Rəsul Cəfərovun işində zərərçəkmişlər etiraz etdilər (VİDEO)

Fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəmə prosesi davam edib. Prosesdə iştirak edən Meydan TV-nin əməkdaşı məlumat verir ki, zərərçəkmiş qismində məhkəməyə qatılan Cavanşir Əhmədov və Nicat İmranlı adlarının zərərçəkmişlər siyahısından çıxarılmasını istəyiblər. Onlar bu işdə heç bir zərər çəkmədiklərini bildiriblər.

Vəkil Əlibaba Rzayev Cavanşir Əhmədovdan soruşub ki, ibtidai istintaq dövründə zərərçəkmiş şəxs kimi tanınanda hansı reaksiyanı verib? Həqiqətənmi 933 manat ziyan dəyib ona? O deyib ki, “Mənə ziyan dəyməyib və mən zərər çəkməmişəm”.

Dövlət ittihamçısı məhkəmədən xahiş etdi ki, ibtidai istintaq dövründəki sual-cavab hissəsi yenidən oxunsun.

Oxunan zaman məlum olud ki, zərərçəkmiş Cahangir Əhmədov ifadəsində, aldığı pula görə heç bir sənədə qol çəkmədiyini, sadəcə müqaviləyə qol çəkdiyini deyib. “Orada olan imzalar mənim imzam deyil, mən orada yazılan məbləği almamışam”- C. Əhmədov deyib.

Hakim sual verir ki, bəs siz nə vaxtsa sizə maddi ziyan dəyməsi ilə bağlı müvafiq instansiyaya müraciət etmisinizmi? Cavab: Xeyir

Zərərçəkən Nicat İmranlı ifadəsinə bu sözlərlə başlayır : “Mənim ifadəm qəsdən təhrif olunub. Mən zərərçəkmişlər arasından çıxarılmağımı tələb edirəm. Orada olan imzalar mənimdir, nə qədər pul yazılıbsa, hamısını almışam. Sadəcə məbləğ dəqiq yadımda deyil. Bunun izahı isə odur ki, məndə yaddaş problemi var.

Mən Rəsul Cəfərovu Faceboook-dan tanımışam. “ART For Democracy” kampaniyasında iştirak etmişəm. Onu da nəzərinizə çatıdırım ki, mən solaxayam. Mənim imzamı çəkmək o qədər də asan deyil”. (Burada dövlət ittihamçısı gülür və deyir ki, cənab İmranlı çox yaxşı hazırlaşmısız).

Nicat İmanlının ibtidai istintaq dövründə verdiyi ifadəsini yenidən oxudular. Nicat etiraz etdi ki, mən deməmişəm ki, pul aldığım yadıma gəlmir. “Demişəm ki, nə qədər aldığım yadımda deyil. Mənə izah edin ki, mən niyə zərərçəkmiş olmalıyam?”

Hakim soruşur ki, ziddiyyət görəndə niyə etiraz etmədiniz? Cavab: Mən bunu sonradan ittiham aktında görmüşəm. Onda artıq məhkəmə başlamışdı.

Şahid Elnur Məmmədov sənədlərdəki imzaların ona məxsus olduğunu deyib. “Gördüyüm işin müqabilində maaş almışam. Keçirdiyimiz layihəni Açıq Cəmiyyət İnstitutu maliyyələşdirmişdi. Mən koordinator köməkçisi olmuşam. Pulun məbləği 46.000 dollar olub. Biz Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət etmişik və bizə imzalı xəbərnamə göndərilib”.

Şahid Tatyana Kryuçkina ifadə vermək istəsə də, ifadəsi alınmayıb. Səbəb kimi tərcüməçinin olmadığı göstərilib. Tatyana buna etiraz edib ki, mən azərbaycan dilində sərbəst danışa bilirəm, tərcüməçiyə ehtiyac yoxdur. Lakin məhkəmə bunu nəzərə almayıb.

Hakim məhkəməni 5 mart saat 10:30-a qədər təxirə salıb.

Ana səhifəVideoRəsul Cəfərovun işində zərərçəkmişlər etiraz etdilər (VİDEO)