Rəsul Cəfərov: Vilayət Eyvazovun nə deməsindən asılı olmayaq vəziyyət göz önündədir

“ Heç kimə sərbəst toplaşmaq azadlığına ciddi məhdudiyyətlərin qoyulduğu sirr deyil. Nazirin nə deməsindən asılı olmayaraq real vəziyyət göz önündədir”

Foto: arxiv


“Hansısa jurnalistin polisə hücum etdiyini görməmişəm”

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycanın daxili işlər naziri Vilayyət Eyvazova məktub göndərib.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, məktubda bu yaxınlarda Bakıda keçirilən etirazlar zamanı polisin dinc aksiyalara qarşı zorakılığı və nümayişçilərin dağıdılması ilə bağlı narahatlıq ifadə olunub.

Komissar xüsusən Bakının mərkəzində bütün dinc etiraz formalarının qadağan edilməsi, inzibati həbslər və cərimələr, etiraz aksiyalarını işıqlandıran jurnalistlərə qarşı amansız rəftardan narahatdır.

Dunya Miyatoviç etirazçıların avtobuslarla Bakıdan yüzlərlə kilometr uzaqdakı yerlərə aparılmasını, aksiyaları işıqlandıran jurnalistlərin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən amansız rəftara məruz qalmasını qeyd edib.

Komissar hakimiyyətin Azərbaycanda dinc toplaşma azadlığını məhdudlaşdırmasından narahat olduğunu qeyd edib.

070900020100.jpg
Dunya Myatoviç

“Qeyd etmək istəyirəm ki, ATƏT DTİHB-nin və Venesiya Komissiyasının dinc toplaşma azadlığı ilə bağlı Təlimatına əsasən, qabaqcadan məlumatlandırma yalnız dövlətə toplaşma azadlığı və ictimai asayiş üçün şərait yaratmaq imkanı verməyə ehtiyac olduğu zaman tələb olunur. Həmçinin, nümayişlər çərçivəsində fəaliyyət göstərən polis əməkdaşlarının proporsional güc tətbiqi məsələləri üzrə xüsusi hazırlıq keçməsini təmin etmək vacibdir”, – deyə Miyatoviçin məktubunda qeyd edilir.

Cavab məktubunda Vilayət Eyvazov bildirib ki, bir qrup şəxs “nəqliyyatın hərəkətinin intensiv və əhalinin sıxlığının yüksək olduğu” MSK qarşısında etiraz aksiyaları keçirirdi. O, xəbərdarlıqlara baxmayaraq, fevralın 16-da 120 nəfərin MSK qarşısında yığışıb, vətəndaşların istirahət hüququnu və nəqliyyatın normal hərəkətini pozaraq, qanunsuz mitinq keçirməyə cəhd etdiyini bildirib. Nazir bildirib ki, bu zonada yaşayan vətəndaşların DİN-ə daxil olan fasiləsiz şikayətlərini nəzərə alaraq, hadisə yerinə polis qüvvələri göndərilib.

“Qanunsuz aksiyaya son vermək tələblərinə baxmayaraq, təşkilatçılar bu çağırışlara məhəl qoymayıblar. Bunu nəzərə alaraq, polis aksiyanın xüsusi aqressivliyi ilə fərqlənən iştirakçılarını saxlayıb”, – Vilayət Eyvazov yazıb.

Jurnalistlərə qarşı zorakılıq faktlarına gəlincə, nazir səmimi təəccüb ifadə edərək, “jurnalistlərə qarşı ümumiyyətlə zorakılıq olmadığını, əksinə, bəzi jurnalistlərin qəsdən polisin funksiyalarını yerinə yetirməsinə mane olduğunu” bildirib.

Daha sonra DİN başçısı iddia edib ki, Azərbaycan hakimiyyəti Toplaşma Azadlığı haqqında Qanun çərçivəsində fəaliyyət göstərir və Azərbaycan qanunvericiliyi “bir sıra Avropa ölkələrinin qanunlarından daha liberal və daha humanistdir”.

Meydan TV-ə danışan hüquq müdafiəçisi Rəsul Cəfərov Dunya Miyatoviçlə Vilayət Eyvazov arasında belə bir kommunikasiyanın baş tutmasını müsbət dəyərləndirib.

Rəsul Cəfərov deyib ki, beynəlxalq təşkilatların ölkədəki vəziyyətə biganə yanaşmaması müsbət haldır. Onun fikrincə, xüsusilə ciddi məhdudiyyətlər qoyulan sərbəst toplaşmaq azadlığı barədə suallar gündəmə gətirilib və məsələyə seçki kontekstində toxunub.

Rəsul Cəfərov
Rəsul Cəfərov

“Təəssüf ki, cənab nazirin cavabı faktlar üzərində qurulmayıb. Heç kimə sərbəst toplaşmaq azadlığına ciddi məhdudiyyətlərin qoyulduğu sirr deyil. Nazirin nə deməsindən asılı olmayaraq real vəziyyət göz önündədir. Seçki dövrü oldu-olmadı, aksiyalara ciddi məhdudiyyət illərdir davam edir. Həm Bakı, həm də regionlarda istənilən aksiyanın qarşısı alınır. Məsələ ondadır ki, sərbəst toplaşmaq azadlığının fundamentində ifadə azadlığı dayanır. Özünüifadə də elə təşkil olunmalıdır ki, ünvana çatsın. Əgər söhbət hansısa problemin dövlət qurumlarına çatdırılmasından gedirsə, o zaman tədbir dövlət qurumlarını narahat edən formatda təşkil edilməlidir, yəni şəhərin görünən hissəsində aksiya keçirilməlidir”.

Rəsul Cəfərov nazir Vilayət Eyvazovun aksiyalarda jurnalistlərin davranışları barədə dedikləri ilə razılaşmadı:

“Hadisələri həm aksiyalarda, həm də başqa tədbirlərdə işıqlandıran jurnalistlərə qarşı istənilən müdaxilə qanun pozuntusu və azadlığın məhdudlaşıdırılmasıdır. Ona görə bu hallara yol veriləndə, məsələ ciddi araşdırılmalıdır. Hansısa jurnalist aksiya iştirakçısıdırsa, bu, artıq başqa məsələdir. Mən hansısa jurnalistin də polisə hücum etdiyini görməmişəm. Ən azından nazir konkret fakt göstərməli idi. Ona görə “jurnalist polisə hücum edir” demək bəhanədir və bundan başqa bir şey deyil”, – Rəsul Cəfərov deyib.

Ana səhifəSiyasətRəsul Cəfərov: Vilayət Eyvazovun nə deməsindən asılı olmayaq vəziyyət göz önündədir