Respublika Prokurorluğu Şirin Abbasovun şikayətini araşdırmır

DİN-in qurumları bir-birini təkzib edən cavablar verir

Source:


DİN-in qurumları bir-birini təkzib edən cavablar verir

Meydan TV ilə əməkdaş edən jurnalist Şirin Abbasovun şikayəti Respublika Prokurorluğu tərəfindən araşdırılmır. Bu barədə onun vəkili Elçin Sadıqov Facebook səhifəsində yazıb:

“Şirin Abbasov 16 sentyabr 2015-ci ildə BMCMİ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tutulmuş və Yasamal rayon Məhkəməsinin 17 sentyabr 2015-ci il tarixli qərarı ilə barəsində 30 gün müddətində inzibati həbs tənbeh növü seçilmişdi.

Şirin Abbasov qanunsuz olaraq 30 gün BMCMİ-də saxlanılıb. BMCMİ-də saxlanıldığı müddətdə ağır işgəncələrə məruz qalması, ondan digər jurnalistlərə qarşı ifadə almağa məcbur edilməsi barədə şikayət ərizəsini Baş Prokurorluq artıq bir aydan çoxdur ki, araşdırmır”.

Vəkil deyir ki, aldığı xəsarətlərdən Şirin Abbasovun səhhətində ağırlaşmalar baş verib və buna görə Gürcüstana müalicəyə getməyə qərar verib. 14 noyabr 2015-ci il tarixdə, saat 21.37 radələrindəTovuz Gömrük İdarəsinin Sınıq Körpü Gömrük Postundan Gürcüstan Respublikasına keçərkən DSX əməkdaşları tərəfindən saxlanılıb, bildirilib ki, BMCMİ onun ölkədən çıxışına qadağa qoyub. Həmin vaxt DSX əməkdaşları Şirin Abbasovu Qazax rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verib.

“Şirin Abbasovu həmin gün Qazax rayon Polis Şöbəsinə gətirərək orada saxlayıblar və 15 noyabr 2015-ci il tarixdə BMCMİ-yə getməsi barədə iltizam alaraq sərbəst buraxıblar. Şirin Abbasov yenidən işgəncəyə məruz qalmaqdan qorxduğu üçün BMCMİ-yə getməyib.

Bu qanunsuzluqla bağlı Baş Prokurorluğa, DSX-nə və DİN-ə şikayətlər göndərdim. BMCMİ 03 dekabr 2015-ci il tarixli, 007-10562-3215 saylı məktubla bildirildi ki, BMCMİ Şirin Abbasovun ölkədən çıxışına heç bir məhdudiyyət qoymayıb.

Qazax rayon Polis Şöbəsinin rəisi Zöhrab İsmayılov isə 28.12.2015-ci il tarixli, 6409 saylı məktubla bildirdi ki, Şirin Abbasovun ölkədən çıxışına BMCMİ-nin 13.10.2015-ci il tarixli məktubu ilə qadağaqoyulub, ona görə DSX tərəfindən saxlanılaraq Qazax RPŞ-ə təhvil verilib, bir gün həbsdə saxlanıldıqdan sonra BMCMİ-yə getməsi üçün Şirin Abbasovdan iltizam alınaraq sərbəst buraxılıb” – deyə Elçin Sadıqov qeyd edib.

Vəkil onu da vurğulayıb ki, BMCMİ-nin bu qanunsuz hərəkəti ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunub.

Ana səhifəXəbərlərRespublika Prokurorluğu Şirin Abbasovun şikayətini araşdırmır