İstintaq onu 150 636 manatı mənimsəməkdə və 6257 manat həcmində vergini ödəməməkdə ittiham edib
Yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun işinə baxılması başlayıb.
İclasın əvvəlində zərərçəkən Nicat İmranov onun üzərindən bu statusun götürülməsi barədə vəsatət qaldırıb və bildirib ki, R.Cəfərova qarşı heç bir iddiası yoxdur.
Bu vəsatəti digər iki zərərçəkən Anar Cəbiyev və Əhməd Heybətov da dəstəkləyiblər.
Vəkil Əlibaba Rzayev bildirib ki, heç kim öz iradəsinə zidd olaraq zərərçəkən kimi tanına bilməz.
İclasda daha bir zərərçəkən Cahangir Əhmədov da iştirak edib.
Vəkil Fariz Namazlı həbsin ev dustaqlığı ilə əvəzlənməsi barədə yenidən vəsatət qaldırıb. O bunu müdafiənin təşkilinin vacibliyi ilə əlaqələndirib, belə ki, təcridxana məhkəməyə hazırlıq imkanlarını məhdudlaşdırır.
F.Namazlı əlavə edib k, əgər məhkəmə həbs qətimkan tədbirini dəyişmirsə, heç olmasa R.Cəfərovun vəkillərlə yanaşı əyləşməsinə icazə verilsin.
Vəkil həmçinin zalda mikrofonun qoşulmasını xahiş edib. R.Cəfərov da bu vəsatəti dəstəkləyib.
Dövlət ittihamçısı Mübariz Mirili bütün vəsatətlərin əleyhinə çıxıb. Məhkəmə bütün vəsatətləri rədd edib. Yalnız R.Cəfərovun vəkillə yanaşı oturmasına icazə verilib.
Sonra F.Namazlı zərərçəkənin üzərindən bu statusun götürülməsi barədə yenidən vəsatət qaldırıb. Çünki onlara heç bir ziyan dəyməyib. Lakin hakim bu vəsatəti də təmin etməyib.
Sonra prokuror ittihamnaməni oxuyub. İttihamnamədə qrantlardan istifadə “qanunsuz sahibkarlıq və mənimsəmə” kimi dəyərləndirilib.
İstintaq R.Cəfərovu 150 636 manatı mənimsəməkdə və 6257 manat həcmində vergini ödəməməkdə ittiham edib.
R.Cəfərov deyib ki, ittihamın mahiyyəti ona aydın deyil. O xahiş edib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq ittihamlarının nəyə əsaslandığına aydınlıq gətirilsin.
Hakim vəsatəti təmin etməyib.
Sonra R.Cəfərov bildirib ki, özünü günahkar saymır. Müdafiə tərəfi vəsatət qaldırıb ki, öncə şahidlər və zərərçəkənlər ifadə versinlər, sonra müttəhim çıxış etsin. Lakin məhkəmə bu vəsatəti də təmin etməyib.
Növbəti məhkəmə iclası fevralın 10-na təyin edilib.
“Demokratiya naminə incəsənət” kampaniyasının koordinatorru Rəsul Cəfərov avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunub. Sonradan ona qarşı yeni ittihamlar- vəzifə saxtakarlığı (CM-in 313-cü maddəsi)və mənimsəmə (179.3.2) ittihamları irəli sürülüb.
Amnesty İnternational Rəsul Cəfərovu”vicdan məhbusu” kimi tanıyıb.