”Hökumət yuxarı zabit heyətinə diqqət yetirməlidir”
Amerikada mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyevin ötən ayın əvvəlində cəbhə xəttində baş verən hərbi əməliyyatlara fərqli münasibəti var. Onunla söhbətimizdə həm 22 ildir davam edən atəşkəs rejiminin gözlənilmədən pozulması faktını, həm də münaqişənin həllində daxili-xarici amillərinin təsir gücünü müzakirə etdik.
– Rəsul müəllim, 1-5 aprel hərbi əməliyyatlarından sonra prezident İlham Əliyev dedi ki, Ermənistanın xahişini nəzərə alıb atəşkəsə razılaşdıq. Bir neçə il ölkə rəhbərliyində təmsil olunmusunuz, bu baxımdan prezidentin fikrini necə qiymətləndirirsiniz?
– Sözün əsl mənasında, bu, mənim üçün qeyri-adidir. Prezidentin belə bir cümlə işlətməsi inanılası deyil. Buna çox təəccübləndim, çünki mümkün olan şey deyil. Birincisi, hətta yerli mətbuat yazdı ki, Rusiya prezidenti Putinin iki respublikanın dövlət başçılarıyla telefon danışıqlarından sonra atəşkəs oldu. Rusiya KİV-ləri də bu məqamı xüsusi qabardırdı, səbəb də odur ki, ABŞ dövlət katibi Kerrinin ondan qabaq Əliyev və Sarkisyanla telefon danışığı olsa da, atəşkəs olmamışdı. Rusiya mediası az qala yazırdı ki, Putinin tapşırığıyla atəşkəsə əməl olundu. Ola bilər, Putin Əliyevlə danışanda desin ki, Sarkisyanla əlaqə saxlayıb və o da atəşin dayanmasına razıdır. Amma Sarkisyanın Əliyevə zəng edib atəşi dayandırmaqla bağlı xahiş etməsi mümkün deyil. Çünki Sarkisyanın atəşkəsin elanından iki gün sonra yaydığı bəyanatda hansısa xahişin heç işarəsi də yox idi. Əksinə, onun ritorikasında hədə-qorxu və danışıqlar masasına oturmayacağı eyhamı vardı. Hətta şərtlər də vardı. Bəlkə prezidentin söylədikləri Azərbaycan xalqı üçün əhəmiyyət kəsb etsin, yəni prezidentin imici baxımından, amma Rusiya və Ermənistan bunu qeyri-ciddi qəbul edəcək. İnformasiya texnologiyaları əsrində yaşayırıq, insanlar xarici mətbuatı izləyəndə bunları görəcək.
–
Sualımı bir daha təkrar edirəm,
prezidentin
açıqlamasını necə qiymətləndirirsiniz?
– Olmayan bir məsələni gündəmə gətirməklə özünün reytinqini qaldırmaq və bununla qətiyyətli rəhbər olduğunu göstərmək üçün verilmiş bir bəyantdır. Əslində, reallıqdan uzaq bir şeydir, belə bir hadisə olmayıb.
– 20 ildən çox davam edən münaqişə zamanı informasiya müharibəsində hansı tərəfin üstünlük qazanması sualı səslənib. Bu dəfə vəziyyət necə idi?
– Söhbət müvəqqəti üstünlükdən gedirsə, yerli KİV 5 gün ərzində əhali arasında müəyyən eyforiya yarada bildi. Xalq ordumuzun Ermənistan ordusunu darmadağın etdiyinə inandı, hətta bir çox ərazinin azad olunduğuna inananlar da vardı. Amma Azərbaycan mətbuatı ölkə sərhədlərindən kənarda heç bir üstünlüyə malik ola bilmədi. Hətta Rusiya mediasında bu hiss olunmadı, ona görə rus mətbuatını misal çəkirəm ki, onlar bu münaqişədə bir nömrəli iştirakçıdır. O cümlədən, Ermənistan mediasında. “Hansı tərəf informasiya müharibəsində qalib gəldi” sualını versəniz, əminliklə deyə bilərəm ki, son 20 ildə Ermənistan apardığı informasiya müharibəsində bizi udub, birmənalı belədir. Aprel əməliyyatlarında isə Azərbaycan mediası daxild eyforuya yaratmağa nail ola bilib, amma bu, müvəqqəti xarakter daşıyır, çünki eyforiya artıq son anlarını yaşayır. Dünya ictimaiyyətində hansı informasiya vasitələrinin qalib çıxacağına gəlincə, bu proses hələ gedir, amma ermənilər sonuncuda da üstünlük qazanmaq ərəfəsindədir. Məsələ ondadır ki, Ermənistanın apardığı təbliğat atəşkəsi pozan tərəfin Azərbaycan olduğuna inandıra bilir. Atəşkəsi kim pozub? Bu sualın cavabında Azərbaycan KİV-i uduzub. Çünki Azərbaycan KİV-də ermənilərin aqressiyası göstərilməyib, Bizim informasiya vasitələri ona köklənmişdi ki, ordumuz necə hücuma keçdi və torpaqları necə azad etdi. Sözsüz ki, müharibəni kimin birinci başladığı dünya miqyasında o qədər vacib məsələ deyil, ancaq peyk vasitəsilə hər şey görünür. Ruslar kimin başlamasını daha detallı bilir, amma bir daha deyirəm, bu, o qədər də vacib deyil. Sadəcə, bizim informasiya müharibəsində uduzduğumuzu deyə bilərəm. Mayın sonunda bu, daha əhatəli görünəcək.
–
Niyə mayın sonunda?
– Çünki həmin vaxt məsələ bir çox beynəlxalq təşkilatlarda müzakirə predmetinə çevriləcək.
–
Bugünlərdə 1996-cı ilin mayında “Novaya Vremya” jurnalına müsahibənizi
xatırlatmısınız
. Həmin müsahibədə təəssüflə bildirmişdiniz ki,
biz bu gün bu problemin
həllindən
1994-cü illə müqayisədə daha çox uzaqlaşmışıq. Sual yaranır; 2016-cı ildə durum necədir, o illərlə müqayisədə problemin həllindən nə qədər uzaqlaşmışıq?
– 1996-cı illə müqayisədə biz 2016-cı ildə problemin həllindən daha çox uzaqlaşdıq. Bunu görməmək mümkün deyil. Təəssüf ki. Azərbaycan xalqının əksəriyyəti hökumət rəsmilərinin Qarabağla bağlı danışdığı nağıllara inanır. 1996-cı ildə Laçın dəhlizi də daxil olmaqla işğal olunmuş torpaqların azad olunması məsələsi müzakirə olunurdu. 2016-cı ildə isə heç Laçın dəhlizindən söhbət getmir. Ümumiyyətlə, Laçın, Kəlbəcər də daxil olmaqla yerdə qalan rayonların azad olunmasından söhbət getmir. 2016-cı ildə məsələ belə qoyulur, ətraf 5 rayonun azad olunması üçün Dağlıq Qarabağa müstəqillik verilməlidir. İkinci, Laçından söhbət getmir, maksimum neytral ərazi kimi Rusiyanın nəzarətində olması göstərilir. Üçüncü, ərazilərin azad olunması mərhələli şəkildə olmalıdır, yəni Azərbaycan ermənilərə qarşı aqressiv davranmayacağını sübut etməlidir. Bax, 2016-cı ildə vəziyyət bu səviyyəyə çatıb, 20 il əvvəl belə deyildi.
–
O zaman belə çıxır ki, vaxtilə üzvü olduğunuz Əliyev komandası ötən müddətdə Ermənistana güzəştə gedib?
– Bir dəqiqə, mən o komandanı 1996-cı ildə tərk etmişəm. Misal gətirdiyiniz müsahibə də komanda rəhbərilə mənim aramda nifaq yaratdı. Çünki açıq şəkildə demişdim ki, 2 il əvvəl münaqişəyə daha yaxın idik. Bu baxımdan sualınızı anlamadım, nə demək istəyirsiniz?
–
Siz Milli Məclisin sədri olaraq Ermənistana hansısa güzəştləri prezident Heydər Əliyevlə müzakirə edirdiniz və etirazınızı bildirirdinizmi?
– Sözsüz. Mən hökumətin 1994-cü ildə imzaladığı atəşkəsin əleyhinə olmuşam. Prezidentə də dedim ki, atəşkəs yalnız avqustun sonuna qədər imzalana bilər, ondan sonraya şamil olunmamalıdır.
– Nə üçün?
– Aydın məsələdir ki, sən atəşkəsə imza atırsansa, sonradan güclə onu azad edə bilməzsən. Sən güc göstərən kimi müqaviləyə imza atanlar, başda Rusiya olmaqla etiraz edəcəklər. Məsələn, Gürcüstan hərəkət edən kimi ruslar az qala Tiflisə qədər yeriyirdilər. Çünki Rusiya Federasiyası bu məsələdə qarantdır, Avropa da ona imza atıb ki, qarant Moskvadır. Əgər atəşkəs üçün zaman qoyulsaydı, məsələn, avqustun sonuna qədər, o başqa məsələ, yəni sentyabrda əraziləri azad edə bilərsən və heç kim də reaksiya verə bilməz. Yox, atəşkəsi imzalayırsansa, ruslar istənilən vaxt müdaxilə edə bilərlər.
– Bəs Heydər Əliyev sizin təklifinizə hansı reaksiyanı verdi?
– Heydər Əliyev başqa cür izah edirdi, deyirdi ki, sentyabrda “Əsrin müqaviləsi”nə imza atacağıq, ardınca Avropa bizə kömək edəcək. Amma sentyabrda müqavilə imzalansa da, Dağlıq Qarabağ məsələsi gündəmə gəlmədi, belə olanda, o dedi ki, gərək 5-6 faiz də Rusiya şirkətlərinə verək, ruslar yardım edəcək və torpaqlarımızı azad edəcəyik. Heydər Əliyev mənə bu cür izahat verdi.
– Siz ona inandırdınızmı?
– Necə inanmaya bilərdim ki, o dövlət başçısıydı?! Düşünürdüm ki, Heydər Əliyev səfirlərlə qapalı görüşlərdə hansısa təminat alıb, mənim başqa cür fikirləşməyə şansım yox idi. Çünki dövlət başçısı torpaqların azad olunmasına daha çox maraqlıdırsa, necə yalan danışa bilər?
–
Qayıdaq 1-5 aprel hərbi əməliyyatlarına.
S
iyasi şərhçi Eldar Namazov və hərbçi ekspert
Üzeyir
Cəfərov hesab edirlər ki, Azərbaycan öz hərbi potensialının 5 faizini istifadə etdi və bununla Ermənistana gücünü göstərdi. Bu barədə nə deyə bilərsiniz?
– (gülür). O adamlar niyə özlərinə sual vermir ki, nə üçün 5 faizini istifadə etdi, 20 faizini yox? Çox təəccüblüdür… Bilirsiniz, müharibəyə başlayanda məqsəd olmalıdır. Birinci ya torpaqları azad etməlisən, ya da düşməni elə məsafədə uzaqlaşdırmalısan ki, qarşı tərəf sənin yaşayış məntəqələrini vura bilməsin. Yəni artilleriya ora çatmasın. Hardasa 20-25 kilometr olar. Bizim ordumuz ermənilərin yaşayış məntəqələrini vura bilmir, çünki əhali yaşayan ərazilər atəşkəs xəttindən 20-25 kilometr uzaqdır. Amma onların artilleriyası Azərbaycanın yaşayış məntəqələrinin 15 faizini vura bilər, necə ki, vurdu, biz bunu Tərtərdə, Ağdamda və hətta Ağcabədi də gördük. Əgər biz qarşı tərəfi uzaqlaşdırsaydıq, ermənilərin Dağlıq Qarabağdakı kəndlərini vura bilərdik. Amma buna nail olunmadı və aprelin 5-dən sonra yaşayış məntəqələrimizi atəşə tutdular. Sual yaranır; bəs 95 faizini ehtiyatda saxlayan Azərbaycan hakimiyyəti heç olmasa onun 15 faizidən istifadə edib Ermənistan ordusunu niyə uzaqlaşdırmadı? Ona görə də adlarını çəkdiyin şəxslərin dedikləri nağıldır.
–
Rəsul müəllim, hökumət nədən ehtiyatlanır, bəlkə hansısa öhdəlikləri var, yaxud güzəştlərə gedib, bilmirik?
– Nə güzəşt?! Sadəcə, Azərbaycan hakimiyyətinin öz gücünə əminliyi və inamı yoxdur. Hakimiyyətin öz gücünə əminliyi olsaydı, ermənilər kəndlərimizi artilleriya atəşinə tutanda, gərək cəbhə xəttini yarıb Xankəndinə qədər gedərdi.
– Siz xarici amilləri nəzərə almırsınız?
– Bu məsələdə xarici amil yoxdur. Çünki Ermənistan dinc əhalini bombalayırsa, xarici dövlətlər heç vaxt deməz ki, hücuma keçmə. Məsələ ondadır ki, hökumət cəbhə xəttini yara biləcəyinə əmin deyil. Əgər Ermənistan əmin olsa ki, Azərbaycan ordusu cəbhə xəttini yarıb irəliləyəcək, heç zaman dinc əhalini artilleriya atəşinə tutmaz. Məsələ budur, 5 faiz söhbəti nağıldır, xalq gərək, belə şeylərə inanmasın. Bəli, Azərbaycan ordusu silah-sursat baxımından Ermənistandan güclüdür, ikinci, son 5 ildə hərbi büdcə 3 milyarddan çox olub. Ermənistanda bu rəqəm 500 milyon olub, 6 dəfə azdır. Üçüncüsü, Azərbaycan əsgəri, hökumət ağlını tamamilə itirməyibsə, əsgərlərin təlim işini türk hərbi mütəxəsislərinə etibar etməlidir, yaxud Türkiyədə təhsil alan azərbaycanlılar, özü də NATO standartları səviyyəsində. Əgər bunlar olubsa, Azərbaycan əsgərinin erməni əsgərindən zəif olma, şansı sadəcə, yoxdur. Bəs niyə cəbhəni yarmağa əminlik yoxdur, çünki ortadan yuxarı səviyyəli zabitlərimiz, sərkərdələr zəifdir. Yox, 1-5 apreldə həlak olan zabitlər zəif deyil, onlar fədakar idi, ona görə əsgərlərilə bir yerdə döyüşüb şəhid oldular. Amma onlardan yuxarı olan zabitlər zəifdirlər. Bax, texniki cəhətdən nə qədər güclü olsaq da, dediyim zəiflik qalırsa, heç bir addımın xeyri yoxdur. İki misal gətirəcəm; 1941-ci ilin iyununda Hitler Almaniyası SSRİ-yə hücum edəndə 3 min qırıcı təyyarəsi vardı, Sovet İttifaqının isə 20 min. Hitler Almaniyasının 5 minə yaxın tankı vardı, SSRİ-nin isə 30 minə yaxın tankı vardı. Faşistlər 2 milyona yaxın əsgərlə müharibəyə başladı, onun qarşısında 4 milyona yaxın sovet əsgəri dayanmışdı. Təsəvvür edirsinizmi, Minskini 3 günə tutdular. Yalnız yuxarı, orta və aşağı zabit heyətinin gücü hesabına bunlar oldu. Sürətli hücumda almanlar 300-400 min, ruslar isə 2 milyondan çox adam itirdilər. Bizdə yuxarı zabit heyəti amili zəifdir, hökumət gərək bununla məşğul olsun, nəinki silah-sursat almaqla. Çünki Azərbaycanda hərbi texnikanı idarə edəcək talantlı hərbçilər azdır. İkinci misal, 1940-ci ildə Rus-Fin müharibəsi, 1 milyon ordu və 300 minlik fin. Birincilər 4 ayda 200 min insan itirdi. Elə Hitlerin bir il sonra SSRİ-yə hücum etməsinin bir səbəbi də bu oldu, çünki rus ordusunun zəif olduğunu gördü. Bir daha deyirəm, hökumət yuxarı zabit heyətinə diqqət yetirməlidir. Azərbaycan bir Talış kəndini vurdu, onlar 10 Azərbaycan kəndini vurdu. Bəyanat verməklə deyil axı. Ola bilər 5 faiz məsələsi kütləvi şüurda böyük görünsün, hücum edib azad edərik, amma qarşı tərəf biz düşündüyümüz kimi düşünmür, ona görə qorxmur. Dağlıq Qarabağ eni-uzunu 100 kilometrdir, Lələ-Təpədən Stepanakertə 50 kilometrdir, birinci ordunu yardın, ardınca ikincini yardın, artıq ordasan.
–
Bütün hallarda sizin dediyinizdən belə məntiq çıxır ki, xarici amili inkar edirsiniz…
– Yox, səhv edirsiniz. Əsas Rusiya və Amerikanın razılığı olmadan işğal olunmuş ərazilərin 1 metri də geri qaytarılmaz. Xarici amil əsasdır. Azərbaycan güc göstərib irəli getsə, Rusiya Federasiyası hərbi müdaxilə edəcək. Atəşkəsin təminatçısıdır, kim ona deyə bilər ki, müdaxilə etmə?!
–
Belə olanda, Amerika hansı reaksiyanı verəcək?
– Amerika və Böyük Britaniya Krımın Ukraynanın tərkibində olmasına imza atmışdı, Rusiya sakitcə gəlib tutdu, nə dəyişdi? Rusiya deyir ki, Azərbaycan atəşkəs müqaviləsini pozub və erməniləri qırır, mən də gedirəm onları müdafiə etməyə. Amerika nə edəcək ona? Ona görə də Vaşinqton müharibənin olmasını istəmir, çünki yaxında qoşunu da yoxdur ki, yardım etsin. Necə ki, Krımda edə bilmədi. Fikir verirsiniz, Vaşinqton Moskvanın Baltikyanı respublikalara da hədə-qorxusunu nəzərə alıb orda hərbi vəziyyəti gücləndirir.
– Gəlin, sualı konkretləşdirək. Hökumət nə etməlidir, çıxış yolu nədir?
– Birinci, bizim hökumət niyə bunları bildiyi halda aprelin 2-də bu cür addımlar atır? Lap ermənilər birinci atəş açıb səni təxribata çəkirlər, getmə. Onsuz da 15-20 ildir təmas nöqtəsində hansısa tərəf atır, ölənlər də olur, amma bu, geniş müharibəyə çevrilmir ki. Niyə 2 apreldə geniş müharibə oldu? Deməli, Azərbaycan gücünü göstərmək istədi, ancaq alınmadı, atəşkəsə getdi və ardınca ermənilər dinc əhalinin yaşadığı əraziləri hədəfə aldı. Buradan belə bir nəticə çıxır, hakimiyyət müharibəni genişləndirməklə düşünülməmiş siyasət yeridib. Bir daha deyirəm, Amerika və Rusiya müharibənin olmasını istəmir, xüsusulə birinci istəmir, çünki Vaşinqtonun təsir imkanları yoxdur. Dağlıq Qarabağ probleminin həllinin yeganə bir yolu var: Azərbaycan demokratikləşməlidir, azad seçki keçirilməlidir, insan haqlarına hörmət qoyulmalıdır, müstəqil məhkəmələr yaradılmalıdır, sahibkarlara azadlıq verilməlidir, vəssalam, başqa yol yoxdur. Baxın, nə vaxt beynəlxalq təşkilatlarda, yaxud Amerika Konqresində Dağlıq Qarabağ problemi gündəmə gələndə, ermənilər deyir ki, Azərbaycan öz vətəndaşlarının hüquqlarını hər addımbaşı pozur, hər il onlarla siyasi fəalı həbs edir. Belə olanda, Avropa Şurası, Avropa Birliyi və ya ABŞ Konqresi ermənilərə deyəcək ki, düz demirsiniz?! Yaxud ermənilər Azərbaycan prezidentinin və müdafiə nazirinin “düşmənləri məhv edəcəyik” bəyanatlarını beynəlxalq təşklilatlara göstərib “biz necə onların vətəndaşı ola bilərik” deyə sual edirlər. Mən niyə demokratik seçkiləri qabardıram, şəffaf seçkilər o demək deyil ki, hakimiyyət dəyişir, əsas odur ki, xalq seçir. Lap İlham Əliyev seçilsin, əgər xalq seçirsə, o, heç vaxt avtoritar rejim qura bilməz. İkinci, demokratik seçki ilə heç nə bitmir, ardınca müstəqil məhkəmə sistemi yaradılmalıdır. Jurnalist Xədicə İsmayılı hökumətin korrupsiya əməliyyatlarını araşdırdığı üçün həbs ediblər, buna görə bütün dünya bizə gülür, ermənilər də əleyhimizə istifadə edir. Yaxud Rauf Mirqədirov, guya erməni jurnalisti ilə hardasa söhbət edib. Nə olsun?! Belə özbaşınalaqlar baş verən dövlətə Qarabağda hərbi əməliyyatlar aparmağa imkan verərlər? Əgər bu cür siyasət davam edəcəksə, Dağlıq Qarabağ münaqişəsi heç vaxt həll olunmayacaq, hətta Fələstin dövləti yaranacaq, amma biz biz torpaqlarımızı azad edə bilməyəcəyik. Məncə, Azərbaycanda demokratik təsisatları bərpa edib inkişaf etdirmək çətin olmayacaq, asan başa gələcək. Ölkə demokratikləşəndən sonra sərhədləri açıb ermənilərə deyirsən, buyurun gəlin, bizim vətəndaşlar. Əgər bunlar baş versə, Avropa Dağlıq Qarabağ ermənilərinə deyəcək ki, daha nə istəyirsiniz, insan hüquqlarına hörmət qoyan ölkədəsiz?! Problemin yolu budur, yoxsa milyardlarla vəsait xərcləyib, hərbi sursat almağa ehtiyac yoxdur. Əgər orduya ayrılan vəsaitin 30 faizini ciblərinə qoymasalar, heç onu da ayırmazlar.
– Yekuna gələk, neftin qiyməti 2 il əvvəlki səviyyədə olmadığından ölkəyə gəlirlər də azalıb. Bu gedişat iqtisadiyyatımıza nələr vəd edir?
– Azərbaycan iqtisadiyyatı belə bir rejimlə kollaps vəziyyətindən xilas ola bilməz. Belə bir iqtisadiyyat dağılmalıdır, sadəcə, zaman məsələsi var. Mən Azərbaycan xalqının şimali koreyalılar səviyyəsinə düşəcəyinə inanmıram. Əvvəllər yeni iş yerlərinin açıldığını elan edirdilər, indisə ixtisarlar gedir, lakin hökumət susur. Hökumət reforma etmək cəhdlərini göstərir. Sadəcə, hökumətin övladı korrupsiyadır, suda boğulan meymun balasını ayağının altına qoyduğu kimi hökumət də korrupsiyaya bulaşan övladlarını batırır, rüşvəti azaltmaq üçün. Əgər gömrükdə real elektron sistem qursalar, korrusiyaya ciddi zərbə vura biləcəklər. Yox, azərbaycansayağı bir variant kəşf etsələr, heç nə alınmayacaq. Yuxarıda korrupsiyanın əl-ayağını bir az yığıblar. Hazırda hakimiyyətin apardığı siyasət böhran aqoniyasının zəiflədilməsinə yönəlib, buna baxmayaraq, dağılma olacaq. Neftin qiymətinin 46 dollar olmasının səbəbi dollar amiliylə bağlıdır, yəni neftin qiyməti 35 dollar olanda, 1 avro 1,1 dollar idi, indi 1 avro 1,15 dollardır. Onun hesabına da da neftin qiyməti artıb. Səbəb də neftin dollarla satılmasıdır. Bu il istənilən variantda ölkəyə daxil olan valyuta ən azı 2 dəfə azalıb, bu itkini iki istiqamətdə kompensasiya edir, birinci, insanları ixtisara salırlar, ikinci də ehtiyat fonddan hər ay xərcləyir. Bütün hallarda itki olur, çünki ixtisara düşənlərin alıcılıq qabiliyyəti də zəifləyir. Bunların hamısı böhran aqoniyasının vaxtını uzatmaq üçündür. Ancaq bu hökumətin iflas etməmək şansı yoxdur.