“Bizi həbs edən və etdirənlərdən fərqli olaraq qisas hissi ilə yaşamırıq, əsas məsələ qanunun aliliyi, ədalət və digər demokratik prinsiplərin bərqərar olmasıdır”
Həbsdə olan vicdan məhbusu Rəsul Cəfərov “Amerikanın səsi” radiosuna yazılı müsahibəsində həbs olunmasının 4 səbəbini göstərib. Rəsul Cəfərov bildirib ki, həbsinin 4 əsas səbəbi var: “2011-ci ildən həyata keçirdiyimiz layihələrə görə qisas; Siyasi məhbus məsələsini daim gündəmdə saxlamağımız; AŞPA-nın yay sessiyasında dəyirmi masanın və flas-mobun keçirilməsi; Avropa oyunları ilə bağlı kampaniya təhlükəsinin olması.”.
Rəsul Cəfərov yerli və beynəlxalq təşkilatların onun müdafiəsi yönündə apardığı işləri qənaətbəxş hesab edib: “Bəli, məni onların fəaliyyəti qane edir. Bir sıra fəaliyyətlər ictimaiyyətə açıq olmadan həyata keçirilir, əsas məsələ fəaliyyəti zəiflətməməkdir”.
Rəsul Cəfərov hakimiyyətə qarşı heç bir qisas hissinin olmadığını da bildirib: “Bizi həbs edən və etdirənlərdən fərqli olaraq qisas hissi ilə yaşamırıq. Bizim üçün əsas məsələ qanunun aliliyi, ədalət və digər demokratik prinsiplərin bərqərar olmasıdır ki, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.
O, səhhətinin normal olduğunu və saxlanma şəraitindən narazılıq etmədiyini deyib.
Avqustun 2-də həbs olunan Rəsul Cəfərova qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213(vergidən yayınma) və 308(vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham irəli sürülüb.
Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” elan edib.