İlkin Süleymanov

Mənbə: Foto: Meydan tv

Başlıq: İlkin Süleymanov

Rəsmi: Tovuzda 10 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Məqalə yeniləndi:  10 Yanvar 2020

“Törətdiyi əməli tam etiraf edib”

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq yanvarın 10-da Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə əlaqədar yaradılan istintaq-əməliyyat qrupu cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanovu həbs edərək istintaqa cəlb edib.

“İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İstintaq-əməliyyat qrupu İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürüb”, - deyə məlumatda qeyd olunub.

Eyni zamanda, bildirilir ki, İlkin Süleymanovun dindirilərkən törətdiyi əməli tam etiraf etdiyi bildirilib.

Şübhəli bilinən şəxsin yaxınlarının bununla bağlı hər hansı açıqlaması yoxdur. Kənd sakinləri yerli mətbuata İlkin Süleymanovu sakit, başıaşağı adam kimi xarakterizə edirlər. Onun N.Quliyevanın atası ilə bir sinifdə oxuduğu, sonradan Lomonosov adına Moskva Dövlət Universitetində təhsil aldığı və 3 dil bildiyi haqda da məlumatlar yayılıb.

Jurnalist Elçin Bayramlı isə öz "Facebook" hesabında vaxtilə İlkin Süleymanovla "Tovuz TV"-də çalışdığını və onun qatil olduğuna inanmadığını qeyd edib. Jurnalistin fikrincə, ölkə başçısı İlham Əliyev hadisənin araşdırılmasını nəzarətə götürdükdən sonra polis həmin şəxsi hədəfə götürüb və cinayəti onun boynuna qoyub. Sosial şəbəkə istifadəçiləri arasında İlkin Süleymanovun cinayəti törətdiyinə şübhə ilə yanaşanlar var.

Tovuz rayonunun Dondar Quşçu kəndində ötən ilin 21 noyabr tarixində itkin düşən 10 yaşlı Nərmin Quliyevanın yanmış meyiti 3 gün əvvəl, yanvarın 7-də tapılıb.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti

Mənbə: Foto: Meydan tv

Bildirilib ki, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin əməkdaşları meyit tapılan əraziyə baxış keçiriblər. Hadisə yeri müayinə edilib və iş üçün zəruri olan bütün maddi sübutlar götürülüb.

Olayla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlandığı qeyd olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 Yanvar 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0z0x2a

Ən çox baxılan