21 iyulda Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərov və “Hüquq Maarifçiliyi” Cəmiyyətinin sədri İntiqam Əliyevin məhkəmə prosesləri keçirildi. Rəsul Cəfərovun ilkin hazırlıq mərhələsi hakim Həsən Əhmədovun sədrliyi ilə aparıldı.
Vəkil Fariz Namazlı bildirir ki, məhkəmə Rəsul Cəfərovun heç bir vəsatətini təmin etmədi.
“Rəsul Cəfərov şüşə qəfəsdə, akvariumda saxlanılırdı. Bu da müdafiə işimizi qurmağa mane olurdu. Ona görədə vəkillərin yanında əyləşməyi ilə bağlı vəsatət qaldırdıq. Növbəti vəsatətimiz Rəsul Cəfərovun həbs qətiimkan tədbirinin dəyişdirilməsi-ev dustaqlığı ilə əvəz olunması idi. Üçüncü vəsatətimizdə zərərçəkmiş şəxslərin statusuna xitam verilsin”.
Rəsul Cəfərovun məhkəmə prosesinə ailəsindən başqa heç kim buraxılmadı. Növbəti məhkəmə prosesi 31 iyula təyin olundu.
İntiqam Əliyevin məhkəmə prosesində vəkillər hüquq müdafiəçisinin şüşə qəfəsdə saxlanılmasına etiraz etdilər. İntiqam Əliyev dəfələrlə şüşə qəfəsdən heç nə eşitmədiyini bildirdi. Hakim Mirzəli Abbasov şüşə qəfəsin standartlara uyğun quraşdırıldığını dedi və vəsatəti təmin etmədi. İntiqam Əliyev çıxışında şüşə qəfəsdə saxlanmasını insan ləyaqətini alçaldan üsul adlandırdı.
“Məni burda saxlamaq üçün ciddi əsaslar olmalıdır. Vəkillərlə məsləhətləşməyə ehtiyacım var. Zalda oturanlardan mənə xətər gələr, ya məndən onlara? Bu, akvariumdur. Əslində, bu, dəmir barmaqlıqlardan qat-qat təhqiredicidir. Bu ölkədə müstəqil məhkəmə yoxdur. Məni Xədicəni, Leyla Yunusu, Asif Yusiflini burada niyə saxlayırsız? Bu hadisə Azərbaycanda məhkəmənin, ədalətin nə durumda olduğunu göstərir”.
Vəkil Cavab Cavadov bildirir ki, məhkəmə İntiqam Əliyevin adi fundamental hüquqlarını belə təmin etmədi.
“İntiqam Əliyevin həbsinin 1 ili yaxınlaşır. O, avqustun 8-də həbs olunub. İntiqam Əliyevin ofisində axtarış nəticəsində bütün sənədlər, kompyuterlə kütləvi şəkildə götürülüb və ümumi şəkildə protokollaşdırılıb. Bu sənədlərin içində İntiqm Əliyevin Avropa İnsan Haqları məhkəməsinə göndərdiyi işlər də var. İndiyə kimi ofis bağlıdır. Bunun səbəbi bizə aydın deyil”.
Prosesdə iştirak edən digər vəkillərdə sənədlərin götürülməsi nəticəsində müdafiə hüququnun sıradan çıxarıldığını bildirirdilər.
Müdafiə tərəfi məhkəməyə Varşava Dövlət Universitetinin xətşünaslıq ekspertizasının rəyini təqdim etdi. Rəydə müqavilələrdəki imzaların İntiqam Əliyevə məxsus olmadığı göstərilirdi. Lakin apellyasiya məhkəməsi bunu qəbul etmədi.
Məhkəmə hüquq müdafiəçisinin apellyasiya şikayətini təmin etmədi. Prosesin sonunda İntiqam Əliyev həbsdə olan dostlara, ədalətli cəmiyyət uğunda mübarizə aparanlara və beynəlxalq təşkilatların nümayəndələrinə təşəkkür etdi.
İntiqam Əliyev qanunsuz sahibkarlıq, vergidənyayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə 7 il, 6ay azadlıqdan məhrum edilib.