Kənani: “Qarabağ Azərbaycanın bir hissəsidir”
İran İslam Resublikasınının Xarici İşlər Nazirliyinin rəsmisi Nasser Kənani sentyabrın 11-də keçirdiyi brifinqdə Tehranın şimal qonşuları ilə ortaq sərhədlərində təhlükəsizliklə bağlı narahatlığını ifadə edib.
Kənani deyib ki, İran öz sərhədlərini qorumaqda qətiyyətlidir.
O həmçinin Qafqazdakı vəziyyəti və prosesləri diqqətlə izlədiklərini qeyd edib:
“Biz Azərbaycan və Ermənistanın hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. Ermənistan rəsmiləri Azərbaycandan yeni hərbi münaqişə ehtimalından narahat olduqlarını deyirlər. Amma Azərbaycan hakimiyyəti bizə bildirdi ki, onların hərbi hücum niyyəti yoxdur və son hərəkətlər qış mövsümü ərəfəsində gediş-gəliş çətinləşməsi ilə bağlıdır”.
N.Kənaninin sözlərinə görə, İran şimal qonşuları ilə ortaq sərhədlərin təhlükəsizliyinə həssasdır.
“İranın sərhədləri təhlükəsizdir və İran sərhəd təhlükəsizliyini güclü şəkildə dəstəkləyir. Eyni zamanda, Qafqazda baş verən proseslərin əhəmiyyətini və regionda hər hansı qeyri-sabitlik və gərginliyin təsirlərini nəzərə alaraq, məsələni həssaslıqla və ciddiliklə izləyirik”, – deyə Kənani vurğualyıb.
Azərbaycanın ərazi bütövlüyünə Tehranın münasibətinə gəlincə, Kənani deyib ki, İranın mövqeyi aydın, sabit və şəffafdır:
“İranın Qarabağ ərazisi ilə bağlı mövqeyi heç kimdən gizli deyil. Qarabağ Azərbaycanın bir hissəsidir və bu bölgə sakinlərinin hüquqları və təhlükəsizliyi konkret çərçivədə müəyyən və təmin edilməlidir. Bu, bizim aydın mövqeyimizdir. Tehran həmişə ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağın, gərginlik yaradan hər hansı hərəkətlərdən çəkinməyin zəruriliyini vurğulayır, regionun geosiyasətində və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyə qarşıdır”.
“Azərbaycan və Ermənistan tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması mübahisəli məsələlərin həlli, hərtərəfli, davamlı sülh və təhlükəsizliyə nail olunması istiqamətində mühüm və konstruktiv addımdır. Bu prinsiplərə kölgə sala biləcək hər hansı bir hərəkət İran tərəfindən bəyənilmir”, – deyə Kənani fikrini bitirib.