Restoranda, barda, taksidə siqaret çəkmək yasaqlanır

Qanuna tabe olmayanlar inzibati, mülki və cinayət məsuliyyətinə cəlb ediləcəklər

Source:


Qanuna tabe olmayanlar inzibati, mülki və cinayət məsuliyyətinə cəlb ediləcəklər

Azərbaycanda ictimai yerlərdə siqaret və digər tütün məmulatlarının çəkilməsi qadağan edilir.  Yeni qanun layihəsində belə nəzərdə tutulub.

Səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbir keçirilən zallarda, ticarət və məişət obyektlərində, restoranlar, kafelər, barlar daxil olmaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə, inzibati binalarda, iş yerlərində tütün çəkilməsinə icazə verilmir.

Həmçinin vağzal, avtovağzal və avtobus dayanacağı, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, liftlərdə, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında, yanacaqdoldurma stansiyalarında, yüksək təhlükə mənbəyi hesab olunan digər obyektlərdə tütün çəkilməsi qadağan edilir.

Ancaq qanuna əsasən, bütün müəssisə, idarə və təşkilat rəhbərləri sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilmiş tütün çəkmək üçün xüsusi yerlər ayrılmasnı və bu yerlərdən kənarda “tütün çəkmək qadağandır!” yazısının və ya işarəsinin olmasını təmin etməlidir.

Sənəddə o da bildirilir ki, yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsulları satışı, onlar üçün tütün məmulatlarının və ya məhsullarının alınması və ya verilməsi, tütün məmulatlarını və ya bütün məhsullarını hər hansı üsulla istifadə etməyin təklif olunması və ya tələb edilməsi yolu ilə tütün istifadəsi prosesinə uşaqların cəlb olunması qadağandır.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirə ediləcək. Qanun layihəsi 3 fəsil, 18 maddədən ibarətdir. Tütün çəkilməsinə icazə verilməyən yerlər qanun layihəsinin 10-cu  maddəsində yer alıb.

Bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar, Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Ana səhifəXəbərlərRestoranda, barda, taksidə siqaret çəkmək yasaqlanır