Bahar Muradova: Siyasi fəaliyyətinə görə heç kim təqib olunmur
Ölkədə insan haqlarının vəziyyəti olduqca acınacaqlıdır.
Bunu Meydan TV-ə hüquq müdafiəçisi Rəsul Cəfərov dekabrın 10-da bütün dünyada qeyd olunan Beynəlxalq İnsan Hüquqları günü münasibətilə danışarkən, deyib.
1948-ci il dekabrın 10-da BMT Baş Assambleyası “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edib. Həmin ildən hər il dekabrın 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları günü kimi qeyd olunur.
Rəsul Cəfərov bildirib ki, Beynəlxalq İnsan Hüquqları günü adətən bayram, yaxud pozitiv gün kimi qeyd edilir.
“Təəssüf ki, Azərbaycandakı vəziyyət baxımından bu barədə pozitiv düşünmək olmur”.
O, fikrini əsaslandırmaq üçün məhkəmələrin, vəkillərin durumu və hökumətin insan haqlarına münasibətini xatırladıb:
“Azərbaycan Avropa Şurasında bir antirekorda imza atıb. Söhbət 5 və 18-ci maddələrdən gedir ki, Avropa Məhkəməsinin Azərbaycanda azadlıq hüququnun siyasi əsaslarla pozulduğunu sübut edən qərarı var. Bu, nonsensdir və biabırçılıqdır”.
R.Cəfərov deyib ki, beynəlxalq təşkilatların hamısının hesabatlarında Azərbaycanda siyasi və hüquq azadlıqları tənqid olunur.
“Siyasi məhbusların sayı artır, sərbəst toplaşmaq, birləşmək azadlıqları pozulur. Postsovet məkanında yeganə ölkəyik ki, vətəndaş cəmiyyəti haqqında qanunvericilik ən ağır şəkildədir və sənəd insan hüquqlarını müdafiə edən təşkilatların fəaliyyətini qeyri-mümkün edir. Belarusda bu sahədə vəziyyət Azərbaycandan daha yaxşıdır. Rusiyada QHT-lərə şamil olunan “Xarici agentlər haqda” qanuna baxmayaraq vəziyyət bizə nisbətən normaldır. Sosial, iqtisadi hüquqlara gəldikdə, mülkiyyətlə bağlı problemlər hər gün artır və Avropa Məhkəməsinə bu yöndə şikayətlərin sayı artır”.
O, əlavə edib ki, insanların siyasi iradələrini ifadə edən seçki hüququ bərbad vəziyyətdədir, beynəlxalq müşahidəçilərin bununla bağlı rəyləri hakimiyyətə də məlumdur.
“Apreldə keçirilən növbədənkənar prezident seçkiləri göstərdi ki, Azərbaycandakı seçkilərin beynəlxalq standartlara uyğun gəlməməsi ilə bağlı vahid mövqe var. Faktiki insanların seçmək və seçilmək hüququ təmin edilmir”.
Rəsul Cəfərov hesab edir ki, hakimiyyət siyasi iradə nümayiş etdirməklə vəziyyətin yaxşılaşdırılması üçün təcili addımlar atmalıdır.
Milli Məclisin vitse-spikeri Bahar Muradova isə “Report”a deyib ki, Azərbaycanda siyasi fəaliyyətinə görə heç kim təqib olunmur.
“Hüquq müdafiəçiləri siyasi məhbuslarla bağlı ziddiyyətli rəqəmlər səsləndirirlər. Siyasi məhbus adlandırılan şəxslər bu və ya digər partiyaya mənsubluğunu qabardaraq bu adların onların üzərinə qoyulmasına çalışırlar. Onların Cinayət Məcəlləsi və yaxud da İnzibati Məcəllənin bu və ya digər müddəasını pozması faktları var. Ona görə də birmənalı şəkildə Azərbaycanda şəxslərin siyasi baxışlarına görə təqib olunmaması qənaətindəyəm”.