“Məktubları Rəsula verə bilməsək də, hər dəfə onlar barədə “içəri” xəbər göndəririk və bu hal onda xoş ovqat yaradır”
“Demək olar ki, hər gün dünyanın müxtəlif ölkələrindən Rəsul üçün açıqcalar, məktublar alırıq. Onların çoxu Avropa ölkələrindəndi”. Bu açıqlamanı avqustun 2-də həbs olunan hüquq müdafiəçisi Rəsul Cəfərovun qardaşı Sənan Cəfərov “Azadlıq” qəzetinə deyib.
Sənan Cəfərov bildirib ki, artıq evlərində Rəsula gələn məktubların sayını itiriblər: “Məktub müəllifləri arasında müəllimlər, tələbələri, jurnalistlər, mühəndislər , din xadimləri və ən müxtəlif peşədən olanlar var. Məktublarda Rəsulun günahsız yerə həbsindənü üzüntü ifadə olunur, onun azadlığa qovuşmasının bütün vicdanlı insanların istəyi olduğu yazılır”.
Sənan Cəfərov deyib ki, məktubları Rəsula verə bilməsə də, hər dəfə onlar barədə “içəri” xəbər göndərir və bu hal şübhə eləmir ki, həbsxanada xoş ovqat yaradır.
“Bəs Azərbaycandan məktub ala bilirsinizmi” sualına vicdan məhbusunun qardaşı cavab verib ki, ənənəvi məktublar olmasa da, cəmiyyətdən Rəsula görə kifayət qədər ciddi dəstək alırlar.
“Demək olar hər gün müstəqil qəzet və saytlar Rəsulun günahsız həbsə düşdüyünü qeyd edir. Facebook-da minlərlə insan ona dəstək olub azad olunmasını tələb edir. Şəxsi görüşlərdə, telefon danışıqlarında da hər kəs Rəsuldan yana olduğunu bildirir. Bu bir daha onu sübut edir ki, Rəsula qarşı verilən ittihamlar əsassızdır, cəmiyyət onlara inanmır”, – deyə Sənan Cəfərov bildirib.