Rəsul Cəfərov: Hakimiyyət İlqar Məmmədovla bağlı blef edir

İlqar Məmmədov və Rəsul Cəfərov
İlqar Məmmədov və Rəsul Cəfərov


“İlqar Məmmədov 25 oktyabra qədər azadlığa buraxılmasa, sanksiyalar tətbiq oluna bilər”


Son günlər sosial şəbəkələrdə “İlqar Məmmədova ictimai dəstək” aksiyası keçirilir. Meydan TV-nin aksiyanın məqsədi və hədəfləri ilə bağlı suallarını ReAL Hərəkatının İdarə Heyətinin üzvü Rəsul Cəfərov cavablandırıb.

– İlqar Məmmədova ümumi dəstək kampaniyası başlamışıq. Çünki Avropa Şurasının İlqar Məmmədovun işi ilə bağlı qəbul etdiyi qərardan sonra ölkədə onun azad olunması yerinə, qarayaxma kampaniyası, hədələr və həqiqəti əks etdirməyən fikirlər səsləndirilməyə başlandı. Bu fikirlərdən bundan ibarət idi ki, guya ölkədə ictimai fikir Avropa Şurasının qərarına qarşıdır, əslində İlqar Məmmədova heç bir rəğbət yoxdur, onu tanıyan yoxdur. Biz də bu təbliğata cavab olaraq, dostların da təşəbbüsü ilə “İlqar Məmmədova ictimai dəstək” kampaniyasına başladıq. Mövcud reallıqları nəzərə alaraq, bu kampaniya hələlik sosial şəbəkələrdə həyata keçirilir və müddət 25 oktyabra qədər müəyyən olunub. Bu da ona görədir ki, 25 oktyabrda Avropa Şurasında növbəti qərar qəbul olunmalıdır.

Rəsul Cəfərov


– Sanksiyalar gözlənilir, bu məsələdə nəsə yenilik var?

– Avropa Şurasının Nazirlər Kabinetinin qərarına əsasən, əgər İlqar Məmmədov 25 oktyabra qədər azadlığa buraxılmasa, növbəti mərhələdə sanksiyalarla bağlı proses ola bilər. Nazirlər Kabineti Avropa Məhkəməsinə sorğu göndərməlidir. Əgər Avropa Məhkəməsi sorğuya cavab olaraq qeyd etsə ki, İlqar Məmmədovun azad olunmaması Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri pozur, o zaman artıq Avropa Şurası Nazirlər Kabinetinin sanksiya tətbiq etmək hüququ yaranır.


– Son bir ildə müşahidə edilir ki, İlqar Məmmədova dəstək verənlərin sayı artıb. Bu dəstək realdır, yoxsa ancaq sosial şəbəkə üzərindəndir? ReAL Hərəkatına qoşulanların sayına təsir edir?

– Xeyr, təkcə sosial şəbəkə üzərində deyil, bu dəstək realdır. ReAL Hərəkatı yarandığı gündən həmişə artan xətlə inkişaf edib. Məsələn, 5 il əvvəl bizdən partiyaya hazır olub-olmadığımızı soruşanda, deyirdik, hazır deyilik. Nə yerlərdə regional strukturları qurmağa, nə də normal partiya yaratmağa. Amma bu gün bunun tam əksini deyə bilirik. Ona görə də 29 oktyabra ReAL-ın qurultayını təyin etmişik. İndi apardığımız kampaniya da onu sübut edir ki, ReAL-ın dəstəyi artır. Mindən çox adam “Facebook” və “Twitter”də İlqar bəyə dəstək olaraq fotolar çəkdirirlər, “onu azad edin” deyirlər. Mən iddia edə bilmərəm ki, sabah ReAL-a minlərlə adam qoşulacaq, amma fakt budur ki, artan xətt var və çalışacağıq ki, bu tendensiyanı saxlayaq.


– Azərbaycan hökumətinin Avropa Şurasından çıxmaqla bağlı hədələrinə münasibətiniz?

– Onların bu hədələrini ciddi saymıram. Çıxmaqla bağlı məsələni əslində Azərbaycan hökuməti özü ortaya atıb. Çünki Avropa Şurasının ata biləcəyi ilkin addım nümayəndə heyətinin səsvermə hüququnun dondurulmasıdı. Amma Azərbaycan hökumətinin bu addımı onu göstərir ki, hətta səsvermə hüququ dondurulsa belə, bu, onlara çox pis təsir edir, istəmirlər belə hal baş versin. Burda iki yol qalır, ya İlqar Məmmədovu azadlığa buraxmaq, ya da səs-küylü blef etmək. Təəssüf ki, hələ ki hökumət ikinci yolu seçib. Blef edir ki, mən çıxacam, uzaqlaşacam. Amma şəxsi mövqeyim belədir ki, bu, blefdən başqa bir şey deyil.

Ana səhifəVideoRəsul Cəfərov: Hakimiyyət İlqar Məmmədovla bağlı blef edir