Әrəstun Oruclu: “Növbəti qurbanlar olacaq”

“Yüksək ehtimalla MTN-ə yenə də kənardan kimsə gələcək, yeni nazir orqanın özündən olmayacaq”

Source:


“Yüksək ehtimalla MTN-ə yenə də kənardan kimsə gələcək, yeni nazir orqanın özündən olmayacaq”


Prezident İlham Әliyev gözlənilmədən milli təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifəsindən uzaqlaşdırdı. Səbəb hələ bəlli olmadığından ehtimallar və suallar gündəmi “işğal” edib. Meydan TV Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Әrəstun Oruclu ilə  yaranmış suallara cavab tapmağa çalışdı.


– Ərəstun bəy, milli təhlükəsizlik nazirinin vəzifədən çıxarılması sərəncamını prezident İlham Əliyev Astanadan verib. Bu mənada keçmiş nazir Namiq Abbasovun da istefaya göndərilməsi ilə oxşarlıq var, yəni o da qonaq qarşılayarkən vəzifəsindən azad olunmuşdu. Baş verən hadisələri necə şərh edərdiniz?

– Fərqli situasiyalardır, Namiq Abbasov Azərbaycan ərazisində olarkən, qeyri-adi bir şey olmamışdı. Namiq Abbasov Azərbaycanda səfərdə olan Avropa ölkələrindən birinin xüsusi xidmət orqanı rəhbəri ilə bölgələrimizə  səfər edərkən ona zəng olunub və vəzifəsindən azad edildiyi deyilib. Ancaq Eldar Mahmudovun azad olunması sərəncamının Astanadan imzalanması bir qədər suallar doğurur. Birinci sual odur ki, şənbə günü sərəncamın imzalanması zərurəti nədən yaranmışdı? Sərəncamı bazar ertəsi də imzalamaq olardı. Görünür, hansısa gözlənilməzlik addımı atmaq qərarı verilib. Ya Mahmudovun özünün bu barədə xəbəri olmasın, yaxud başqa bir səbəb. Hər halda sərəncam ölkə ərazisində də imzalana bilərdi, bu, bir qədər anlaşılmazlıq yaradır. Ancaq mən prinsipial məqamın olduğunu düşünnmürəm.



Sizin ehtimallarınız nədən ibarətdir?

– Mahmudovun vəzifəsindən kənarlaşdırılacağı barədə ehtimallarımız vardı. Mən bu barədə öz Facebook səhifəmdə yazanda maraqlı versiyaları gördüm, bunun özü də bir araşdırmadır. Bir hissə sabiq nazirin Qərblə, İsraillə yaxınlığını əsas gətirir, başqaları Rusiyanın adını çəkir. Amma mən düşünmürəm ki, Qərblə yaxın olan xüsusi xidmət orqanı rəhbəri 11 il bu posta qalardı. Yəni Rusiya buna imkan verməzdi. Vaxtilə Namiq Abbasovun vəzifədən azad olunmasının arxasında da Rusiya amili iddia olunurdu. Hesab edirəm ki, Eldar Mahmudov Azərbaycan hakimiyyətində Rusiyaya loyal 2-3 şəxsdən biri idi. Təxminən 2-3 ay əvvəl Azərbaycana gələn Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin görüşdüyü 3 nəfərdən birinin Mahmudovun olması bir çox mətləblərdən xəbər verir.



Patruşev onunla görüşməliydi, çünki həmkardırlar…

– Xeyr, Patruşev onun həmkarı deyil, Təhlükəsizlik Şurasının katibidir. Əvvəllər FSB-nin direktoru olub, Putin də həmin vəzifədə olub, o zaman hökmən deyil ki, Bakıya gələndə Mahmudovla görüşsün. Ona görə onun azad olunmasında daxili amil rol oynayıb. Daxili amil isə bir deyil. İlk növbədə, MTN-nin dövlət daxilində dövlətə çevrilməsi amilidir. Faktiki olaraq nazirlik bütün dövlət nazirliklərini nəzarətdə saxlamağa cəhd edirdi, o cümlədən nazirlərin özlərini və ailə üzvlərini, bir sıra hallarda buna nail də olurdu. Eyni zamanda, nazirlik getdikcə siyasiləşirdi. Bu siyasiləşmə öz rolunu oynadı, siyasiləşmənin arxasında müəyyən iddialar dayanırdı. Görünür, elə bir məqam seçildi ki, Eldar Mahmudov bu vəzifədən kənarlaşdırılsın. Başqa bir tərəfdən isə nazirlik son vaxtlar iflic vəziyyətindəydi.



İflic vəziyyətin əlamətlərini sadalaya bilərsinizmi?

– Biri o idi ki, nazir son 1 ay yarımda nazirlikdə cəmi 5-6 saat olurdu. Bizdə olan məlumata əsasən, saat 11-də işə gəlib, 5-də gedirdi. Bunun özü bir göstəricidir. Azərbaycana kənar təsir və təhdidlərin bu qədər intensiv olduğu bir zamanda ölkənin təhlükəsizliyinə cavabdeh olan nazirliyin rəhbəri işə saat 11-də getmir.



Daxili amildən söz düşmüşkən, sabiq nazir Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevlə və həm də hakim ailə ilə də qohum olmuşdu. Bunlar hansı rol oynaya bilər?

– Rasim Əliyevin hakim ailədə elə siyasi qərarlara təsiri olan nüfuz sahibi olduğunu düşünmürəm. Bu, adi qohumluqdur və siyasi amil kimi də qəbul etmirəm. İkinci, hesab etmirəm ki, Cahangir Hacıyev milyard yarımlıq kreditləri ayırarkən ölkə başçısından yox, Eldar Mahmudovdan məsləhət alırdı. Bu, nəzəri cəhətdən istisna olunur. Beynəlxalq Bankdan 1 faizlə 10-15 ilə alınan kreditlərin kimlərə məxsus olduğunu bilsək, Mahmudovun bu məsələyə aidiyyatı olmadığını görərik.



Başqa bir ehtimal Azərbaycandan Suriyaya radikalların getməsiylə bağlıdır, bu amil onun “vurulmasında” rol oynaya bilərmi?

– Nəzəri cəhətdən mümkündür. Amma Azərbaycandan radikalların Suriyaya getməsi təbii prosesdir. Çünki ölkədə təhsil səviyyəsi aşağı düşüb, mənəvi-ideoloji boşluq yaranıb, islam ölkələrinin beynəlxalq statuslu təşilatları fəaliyyətdədir, bunların bəziləri siyasi şəbəkədir. Bu şəbəkə qurulmuşdu, MTN də onlarla mübarizə görüntüsü yaratmışdı. Amma ümumilikdə bu prosesin qarşısını almaq dövlətin işidir, hətta MTN-nin səlahiyyət çərçivəsi buna kifayət etmir. Şübhəsiz ki, bütün bu amillərin rolu oldu. Bəli, mən xarici amilin də rolunu istisna etmirəm. Amma istənilən halda həlledici amil daxilidir.



Cəmiyyət nəqliyyat naziri Ziya Məmmədovun və xarici işlər naziri Elmar Məmmədyarovun istefaya göndəriləcəyini gözləyirdi. Bu baxımdan Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılmasını gözlənilməz sayırsınızmı?

– Xeyr, mənim üçün gözlənilməz deyildi. Hətta seçkiyə qədər onun nazir vəzifəsindən çıxarılması ehtimal olunurdu, bu, baş verdi. Çünki hakimiyyət daxilində çox ciddi gərginlik yaşanır və hakimiyyət faktiki olaraq xoflu durumdadır. Belə olan şəraitdə siyasi iddiaları olmayan, sırf icraçı, texnokrat nazirlərə ehtiyac var. Bu baxımdan nazir Ramil Usubov özünü öz işinə daha uyğun təqdim edə bildi, nəinki Eldar Mahmudov.



Sosial şəbəkələrdə Usubovun Mahmudova qalib gəldiyi qeyd olunur…

– Bəli, vurğulanır, amma həlledici təsirinin olduğunu düşünmürəm. Məncə, iddia amili həlledici rol oynayır.



Mahmudovun vəzifədən uzaqlaşdırılmasına Əli Nağıyev də sevinə bilərmi?

– Düşünmürəm ki, Əli Nağıyev emosiyaya qapılar, amma hər halda o, təhlükəsizlik orqanlarında sonuncu peşəkarlardan biri idi. Nağıyevin Mahmudov tərəfindən kənarlaşdırılması münasibətlərinin hansı səviyyədə olduğunun göstəricisidir. Belə deyək, bu gün Əli Nağıyevi də qalib hesab etmək olar.



Ümumiyyətlə, Eldar Mahmmudovun 11 illik fəaliyyəti nə ilə yadda qaldı?

– Ən başlıcası o oldu ki, Milli Təhlükəsizlik Naziriliyi peşəkar səviyyəsini itirdi. MTN-də yüzlərlə əməkdaş vardı ki, onlar illər boyu müxtəlif beynəlxalq treninqlərdə, kurslarda iştirak edərək terrorizmə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni aparıcı ölkələrin təcrübəsindən mənimsəmişdi. Onların öyrəndikləri çox önəmli bilgilər idi, çünki Azərbaycanın milli təhlükəsizlik orqanları müstəqil orqan olaraq yeni olduğundan təcrübəyə ehtiyacı vardı. Bu təcrübə də zamanında əldə olunmuşdu. Amma Eldar Mahmudov nazir olandan sonra həmin insanların əksəriyyəti MTN-dən xaric olundu. Yaxşı, onlar müxtəlif xüsusi xidmət orqanlarıyla təmasda olublar deyə, onlara etimadı yox idi. Ancaq onların yerinə gətirilənlərin böyük əksəriyyəti polis sistemindən idi və heç də polisin elitar əməkdaşları deyildi. Ümumiyyətlə, nazirlik keçmiş istefada olan, xüsusi xidmət orqanlarından çox uzaq olan şəxslərin nəzarətinə keçdi. Eldar Mahmudov-keçmiş polis əməkdaşı, Hilal Əsədov, Akif Çovdarov, Fərhad Vahabov, yüzlərlə polis əməkdaşı… Bu, MTN-nin cəmiyyətdəki nüfuzuna və peşəkarlıq səviyyəsinə mənfi təsir göstərdi. MTN-nin praktikasında cibə narkotik atmaq, şərləmək, işgəncə kimi faktların adiləşməsinin şahidi olduq. Halbuki, vaxtilə xüsusi xidmət orqanlarında bu tip neqativ hallar MTN-nin öz əməkdaşları tərəfindən son dərəcə tənqidi qarşılanırdı.



O cümlədən, insanların şəxsi həyatına müdaxilə edib, yataq otaqlarına kamera yerləşdirmək…

– Bəli, gizli kamera çəkilişləri. Düzdür, bunlar sübuta yetirilməyib, amma hər halda belə texniki imkanların MTN-nin əlində olduğunu bilirik. Məsələn, mənim izlənilmələrim olub ki, çox primitiv şəkildə həyata keçiriblər, peşəkarlıq səviyyəsi son dərəcə aşağıydı. Bu səviyyəli adamlar peşəkar terrorçunu necə izləyə bilərdilər? Beləlikə, milli təhlükəsizlik orqanları çox aşağı səviyyəyə düşdü, ən əsası odur ki, cəmiyyətdə MTN haqqında rüşvətxorqluq, korrupsiya kimi fikirlər artdı, əvvəllər belə şey yox idi. Çünki MTN öz fəaliyyət fəlsəfəsinə aid olmayan sahələrə müdaxilə etdi. Həm idxal-ixrac əməliyyatlarına, həm qaçaqmalçılıqla mübarizəyə, bundan əlavə, müxtəlif ticarət obyektlərinə, banklara müdaxilələr oldu. Bu kimi hallar MTN-ni korrupsiyaya uğramış qurum kimi cəmiyyətə təqdim etdi.



Bəs yeni gələn nazirin ilk vəzifəsi polisləri MTN-dən təmizləmək olmayacaqmı?

–  Polisləri dedikdə, bir qədər düzgün deyil, çünki onların arasında peşəkar əməliyyatçıların da olduğunu istisna etmirəm. Amma istənilən halda MTN ona yad ünsürlərdən təmizlənməlidir. Bu, olmayacaqsa, heç nə dəyişməyəcək. Yüksək ehtimalla MTN-ə yenə də kənardan kimsə gələcək, yeni nazir orqanın özündən olmayacaq. Təəssüf doğurmaqla yanaşı bunun da obyektiv səbəbi var. Səbəb odur ki, MTN-də nazir postu tutacaq təcrübəli peşəkar kadr qalmayıb.



Siz ölkədə vəziyyətin ağır olduğunu dediniz. Bu, Azərbaycanın 90-cı illərə qayıtdığını deməyə əsas verirmi?

-Təəssüf ki, belə bir təəssürat var. Sabitliyin pozulması, xüsusilə sosial-iqtisadi sabitliyin, bu fonda iqtisadi rıçaqları yenidən bir əldə cəmləmək cəhdi görünür. Vergi Məcəlləsindəki yeni dəyişiklik təklifləri islahat istəyindən xəbər vermir. Əksinə ölkədəki durumu bir qədər də dərinləşdirəcək. Görünür, hakimiyyət büdcəni doldurmaq üçün iri holdinqlərə və şirkətlərə müdaxilə riskindən qaçır. Çünki belə müdaxilələr siyasi fəsadlar doğura bilər. Ona görə kiçik və orta sahibkarlıq subyektlərinə müdaxilə edir. İkinci səbəb odir ki, kiçik və orta sahibkarlıq subyektlərini gündəmdən silmək qərarı verilib. Bunun ciddi fəsadlarının nə dərəcədə ciddi araşdırıldığını bilmirəm, amma vergi qanunvericiliyinə dəyişiklik təklifləri belə düşünməyə əsas yaradır. Bu təkliflər qəbul edilsə, birinci zərbəni kiçik və orta sahibkarlıq subyektləri alacaq. Onsuz da onların bazarda mövqeləri çox zəifdir. Bu isə işsizliyin, yoxsulluğun, qiymətlərin və sosial-iqtisadi gərginliyin artması deməkdir. Belə fəsadlar olan yerdə siyasi gərginliyin artması istisna deyil.



Deməli, növbəti qurbanları gözləyək?

– Təbii, növbəti qurbanlar olacaq, çünki indiki ictimai-siyasi reallıq bunu tələb edir.

Ana səhifəXəbərlərӘrəstun Oruclu: “Növbəti qurbanlar olacaq”