prezident özü təyin edir. Beynəlxalq təcrübədə isə bu cür fondları vətəndaş cəmiyyəti üzvləri, QHT-lər, aparıcı redaktorlar, televiziya prodüsserləri, jurnalist təşkilatları öz aralarında toplaşıb yaradırlar, nizamnamə hazırlayırlar. Və nəticədə bir neçə il müddətinə sədr seçirlər, həmin adamı da ölkə parlamentinə və hökumətinə təqdim edirlər. Beləliklə, müzakirə gedir və maraqların toqquşması olur. Bizdə isə fərqli situasiyadır.



Orda da jurnalistlərə mənzil verilirmi?

Seymur Kazımov: Xeyr, elə şey yoxdur. Jurnalist fəaliyyətimlə bağlı 20-yə yaxın ölkədə olmuşam, amma jurnalistlərə ev verilməsi ilə rastlaşmamışam.



Bəs güzəşt nədən ibarətdir?

Seymur Kazımov: Cəmiyyət elə qurulub ki, artıq jurnalistlərin reklam bazarı var, abunə sistemləri əla işləyir, mətbuat xidmətləri jurnalisti informasiya ilə təmin edir. Qərb ölkələrində jurnalistlərin işləməsi üçün normal mühit var, bu şərait olacağı təqdirdə jurnalist də onu heç kimin öldürməyəcəyini, döyməyəcəyini, dövlət qurumuna zəng edəcəyi təqdirdə, süründürməçiliklə qarşılaşmayacağını bilir. Bununla jurnalist rahat öz işini görür və ailəsinə də vaxt ayıra bilir. Ancaq Azərbaycanda jurnalist bir informasiyanı dəqiqləşdirmək üçün 1 ay heç nə yazmır və nəticədə çox cüzi qonorar alır. Bununla jurnalist keyfiyyətin yox, kəmiyyətin arxasınca qaçır.

Əvəz Zeynallı: Ümumiyyətlə, mən KİV-ə Dövlət Yardımı Fondu qurulanda ilk etiraz edənlərdən olmuşam. Mən Mətbuat Şurası yaradılanda da əleyhinə idim, çünki proses düz getmirdi, o cümlədən, KİV DF təsis olunanda. Əslində, qanunlara və əsasnamələrə görə, fəaliyyət göstərsəydilər, çox yaxşı olardı. İndi hakimiyyət nümayəndələri deyir ki, dünyada jurnalistlərə mənzil vermək nümunəsi yoxdur. Lap yaxşı, biz dünyada fəxr edilməli nümunələri yaratmalıyıq, amma məsələnin başqa tərəfi var. 156 nəfərə mənzil verildi, araşdıraq, görək, ev alanlar hakimiyyət haqqında tənqidi məqalə yazdımı? Mətbuat nəyin üzərində dayanmalıdır: yazmaq, yazdığını yaymaq və nəhayət, bunların hamısı ictimai mənafelər baxımından olmalıdır. Əgər hansısa baş redaktorun oğluna, yaxud kürəkəninə ev verilirsə və utanmadan həmin adam mətbuata «mən nə etməliyəm, 2 oğlum var, onlara ev almamalıyam?” deyirsə, bunun mətbuatla nə əlaqəsi var?!



Təəssüf ki, bu cür olaylar oldu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid özü dedi…

Əvəz Zeynallı: Təbii ki, oldu. Rəşad Məcid də, hörmətli Bəxtiyar Sadıqov da. Sonuncu açıq yazdı, hörmətli prezidentə müraciət etdi. Dedi ki, şəhərin ən gözəl yerindən, ən gözəl binasından və mərtəbəsindən ona ev verib, buna görə prezidentə bütün həyatıyla borcludur. Belə mətbuat olur? Borclu ol da, get, öz ömrünü prezidentə ver, amma bu mətbuat və ictimai mənafe məsələsi deyil. Ölkənin daha ciddi problemləri var. Hər il fond ölkənin qəzetlərinə 120 min manat verir.



Mən elə o məsələyə gəlirəm, KIV DF hər il satışı 20 faizi ötməyən qəzetlərə pul ayırır. Dövlət büdcəsindən ayrılan bu səmərəsiz xərclərə niyə etiraz edən yoxdur? Niyə müstəqil şəxslər, qurumlar buna öz etirazını bildirmir?

Əvəz Zeynallı: Bu ölkədə etiraz edənlərin biri mən. 19 il fəaliyyət göstərdim və 9 il “mükafatlandırdılar”. Beynəlxalq təşkilatlar, yerli hüquq müdafiəçiləri və bu gün həbsdə olanlar olmasaydı, mən azadlığa qovuşa bilməzdim. Hər zaman etiraz etmişəm. “Azadlıq”, “Yeni Müsavat” qəzetinə müraciət etmişəm ki, bu işin içinə girməyin. 20 faiz nədir, 1 faiz satışı olmayan qəzetlərə maliyyə yardımı edilir.


– Məsələn…?

Əvəz Zeynallı: 70, 80 faiz satışı olan “Xural” qəzetinə pul verilməyib, amma “Mövqe” qəzeti 99 faiz satılmır, 98 faiz “525-ci qəzet”, 97 faiz “Ədalət”, “Kaspi”, “Palitra”, “Paritet” 100 faiz satılmır. “Səs” qəzeti, ümumiyyətlə, “vozvratdır”. Sual edirəm, 10 ildir qəzetlərə yardım edilir, nə dəyişdi?

Seymur Kazımov: 2009-cu ildən KİV DF fəaliyyət göstərir, gəlin, 5 uğur sayaq.

Əvəz Zeynallı: Birini mən deyim, hörmətli Əli Həsənov Mətbuat Şurasının toplantılarının birinə gələndə binanın qarşısındakı maşınları görüb “bunlar kimindir” deyə sual edib. Əflatun Amaşov cavab verib ki, baş redaktorların. Deyib: «Bəs pis vəziyyətdə yaşamağınızdan şikayət edirsiz?» Bəli, baş redaktorların hər birinin 150 minlik maşın almasında uğur oldu. Amma peşəkarlıq və müstəqillik harda qaldı? Xədicə İsmayıl, Leyla Yunus və mənim haqqımızda nələr yazmadılar? Budurmu Azərbaycan mediasının peşəkarlığı? Sən azad media ilə məşğul olanı şərlə və həbs et, 9, 10 azadlıqdan məhrum et. Azadlıqda qalanlar da 120 minlik maşın sürsün. KİV DF-nin yardımı buna nail oldumu? Əgər budursa, o zaman 140 illik anım tədbirləridir, Seymur bəy.

Seymur Kazımov: İctimai nəzarətin niyə olmadığını sual edirsiniz. İctimai nəzarəti media və QHT-lər yaratmalıdır. Bu iki sistem artıq yoxdur. Nəzarət ediləsi media artıq pulla susdurulubsa, necə nəzarət edə bilər?! Normal inkişaf etmiş cəmiyyətlərdə nəzarət funksiyasını media yerinə yetirir, media sözün yaxşı mənasında hakimiyyətə xidmət edən strukturdur, yəni ölkədəki problemləri göstərir ki, bax, bunu gör və həll et. Bu, bilavasitə hakimiyyətə və cəmiyyətə xidmətdir. Əslində, hökumətin marağında olmalıdır ki, hansı problemlər var və onları həll edək. Hökumət media ilə bu formada əməkdaşlıq etməlidir. Amma media bunu göstərə bilmir. Gəlin, televiziya kanallarına baxaq, hər gün media ilə bağlı proqramlar yayımlanır, ötən həftə internet media rəhbərləri İTV-də idilər. Onlar da «internet medianı tənzimləyən, məhdudlaşdıran qanunlar olmalıdır»- deyirlər, özlərini təkzib etməklə məşğuldurlar. Bəli, mətbuat, qəzet var, amma onları tipik sovet düşüncəsiylə idarə edən rəhbərlər də var.


– Yekuna gələk, Əvəz Zeynallı 140 yaşlı Azərbaycan mediasının anım tədbirlərinin keçirilməsini vacib saydı, Seymur Kazımov müəyyən qədər pozitiv yanaşdı. Sizcə, bəs 10 il sonra, 150 illik yubiley zamanı mətbuatımız hansı durumda olacaq?

Əvəz Zeynallı: Mən də pozitivəm, əslində, varıqsa, döyüşürüksə, sınmayan ordu varsa, biri gedib, beşi gəlirsə, bu, mübarizənin nəticəsidir. Mən hakimiyyətin mətbuat siyasətini nəzərdə tutub deyirəm. Bütün medianı ələ alıblar, rayon icra başçıları yanında media medianı qətl edir. Mən Sədərək bazarından Facebookda status yazıram, arxasınca media qrupları bazarı piştaxta-piştaxta gəzib, iri-iri yazılar verir. Nə baş verib ki, sabiq vicdan məhbusları oliqarxiyanın, Sədərək bazarının vəkilimi oldular? Onsuz bu yolu gedənlər olacaq. Ancaq mən söhbətimi Məhəmməd Əmin Rəsuladənin 1911-ci ildə yazdığı məqaləsindən bir sitat gətirmək istəyirəm. 104 il əvvəl yazsa da, görün günümüzlə necə səsləşir. Rəsulzadə yazır: «Bir dəstə yazar ortaya çıxır ki, onlar öz şərəf, fikir və əqidələrini saxta rütbə qazanmaq üçün nəcis qiymətinə satmağa hazır olurlar. Zülmü və sitəmi müdafiə edirlər, biçarə milləti sərkərdan və avara qoyurlar. Bu da bir sıra qələm fahişələrinin cəmiyyət içinə girməsinə səbəb olur. Keçmişdə necə demişik, əxlaqsız qadınlar kimi bəzi jurnalistlər də namuslarını satır, pak əməllərini murdarlayır, vicdan və namuslarını, abırlarını həyasızlıq bazarına çıxarıb kələfin ucunu əldən verirlər». Rəsulzadə 104 il əvvəl Azərbaycan mətbuatının təxminən 40 illiyi ərəfəsində bu fikirləri yazıb. Bu yerdə böyük Sabirin “dindirir əsir bizi, dinməyiriz, atılan toplara diksinməyiriz” misraları yada düşür. Eyni vəziyyətdir, bu gün 800 jurnalistin müraciətindən, həbsdəki həmkarılarımızdan danışdıq. Rəsulzadə elə yazıb ki, əgər biz onu yazsaydıq, özlərinə uyğun siyahılarına salardılar. Beləliklə, Rəsulzadə 104 il əvvəl indikilərin qiymətini verib.

Seymur Kazımov: Elə vəziyyət yaranıb k, jurnalist adından istər-istəməz xəcalət çəkirsən. 10 ildən sonra da «əməkdar jurnalist» adından xəcalət çəkəcəksən, bu qədər!

Ana səhifəVideo“Rəsulzadə 104 il öncə bu günü görüb”