Mayın 28-də Müsavat Partiyasının Cəlilabad Rayon Təşkilatının 4 üzvü Bakıda saxlanılıb. Polislər müsavatçıları Respublika Günü ilə bağlı Novxanı kəndində keçirilən tədbirə gələrkən Binəqədi rayonunda saxlayıblar.
Saxlanılanlardan Vüqar Rzalının atası Əlipənah Rzalı Meydan TV-yə deyib ki, saxlanılanları polisdə incidirlər:
“Saxlanılan Vüqar Rzalı, Nicat Rüstəmzadə, İlqar İbrahimov və İlqar Həsənov polis tərəfindən incidilir. Mən oğlumla əlaqə saxladım, o fiziki təzyiqə məruz qaldığını söylədi, elə anda telefonu aldılar. Məncə, onun saxlanılmasına Cəlilabad rayon rəhbərliyi göstəriş verib. Çünki oğlumun işi Avropa Məhkəməsindədir, təzyiq edirlər ki, geri götürsün. Oğlum qeyri-qanuni 20 sutka azadlıqdan məhrum olunduğu üçün Avropa Məhkəməsinə şikayət etmişdi”. O rayondan gələndə təzyiqə məruz qalmadıqlarını deyib: "Çünki səhər tezdən çıxmışdıq. Amma digər müsavatçıların evləri polis nəzarətindədir və onları rayonlardan çıxmağa qoymurlar".
Son məlumata görə müsavatçılar Abşeron Rayon Polis İdarəsində bir neçə saat saxlandiqdan sonra sərbəst buraxılıblar.