”Respondentlərin 79 faizi korrupsiyanı əsas problem hesab etmir”

Qadir İbrahimli: ”Korrupsiyanın səviyyəsi nəinki azalıb, artmaqda davam edib”

Zöhrab İsmayıl: ”Gömrük və vergidə əvvəlki biabırçılıqlar müəyyən qədər aradan qaldırılıb”

Source:
Prezident Administrasiyası foto APA


Qadir İbrahimli: ”Korrupsiyanın səviyyəsi nəinki azalıb, artmaqda davam edib”


Zöhrab İsmayıl: ”Gömrük və vergidə əvvəlki biabırçılıqlar müəyyən qədər aradan qaldırılıb”

“Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətin üzləşdiyi əsas problemlərdən hesab etmir”.

Bu açıqlama yanvarın 9-da Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yaydığı məlumatda qeyd olunub.

Komissiya korrupsiyaya qarşı mübarizə sahəsində olan müsbət dinamikanın beynəlxalq anti-korrupsiya reytinqlərində əksini tapdığını bəyan edib:

““Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan sonuncu “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın mövqeyi ötən illə müqayisədə 7 pillə irəliləyib. “Beynəlxalq Şəffaflıq” təşkilatının digər ənənəvi hesabatı olan və nəticələri vətəndaşların mövqeyini əks etdirən “2016-cı il Qlobal Korrupsiya Barometri” isə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərib. Hesabatın nəticələri göstərir ki, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətin üzləşdiyi əsas problemlərdən hesab etmir. Qeyd olunub ki, Azərbaycanın göstəricisi Avropa İttifaqı (68 faiz) və postsovet ölkələri (66 faiz) ilə müqayisədə daha yaxşıdır. Eyni zamanda həyata keçirilən antikorrupsiya islahatları Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq (OECD) təşkilatının Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq alt qurumları tərəfindən yüksək qiymətləndirilib”.

Komissiya 2016-cı ilin Azərbaycan üçün genişmiqyaslı iqtisadi islahatlar ili olduğunu qeyd edib:

foto sosial şəbəkə
foto sosial şəbəkə

“Gömrük və vergi sahələrində şəffaflığın artırılması və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə ölkə iqtisadiyyatını stimullaşdıran islahatlar həyata keçirilib. Gömrük rəsmiləşdirilməsinin daha şəffaf və çevik həyata keçirilməsi məqsədilə “Yaşıl dəhliz” sisteminin fəaliyyəti təmin edilib, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin sayı azaldılıb və proseduralar sadələşdirilib. Vergi ödəyiciləri ilə vergi orqanları arasında şəffaflığın və qarşılıqlı etimadın daha da artırılması, vergi nəzarətinin keyfiyyətinin təkmilləşdirilməsi və sahibkarlara əlverişli şəraitin yaradılması istiqamətlərində bir sıra tədbirlər görülüb”.

“Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan 2016-cı ildə Dünya İqtisadi Forumunun rəqabət qabiliyyəti indeksinə əsasən 2015-ci ilin nəticələri ilə müqayisədə 3 pillə irəliləyərək 138 ölkə arasında 37-cı yerə, “Doing Business” 2017-cı il hesabatında isə “Biznesə başlama” meyarı üzrə 190 ölkə arasında 5-ci yerə layiq görülüb. 2016-cı ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planları”nın yekun qiymətləndirilməsi həyata keçirilib. Müəyyən edilib ki, Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən 86 faiz, Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı isə 82 faiz icra olunub”,-deyə məlumatda qeyd olunub.

Məlumatı Meydan TV-yə şərh edən iqtisadçı Qadir İbrahimli aparılan sorğunun metodologiyasının bəlli olmadığını, necə, harda, kimlər tərəfindən keçirildiyinin aydınlaşmadığını bildirib:

Qadir İbrahimli foto Meydan TV

“Düzdür, korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik müəyyən dərəcədə təkmilləşdirilir, yəni formal irəliləyişlər var. Ancaq məsələyə praktik baxımdan yanaşılmalıdır. Qanunvericiliyin dəyişdirilməsi hələ qanuna əməl olunması, yaxud icra olunmasına əsas vermir. Ola bilər, müəyyən formal prinsiplər gözlənilir, qanunvericilik təıkmilləşdirilir, amma praktiki nöqteyi-nəzərdən korrupsiya səviyyəsi çox yüksəkdir. Baxın, Azərbacanın Vergi Məcəlləsi dünyada ən liberal sənədlərdən biridir, 9 vergi növü göstərilib və bu, Avropadakı vergi növlərindən azdır. Amma vergi toplama praktikasının hansı durumda olduğundan, sahibkarlara necə divan tutulmasından danışmağa ehtiyac yoxdur. Korrupsiyaya qarşı mübarizə də eyni durumdadır. Ona görə korrupsiyanın səviyyəsi nəinki azalıb, artmaqda davam edir”.

İqtisadçı Zöhrab İsmayıl bildirib ki, əvvəla, Azərbaycan “Korrupsiya Qavrama İndeksi”nə görə 168 ölkə arasında 119-cu yerdədir, yəni mümkün baldan cəmi 29 bal toplayıb:

“Açıqlamada 7 pillə qalxmaqdan danışılır, amma ümumi şəkildə neçə ölkə arasında neçənci yerdə olduğu göstərilmir. O sıraya baxdıqda, ətrafda üçüncü dünya ölkələri olduğu görünər. Deməli, Azərbaycan hələ də dünyanın ən korrupsiyalaşmış ölkələrindən biridir, “Beynəlxalq Şəffaflıq” təşkilatının hesabatını oxuduqda, bu, açıq görünər. İkinci, “Dünya idarəetmə indeksi”ndə dövlətin korrupsiyaya nə dərəcədə nəzarət etməsi qoyulur, Azərbaycanda dövlət 20 faiz nəzarət edə bilir, 80 faiz nəzarətsizdir. O cümlədən, tənzimlənmənin keyfiyyət intikatoru, burda 46 faizdir, orta göstəricədən də aşağı qiymətdir. Əslində, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının işi Azərbaycanın korrupsiya problemlərini kağız üzərində həll etməkdir. BMT-nin, Avropa Şurasının adının çəkilməsi manipulyasiya olduğundan gec-tez bunların üstü açılacaq və adları çəkilən QHT-lərin də obyektiv tənqidlərinə rast gəlinmir. Çünki korrupsiyaya qarşı mübarizə inhisara götürülüb. Sözsüz ki, “Şəffaflıq Azərbaycan” Təşkilatının birmənalı mövqeyi yoxdur, bu qurum Leyla Yunus məhkəməsində təzyiqlərə məruz qaldığından fəaliyyətlərinə mənfi təsir göstərdi”.

İqtisadçı korrupsiyaya qarşı mübarizədən danışanda, ASAN-Xidmətin adının çəkilməsini doğru hesab etmir:

“Ona görə ki, ASAN-Xidməti yeni yaranmayıb. Yaxud İqtisadi İnkişaf və Əməkdaşlıq (OECD) təşkilatının Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq alt qurumları, “2016-cı il Qlobal Korrupsiya Barometri” barədə deyilənlər təbliğatdan başqa bir şey deyil. Sənəddə Açıq Hökumət tərəfdaşlığından istifadə olunmasına istinad edilir, Bakının bu qurumdakı fəaliyyəti qeyri-aktiv olub və bir il vaxt verilib, ötən 8 ayda da heç bir iş görülməyib. May ayına yaxın hökumət qurumdan çıxarılmasının qarşısının alınması üçün yenidən fəallaşacaq. Korrupsiyayla mübarizənin açarı siyasi korrupsiyanın, məmur sahibkarlığının aradan qalxmasındadır. Bu istiqamətdə heç bir dəyişiklik olmasa, sabah neftin qiyməti bir qədər artan kimi yenidən vergi və gömrükdə korrupsiyanın miqyasının daha da genişlənməsinin şahidi olacağıq”.

Zöhrab İsmayıl

2016-cı ilin Azərbaycan üçün genişmiqyaslı iqtisadi islahatlar ili olması barədə fikrə gəlincə, Zöhrab İsmayıl müəyyən dəyişikliklərin olduğunu inkar etmədi:

“Gömrük və vergidə 3-5 il əvvəlki biabırçılıqlar müəyyən qədər aradan qaldırılıb, bunlar ölkənin ən bərbad dövlət qurumları idi. Düzdür, Gürcüstan və Şərqi Avropanın analoji qurumları ilə müqayisə oluna bilməz. Gömrük və vergidəki müəyyən dəyişikliklər neft gəlirlərinin kəskin azalması ilə bağlıdır. Neft gəlirləri azalanda dövlət öz büdcəsini doldurmağa məcbur oldu, onun üçün bu mexanizmləri işlək duruma gətirməli idi, yəni ciblərə gedən pulların bir qismi büdcəyə yönəldi. Əks təqdirdə dövlət öz xərclərini həyata keçirə bilməyəcəkdi və müflis olmaq təhlükəsi yaranardı. Bu baxımdan gömrük və vergidə dəyişikliklərin səbəbi neftin qiymətinin aşağı düşməsi idi. Amma güzgü metodologiyasından istifadə etdikdə, Azərbaycan gömrüyündə bütün məhsulların rəsmiləşdirilmədiyini görərik. Əvvəlki illərdəki böyük inhisarlar olmasa da, problemlər qalır. O cümlədən, vergi orqanlarının məcburi ödənişləri dəyişməyib. Ancaq yanvar-mart aylarında vergi amnistiyasının gerçəkləşməsindən sonra dəyişiklikləri görəcəyik”.

Ana səhifəXəbərlər”Respondentlərin 79 faizi korrupsiyanı əsas problem hesab etmir”