Respublikanın evtanaziyası

Mənbə: Meydan.TV

Başlıq: Respublikanın evtanaziyası

Respublikanın evtanaziyası

Məqalə yeniləndi:  4 İyun 2019

“Sıradan birilərinin, hətta bunlardan da aşağı olanların, eləcə də uşaqların və kütbeyinlərin əlinə böyük hakimiyyət keçərsə, onlar tarixi şəxsiyyətə çevrilə bilərlər” - Karl Kautski

Evtanaziya — sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi

Tarixin kor dalanı

Bakı məktəblərində tezliklə “son zəng” çalınacaq. Xruşov ab-havasının qürubunda doğulan, Brejnevin durğunluq dönəmində oxuyan və Qorbaçovun yenidənqurma dövründə müstəqil həyata başlayan, bir dövlətin vətəndaşları olan nəslimin məzunları azadlıq, müstəqillik və demokratiyanın havasını 90-cı illərin əvvəllərində ciyərlərinə çəkə bildilər.

Azərbaycanın ən yeni tarixi həm də şəxsi hekayətimin bir hissəsidir. Odur ki, prosesin müasiri kimi bu dövrə öz münasibətimi bildirməliyəm. Gələcək nəsillər bu hadisələri dərsliklərdən öyrənəcəklər, bizsə məlum imtiyazdan məhrumuq.

Arnold Toynbi (Britaniya tarixçisi, kulturoloq və sosioloq – tərc.) hesab edirdi ki, ən qızğın hərəkət daha çox “tarixin kor dalanları”nda müşahidə olunur.

1993-cü ilin iyununda dirəndiyimiz bu kor dalan ən yeni tarixin ən qızğın çağıdır. Onun yüksələn inkişafı da məhz bu dövrdə yarıda kəsilib və biz onu davam etdirmək üçün geriyə qayıtmalıyıq. 1992-93-cü illərin siyasi elitasının nümayəndələrinin fikrincə, irəli baxmaq lazımdır, iyirmi beş il bundan əvvəl baş verənləri “qurdalamaq”sa boş məşğuliyyətdir.

Əvəzində tarix elmi və tənqidi düşüncə prinsipi fərqli yanaşma tələb edir. Folknerin (Uilyam Folkner, amerikalı yazıçı, ədəbiyyat üzrə Nobel laureatı – tərc.) qəhrəmanlarından birinin dediyi kimi, “keçmiş heç vaxt ölmür, bu, hətta heç keçmiş də deyil”.

Meydan Hərəkatı

Meydan Hərəkatı

Mənbə: Google

Siyasi evtanaziya

Bu hadisələrin tənqidi analizinə qarşı çıxış edənlər yəqin hazırkı hakimiyyətin əsaslandığı rejimin, – onu bəzən “kriminal” da adlandırırlar, – özülünü məhz özlərinin qoyduğunu unutdurmaq istəyirlər.

1992-ci ilin mayında demokratik respublika qurmaq vədi ilə tariximizin taleyini həll edən və fəaliyyətləri minimum bir nəsil üçün “tarixin sonu” kimi əlamətdar olan kəslər öz cinayətkar, ya da tarixi çözümlərini (seçimi öz öhdələrinə buraxıram) özləri qiymətləndirməlidirlər. Bu adamlar nə qədər ki ağızlarına su alıb durublar, siyasi həyatımız elə onların özlərinin təməlini qoyduqları hakimiyyət modelini bir o qədər təkrarlayacaq.

Cəmiyyətin artıq üçüncü onillikdir ki, cavabını gözlədiyi suallar kollektiv şüursuzluğun bir küncünə sıxışdırılsa belə, əvvəl-axır bu qiymətləndirmə veriləcək. R.Reyqanın 1986-cı ildə sovet xalqına ilk müraciəti zamanı söylədiyi ifadə yaddaşıma həkk olunub – “yarımhəqiqət elə yalanın özüdür”.

İyun hadisələrinin üzərində dolaşan yarımhəqiqət cəmiyyətə az qala iyirmi beş illik seytnotdan çıxmağa imkan vermir.

1993-üc il iyun qiyamından sonra Əbülfəz Elçibəy ilə Heydər Əliyevin Bakıdakı görüşündən

1993-üc il iyun qiyamından sonra Əbülfəz Elçibəy ilə Heydər Əliyevin Bakıdakı görüşündən

Mənbə: Google

1993-cü ilin iyun hadisələri diaqnostikanın tükənməz mənbəyi, özlüyündə müasir siyasi həyatın “qızıl yatağ”ı, Klondaykıdır (Kanadanın şimaq-qərbində bölgə, qızılın kütləvi şəkildə əldə edildiyi yer – tərc.). Biz yalnız onları öyrənməklə niyə bu hala gəldiyimizi anlaya və eyni şeylərin təkrarlanmaması üçün ibrət götürə bilərik.

Artıq etiraf etmək lazımdır ki, 1993-cü ilin iyununda ali siyasi hakimiyyətin öz konstitusiya öhdəliklərindən imtina etməsi və ya iqtidarsızlığı (Baş nazirin və spikerin istefası, Prezidentin qaçması, ikinci eşelon siyasətçiləri və məmurların fəaliyyətinin “dondurulması”) nəticəsində respublikanın evtanaziya prosesi işə düşdü.

Tibbi evtanaziyadan fərqli olaraq, siyasi evtanaziya uzun prosesdir, odur ki, obıvatel onu görə bilmir. Biz içimizdəki vətəndaşın zamanla necə öldüyünü, dövlətdəki dəyişikliklərin lakmus kağızı rolunu oynayan mədəniyyətimizin mutasiyaya məruz qaldığını, elmin hörmətdən düşdüyünü və təhsilin keyfiyyətinə sirayət etdiyini izləmişik. Bu fundamental əsaslardan məhrum olan istənilən dövlət xammal törəməsinə çevrilir və öz heysiyyətinə müstəqillik atributları ilə təskinlik verir.

Azərbaycanın, o cümlədən Rusiyanın demokratik hərəkatının faciəsi ondadır ki, özlərini demokrat kimi qələmə verən siyasətçilər xalq hakimiyyətinin

cücərtilərini dəfn etməklə və sayəsində hakimiyyətə gəldikləri geniş kütləni siyasətdən kənarlaşdırmaqla avtoritarizmin əsasını qoyublar.

Tarixçilərə bəlli olduğu kimi, elə ölkələr var ki, orda dövlət xadimlərinin səhvlərinin cəzasını bütün millət çəkir. Təəssüf ki, biz iki minilliyin qovşağında bu siyahıya düşmüş olduq və quruculuğa can atan gənc xalqdan ümidləri puça çıxmış xalqa çevrildik.

Siyasi qiymətləndirmənin yoxluğu

Liberallar geniş kütləni hakimiyyət məsələsinin həllindən kənarlaşdırmaqla onların özlərinə olan inamlarını öldürdülər. Əcəba, onlar Xəzərin yataqlarından çıxarılan milli sərvətlərin sanki Bakı küləyi ilə Panama və Kayman ofşorlarına sovrulduğunu görəndə, niyə cəmiyyətin ətalətindən və etinasızlığından şikayələnirlər?

Sanki korrupsiyanın nəhəngliyini simvollaşdıran və cəmiyyəti yerindən tərpətməli olan sehrli rəqəm var. Liberallarımız Polşada, Rumıniyada, ya da Slovakiyada baş verən qeyri-mütəşəkkil xalq çıxışlarının Azərbaycanın siyasi mənzərəsindən tamamilə uzaq olduğuna səmimi qəlbdən təəccüblənirlər. O respublika ki, SSRİ ərazisində yüz minlərlə iştirakçısı olan kor-təbii mitinqlərə ilk start verənlərdən olub.

Bu sandıqça rahat açılır: 1993-cü ilin iyun hadisələrinin inventarizasiyası olmadan yerdə qalan bütün analitik nəticələr və perspektivlər öz tutarlılığını itirir.

Siyasi qiymətləndirmənin yoxluğu o dövrkü siyasi elitanın baş verənlərin və baş verməyə davam edənlərin səbəb-nəticə əlaqəsini qırmaq cəhdlərindən savayı bir şey deyil. Axı 1993-cü ilin iyununda sadəcə hakimiyyətin ötürülməsi deyil, həm də Azərbaycanda liberalizmin gələcəyinin hörmətdən düşməsi baş verib.

Demokratik seçkilərdə sabiq kommunist Kvasnevskiyə layiqincə uduzmağı bacaran Lex Valensanın, ya da keçmiş kommunist Brazauskasa ləyaqətlə yenilən Landsberqisin cəsur addımından fərqli olaraq, hakimiyyətdəki böhran nəticəsində parlament buraxılmalı olanda Elçibəyin problemi çözməsi üçün seçkiləri elan etməyə, qürurla istefa verməyə və hakimiyyəti Konstitusiya üzrə müvəqqəti icraçıya ötürməyə müdrikliyi çatmadı.

Liberallar hazırkı hökuməti Kremlin regionda oyunlarına və təzyiqinə qarşı dura bilməməkdə günahlandırarkən bunun səbəbini dünya arenasında respublikanın hüquqlarını qoruması üçün hakimiyyətin əlində real xalq mandatının olmamasında görür. Daha doğrusu, onlar etiraf edirlər ki, hakimiyyətin istənilən böhranının həllində demokratiyadan yaxşı cavab ola bilməz.

Bununla yanaşı, onlar “unudurlar” ki, ilk ciddi böhrandaca elə özləri demokratik prosedurların köməyi ilə ondan çıxmaq istəmədilər, əksinə, hakimiyyətin ötürülməsi üçün səhnəarxası və kuluar danışıqlara getdilər. Bu isə öz növbəsində Azərbaycanda yeni doğulan demokratiyaya və liberal ideyalara ölümcül zərbə vurdu.

“Yenidənqurmanın ətcəbalaları”

“Yenidənqurmanın ətcəbalaları” Azərbaycan xalqının tarixi nailiyyətlərindən rahatlıqla imtina edərək, eləcə də qartala çevrilmədilər və anlamadılar ki, siyasi rejimlərin trayektoriyası obyektiv struktur səbəblərlə müəyyənləşir. Onlara gerçəkdən elə gəlirdi ki, rahatlıqla aldıqları kimi elə rahatlıqla da verdikləri hakimiyyəti geri qaytara bilərlər.

Mən onları rollarını kiçiltmək üçün “ətcəbala” adlandırmadım və bu, heç də alçaldıcı müqayisə deyil. Onların hamısı istisnasız yenidənqurmanın məhsullarıdır, heç biri heç vaxt antisovet fəaliyyəti göstərməyib və buna görə təqib olunmayıb, əksinə, müxtəlif sovet orqan və müəssisələrində uğurla öz karyerasını qurub. “Ətcəbala”ların çoxunun bəxtinə cekpot düşüb və onlar özlərini dahi strateq və təşkilatçı sanıb. Onlar talelərin və tarixin müqəddəratını həll etdiklərini düşünüblər. Beləcə, bizim taleyimizi klassik Avropa zərb-məsəlinə uyğun həll etməyə girişiblər – “adamın işi-gücü qurtaranda böyük işlərin qulpundan yapışır”.

“Böyük işlər” onunla bitdi ki, bugünkü 20 yaşlı siyasi məhbuslar Litva ilə Azərbaycanın və hətta Gürcüstanla Azərbaycanın vaxtilə bir dövlətin hissəsi olduğunu və eyni qaydalarla oynadıqlarını dərk edə bilmirlər.

“Yenidənqurmanın ətcəbalaları” yaddaş pozğunluğunun üzərindən uçaraq, 93-cü ilin iyun hadisələri ilə bağlı cəmiyyətə öz izahlarını sırımağa çalışırlar: inqilab, qiyam, termidor (Fransada 1794-cü ildə əksinqilabi çevriliş – tərc.). Sanki biz ən yeni tariximizin ən biabırçı səhifəsini deyil, Fransa inqilabının şücaətli tarixini öyrənirik. Biz saysız-hesabsız peşmançılıqlarıdan qürur duya-duya lap şişib çatlamalıyıq.

Onların çoxu hələ heç anlamayıb ki, siyasi xadimlərin qiymətləndirilməsinin əsasında mifik tarix durmur. Tarix siyasi xadimləri onların niyyətlərinin toplusuna görə qiymətləndirmir. Ya da İosif Brodskinin dediyi kimi, “insan öz əqidəsinin deyil, hərəkətlərinin toplusudur”.

Demokratlar 1993-cü ildə gerçəkləşdirdikləri həll yollarını dövlətin maraqları, Azərbaycanın Rusiyadan asılı vəziyyətə düşməsi təhlükəsi ilə izah edirlər. Halbuki onlar anlamırlar ki, təkcə totalitar rejimlər şəxsiyyətin maraqlarını dövlətin maraqlarına tabe etdirir və insan həyatının koordinatı fonunda istənilən dövlət qələbəsi xəyalidir.

Elçibəyin xətaları

Elçibəy prezident andını içəndən sonra yalnız bircə qərar verməliydi, tarix ondan bu qərardan savayı heç nə istəmirdi. Beləcə, o, sonra nə baş verdiyindən asılı olmayaraq, Azərbaycan xalqı qarşısında öz həyat missiyasını yerinə yetirdiyini hesab edə bilərdi.

Bu qərar tarixi əhəmiyyətinə görə 1918-ci ildə ADR-in elan edilməsinə bərabər ola bilərdi. Bu, respublikanın taleyini həll edəcək tarixi suayırıcı olardı və XXI əsrdə hərəkatımızın vektorunu qoyardı. Beləcə, yeni seçilmiş prezidentin bir nömrəli fərmanı “Sovet parlamentinin buraxılması” olmalı idi. Sonra vaxtından əvvəl seçkilərin keçirilməsi haqqında fərman verilməli idi.

Biz bu suayırıcından keçə bilsəydik, heç bir hüseynovlar-qazıyevlər-məmmədovlar-cavadovlar tariximizi alt-üst edə bilməzdi, heç bir qiyam və müdaxilələr qorxulu olmazdı, heç bir siyasətçi demokratik parlamentə “lazımlı” spiker namizədinə səs verməsi ilə bağlı təzyiq göstərə bilməzdi. Və ən əsası, idarəetmənin respublika formasının təməli institusional şəkildə qorunar, nəticə etibarı ilə “ətcəbala”ların əhval-ruhiyyəsindən, qorxularından və qətiyyətsizliyindən asılı olmazdı. O “ətcəbala”lar ki, dahi Üzeyir Hacıbəyovun ölməz əsərinin (“O olmasın bu olsun”) qəhrəmanları kimi qorodovoyun ilk fitindəcə ora-bura qaçışdılar. Oxucunun yadındadırsa, mötəbər “qoçu”ları qorxudan bu fiti heç qorodovoy deyil, baş qəhrəman Sərvərin yoldaşı olan tələbə çalmışdı.

Əbülfəz Elçibəylə Heydər Əliyevin İyun Qiyamından sonra Bakıdakı ilk görüşü

Əbülfəz Elçibəylə Heydər Əliyevin İyun Qiyamından sonra Bakıdakı ilk görüşü

Mənbə: Youtube screenshot

Parlament seçkilərinin uzadılmasında strateji səhv tarixi məsuliyyətdən azad etmir, necə ki qanunları bilməmək cinayətə görə məsuliyyətdən azad etmir. Əsas olan sovet parlamentinin AXC-nin rəhbərliyi altında verdiyi qanunverici aktların miqdarı deyil, onun inkişafın demokratik yolunu bir neçə onillik boyu ləngitməyə macal tapmasıdır. Bu mənada Heydər Əliyev prospektinə çıxan küçələrdən birini “Elçibəyin kor dalanı” adlandırmaq tarixin ədaləti sayılardı.

Demokratların 1992-ci ildə birinci dərəcəli vəzifəsi sovet parlamentinin qalıqlarına dayaqlanaraq qızğın fəaliyyət nümayiş etdirməsi deyil, seçkilərin keçirilməsi və hakimiyyətin müstəqil qollarını yaratması olmalı idi. Bu, şəxsi imtiyazlara əsaslanan konstitusiya əleyhinə qərarların verilməsinin, ya da siyasətçilərin xarici və daxili konyunkturanın qiymətləndirilməsində qeyri-adekvatlığının qarşısını ala bilərdi.

Axı seçkilər keçirilsəydi, AXC 100%-li hökumət yaradan və təkhakimiyyətliliyin “şanlı” kommunist ənənələrini davam etdirən partiya olmazdı. Axı demokratiya tarixi çoxdan sübut edib və təsdiqləyib: siyasətdə yaxşı və pis adamlar olmur, alternativsizlik ən “yaxşı”nı “əjdaha”ya çevirir, dayandırma və əks sistemsə müstəqil KİV-lə yanaşı ən əxlaqsız siyasətçini belə cilovlaya bilir. AXC isə hesab etdi ki, sovet instrumentarisinə arxalanaraq tək partiya ilə idarə edə bilər.

Feilin lazım forması ilə tarix

Fərz edək ki, 1992-ci ilin payızında seçkilər nəticəsində parlament quruldu və hakimiyyətin qollarına “böyük bəy”in deyil, təkcə Konstitusiyanın qarşısında ehtiram duyan müstəqil namizədlər başçılıq etməyə başladılar. Bu cür siyasi bölgü olduqda AXC parlamentdə performans nümayiş etdirə bilərdimi, prezident səlahiyyətləri demokratik şəkildə seçilmiş qanunverici orqan tərəfindən təsdiqlənmiş parlament spikerini, ya da Baş naziri istefa verməyə məcbur edə bilərdimi?

Axı bu cür bölgü zamanı bir adam planı öz fərdi baxışlarına uyğun gerçəkləşdirməz və milyonlarla azərbaycanlının həyatını tarixin oduna atmazdı.

Liberal jurnalistikanın populyar mövzularından biri iqtisadi sahədə monopoliya mövzusudur. Bu mühümdür, heç kəs mübahisə etmir. Amma niyə indiyədək 1992-93-cü illərin elitasının fəaliyyətinin siyasi qiymətləndirilməsi yoxdur? O elitanın ki, həyatımızı, bu günümüzü və dünənimizi, övladlarımızın gələcəyini monopoliya şəklində idarə etmək haqqına yiyələnib.

Mən günahkar tapmağa və onları barmaqla göstərməyə çalışmıram, amma 1993-cü ilin iyununda verilmiş məsuliyyətsiz və cinayətkar qərarların tənqidi dərki olmadığı təqdirdə biz inkişaf və təkamül qabiliyyətimizi itirəcəyik.

Meydandan çıxan demokratlar milyonları hüquqi dövlətin qurulmasına ümidləndirmişdi. Halbuki sonda əldə edilən bu ideya və ümidlərin tamamilə hörmətdən düşməsi oldu.

O dövrkü AXC-nin bir çox nümayəndəsi simasını necəsə saxlamaq üçün ildən ilə mifləri tirajlamaqla məşğuldur.

Tirajlanmış miflər

Amma miflər kabinetlərdə yaranmır, mif yaradıcılığı cəmiyyətdəki arxetiplərə dayaqlanaraq elə həmin Prometeyi yaratmış xalqın nəsibidir. “Ətcəbala”lardan irsən aldığımız tarixin boşluğunda titanlar meydana gəlmir. Yunan titanı ilə “Kələki zahidi” arasındakı bənzərlik bircə Qafqaz dağlarıdır. O dağlarda ki, Zevs Prometeyi insanlara od verdiyinə görə zəncirləyib, Elçibəysə insanları azadlıq odundan məhrum etdiyi üçün özü özünü ora məhkum edib. Halbuki bu azadlıq uğrunda titanlar Qarabağda canlarından keçmiş, faciəli iyirmi yanvar günlərində həlak olmuşdular.

O dövrkü siyasi elitanın hələ də yetişdirdiyi ən böyük mif Elçibəyin arxasında Rusiyanın durduğu qiyam nəticəsində devrilməsidir. Bu mif daha diqqətli tədqiqat və ifşa tələb edir, odur ki, ona sonra ətraflı şəkildə qayıdacam.

Daha davamlı mif 1992-93-cü illərdə AXC-nin “demokratik hökuməti” mifidir.

Demokratik hökumət liberal dünyagörüşlü insanların idarə etdiyi hökumət deyil. Demokratik hökumət ümumi demokratik seçkilərdə xalqın mandatını almış liberal siyasətçilərin qurduğu hökumətdir.

AXC bir partiya və hərəkat kimi hələ ki xalqdan heç vaxt belə mandat almayıb. Onların bir il ərzində hakimiyyətdə olduqları müddətdə bu mandatı almaq imkanları olub, amma yəqin ki siyasi monopoliya şəraitində işləmək daha rahat idi. Bu, məsələnin prosessual tərəfidir. “Demokratlar” qərarların verilməsi metodları üzrə isə Heydər Əliyevin spiker vəzifəsinə irəli çəkilməsi üçün Elçibəyin deputatlara təzyiqi də daxil olmaqla, – o özü bunu etiraf edib, – tamamilə kommunistlərin instrumentarisindən istifadə ediblər.

Elçibəyin legitimliyi: siyasi spekulyasiya amili

Eyni zamanda etiraf etmək lazımdır ki, Elçibəy postsovet Azərbaycanında ümumi azad seçkilərdə zəfər qazanmış yeganə demokratik siyasətçidir.

Elçibəyin legitimliyində onun iyun hadisələrində manipulyasiya etdiyi sovet parlamenti axınla üzüb. Elə bu parlamentin üzvləri də partiya mənsubluqlarından asılı olamayaraq, Ayaz Mütəllibovun dəftərxanasında təsdiqlənəndən sonra deputat kimi fəaliyyətlərini davam etdiriblər.

Təsadüfi deyil ki, Gəncə qiyamı başlayandan sonra Heydər Əliyev xalqa müraciətində onlara Əbülfəz Elçibəyin ətrafında sıx birləşməsini dedi. Çünki yaxşı bilirdi ki, onun yenidən böyük siyasətə qayıtması üçün təkcə ləkələnməmiş ada sahib yeganə legitim siyasətçinin potensialı və vasitələri var.

Heydər Əliyev gerçəkçi idi və bilirdi ki, onun ardınca şleyf kimi uzanan birmənalı siyasi və ideoloji baqajı başında yeni seçilmiş prezident durmaqla AXC-nin elan etdiyi dəyərlərə yad və düşməndir. Və bu əskikliyi yalnız baş mühasib hesabdan silə, sıfırlaya və ona təmiz deklarasiya verə bilər.

Elçibəy yalnız bir şeyi hesablaya bilməmişdi – nüfuz və etibar krediti dibsiz deyil. Və o, hakimiyyəti Əliyevə verməklə, Olimpə gedən yolunu qabaqcadan təmizləməklə həm də xalq tərəfindən aldığı legitimliyini ona verib və boş təknə ilə baş-başa qalıb. O dərk etmirdi ki, Akula Dodsonun (O.Henrinin “Seçdiyimiz yollar” novellasının qəhrəmanı – tərc.) dediyi kimi, “Bolivar ikisinə tab gətirməyəcək”.

O, legitimliyini, demokratikliyini, etibar kreditini və nüfuzunu respublikada ikinci vəzifəyə irəli sürdüyü Heydər Əliyevin dəstəyinə konversiya edib. Beləcə, “Əliyev intibahı”nın yaradıcısına çevrilib.

Bu səbəbdən müxalifətin xalqı əlindən alınmış hakimiyyəti geri götürməyə çağırmasının heç bir məntiqi əsası yoxdur. Və əgər xalq siyasətdə baş verənləri səssiz-səmirsiz izləyirsə, deməli, elə belə də hesab edir. Hakimiyyətsə onun xəyallarına Mariya Antuanettanın dili ilə züy tutur – “sizin heç nəyiniz olmayıb, odur ki, sizin əlinizdən heç nəyi almayıblar”.

Təəssüf ki, 1993-cü ilin iyununda Azərbaycan xalqı bir qrup adamı bir araya gətirdi ki, həmin insanları siyasi leksikada “faydalı sarsaq”lar adlandırırlar və onlardan idarənin respublika formasının dağıdılmasında alət kimi istifadə edirlər.

“Kömək üçün dəvət etdilər?”

Məni bu esseni yazmağa tarixi cümlə təhrik etdi. Bu, eks-prezidentin Naxçıvan rəhbərinin dəvətinin səbəbi sualına verdiyi cavabdır: “Kömək üçün dəvət etdik”.

Belə bir yozumun demokratik ictimaiyyətdə qəzəb doğurmaması təəccübə səbəb olur və iyun razılaşmasının siyasi qiymətləndirilməsinin zəruriliyini təsdiqləyir.

Maraqlıdır ki, hər dəfə yenidən və yenidən “qardaş qanının tökülməməsinin istənməməsi”, “hakimiyyəti paylaşmaq niyyəti” tezislərinin təkrarlanması bizim liberallarda hələ də hüquqi şüurun yoxluğundan xəbər verir. Müxalifət liderlərindən biri, görünür, hələ də hesab edir ki, “hakimiyyəti bölüşmək” dəvəti toya dəvətdən heç nə ilə fərqlənmir. Harda ki ən yaxşı yerlər mötəbər qonaqlar üçün saxlanılıb. O dövrkü siyasi elita hələ anlamayıb ki, hakimiyyət şəxsi rəğbətlə deyil, onun cinayətkarcasına görməzdən gəldiyi demokratik seçkilərin nəticələri üzrə bölüşdürülür.

Hüquqi şüurun yoxluğu

Məhz bu, 1993-cü ilin iyununda AXC-nin siyasi rəhbərliyinə o həddi keçməyə imkan verdi ki, əslində bəzi siyasətçilərlə həmin ittifaq onlar üçün apriori toksik və hətta müzakirəsi qeyri-mümkün sayılmalı idi. Məhz “yaxşı” ilə “pis” dəqiq müyyənləşdirilmədiyi üçün “Azərbaycan liberalizmi”ndə elə 26 il əvvəl olduğu kimi, sabiq səhiyyə naziri Əli İnsanov kimi personajlar siyasi arenaya çıxmaqdan utanmırlar və liberal düşərgədə müəyyən rəğbət sahibidirlər.

1993-cü ilin iyunun siyasi qiymətləndirməsinin yoxluğu demokratik müxalifətə psixikası qeyri-stabil hərbi xidmətçinin hərəkətinə qəhrəmanlıq adı vermək üçün hakim partiyanın qərargah-mənzilində həyasızcasına toplaşmasına imkan verir. Bu addım 93-ün iyunun “nailiyyət” daxılına daha birini əlavə etdi və göstərdi ki, azərbaycanlı demokrat “Ramil baltası”nı ümummilli ideya kimi dəstəkləməklə “oturmayan ermənidir” şüarından eləcə də qurtula bilməyib.

Avropa Parlamentində azərbaycanlı zabit Ramil Səfərovla bağlı qəbul olunmuş qətnaməyə cavab olaraq YAP-ın təşəbbüsü ilə müxalif partiyalarla birgə keçirilən tədbir

Avropa Parlamentində azərbaycanlı zabit Ramil Səfərovla bağlı qəbul olunmuş qətnaməyə cavab olaraq YAP-ın təşəbbüsü ilə müxalif partiyalarla birgə keçirilən tədbir

Mənbə: Yeni Müsavat

Azərbaycanlı liberallara anlaşılmaz “niyyət-əməl” bağını daha yaxşı başa sala bilmək üçün Corc Makdonaldın (Britaniya yazıçısı və şairi – tərc.) hekayəsindən bir lətifə danışım. Deməli, hekayənin qəhrəmanı olan bakirə qız fahişəxanada süpürgəçi işləməyə başlayır və təmiz adını heç cür ləkələməyəcəyinə əmindir. Bir müddət sonra söhbət əsnasında rəfiqəsi ona sual verir ki, görəsən, öhdəlikləri təkcə məkanın təmizliyindən ibarətdir? Qız isə sadəlövhlüklə cavab verir ki, təkcə şənbələr fahişəxananın müştəriləri çox olanda onlara azacıq “kömək” edir.

1992-93-cü illərin bax elə bu sadəlövh qızla assosiasiya etdiyim siyasi elitasını totalitar keçmişdən təmizlənmək üçün hakimiyyətə gətirdilər və onlar da işlər çoxalanda öz öhdəliklərindən kənara çıxmağı qərara aldılar, bəziləri isə hekayənin qəhrəmanı kimi başqalarının işini də görməyə başladı.

Mən bu faktı onları ələ salmaq üçün təsdiqləmirəm.

Mən özümü ələ salıram və Fazil İsgəndərin dediyi kimi, səfehliyə onu məhv etmək üçün deyil, – səfehlik məhvedilməzdir – dərrakəlilərin ruhunu dəstəkləmək üçün gülürəm.

Mentallığın ayı xidməti

“Yenidənqurmanın ətcəbalaları” və onların hakimiyyəti qızıl sinidə ötürdükləri indiki rejim əsasında tarixi qəhrəmanlıq kultu dayanan Azərbaycan mentallığını fəal surətdə istismar edir. Və sən əgər bu koqortaya (qədim Romada təxminən 600 nəfərlik qoşun dəstəsi – tərc.) “ulu adam” kimi düşmüsənsə, onda heç bir səhvin və cinayətin nüfuzuna xələl gətirə bilməz.

Bizdə, islam fatalizminin təsiri altında olan bir çox Şərq xalqında olduğu kimi, zaman hissi həyat qabiliyyətini itirib. Bizdə yaddaşla unutqanlıq arasında ikiyə bölünmə təməl daşı rolunu oynayır, yaxın tarixi hadisələrin və siyasətçilərin istənilən tənqidi analizi son dərəcə pis qarşılanır.

Bu mentallıq, bir tərəfdən, cəbhəçilərə iyun hadisələrinə görə öz partiyalarının məsuliyyətini yaddaşlardan silməkdə yardımçı rolunu oynayır, digər tərəfdən, əhali baş verənləri və indiki halda ən əsası baş verməyə davam edənləri müqəddərat kimi qəbul etdiyi üçün onlara ayı xidməti göstərmiş olur.

Cəbhəçilər özlərində güc tapıb 1992-93-cü illərdə öz hökumətlərinə obyektiv qiymətləndirmə verməlidirlər. Belə ki iyunun 4-dək heç bir siyasi liderin heç bir xidməti artıq iyunun 4-dən sonra gerçəkləşdirilən əməllərin indulgensiyası ola bilməz. Həyatı tənlik kimi bərabərləşdirmək olmaz və Albert Eynşteynin dəqiq vurğuladığı kimi, yaxşı hərəkətlər pis hərəkətləri kompensasiya etmir.

“Ətcəbalalar” demokratik seçkilər və hakimiyyəti bölmək əvəzinə xalqa “zamana ehtiyac var” cümləsini soxuşdurub.

Respublikanın evtanaziyası

Onları hakimiyyətə gətirən biz sıradan fanilərə və səfehlərə onların niyyətlərinin dahiyanəliyini anlamaq necə də çətin oldu. Amma üçüncü onillikdə hələ də onların əkdiklərini biçməklə artıq rahatlaya bilərik, belə ki, lap məşhur lətifədə deyildiyi kimi hər şey gün kimi aydındır, – orqazm kimi qəbul etdiyimiz əslində bronxial astma imiş.

“Ətcəbalalar”dan alınan miras konversiya edilmir və məşhur publisistin qeyd etdiyi kimi, nə olmalı idisə, o da oldu və biz bu kinonun davamına baxırıq. Çünki bizim tarixin əməl sahibi olan simalarına çevilmək cəhdimiz müvəffəqiyyətsizliyə uğrayıb. Respublikanın evtanaziyası bu dövlət modelinin tükənməsi ilə sonuclanıb.

Biz artıq başqa sistemdə yaşayırıq, qoy onun tərifi üzərində siyasətçilər və iqtisadçılar baş sındırsınlar. Yeni quruluşun mahiyyətini ədəbiyyatla ifadə etməyə çalışsaq, Yevgeni Şvars (rus sovet nasiri və dramaturqu, şair, jurnalist, ssenarist – tərc.) ona dəqiq tərif verib: “Əvvəllər əjdahanın həyasızcasına mənimsədiyi indi şəhərin ən yaxşı adamlarının əlindədir”.

İndiki “şəhərin ən yaxşı adamları”nın öz estetikası var, amma detallara varsaq, prioritetlərin düzülüşünü anlaya bilərik: “Fəhlə prospekti”nə “Nobel qardaşları” adı verilib ki, bu da xoşagəlməz təsadüf deyil, sadə fəhlə-vətəndaşın bu prioritet sistemində roluna sərgilənən münasibətdir. Burda şərti Nobel hər şeydir, şərti fəhlə isə heç kim.

Lakin tarixi bilməmək ağır nəticələrə gətirib çıxarır. “Fəhlə prospekti”inin adını dəyişən məmurların anlayışı yoxdur ki, düz 115 il əvvəl Bakı fəhlələrinin təşəbbüskarı olduğu və “Bakı neft sənayesi fəhlələrinin Ümumrusiya tətili” adı ilə tanınan böyük tarixi hadisə mütləqiyyətin çəlləyinin altına fitil qoyub, birinci rus inqilabının müjdəçisi olmaqla bir neçə tarixi hadisədən sonra 1918-ci ildə ADR-in elanı ilə nəticələnib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  4 İyun 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/28cwg3

Ən çox baxılan