Mina

Mənbə: arxiv

Başlıq: Mina

Rəsmi: Son 5 ayda 59 şəxs minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib

Təkcə may ayında 2 hadisə nəticəsində 5 nəfərin minalardan zərər çəkdiyi qeydə alınıb

Azərbaycanda 2021-ci ildə minalardan və partlamamış hərbi sursatlardan zərər çəkənlərin sayı açıqlanıb.

“Report” Minalar Əleyhinə Azərbaycan Kampaniyasına istinadən yazıb ki, ümumilikdə il ərzində 59 vətəndaş minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib.

Təşkilat bildirib ki, təkcə may ayında 2 hadisə nəticəsində 5 nəfərin minalardan zərər çəkdiyi qeydə alınıb:

"Nəticədə bir hərbçi həlak olub, iki mülki şəxs və iki hərbçi yaralanıb. 2021-ci ilin aprel ayında minalarla bağlı hadisələr Gədəbəy və Kəlbəcər rayonlarının ərazisində baş verib. Ümumilikdə 2021-ci ildə 59 vətəndaş minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib".

Mayın 1-dən 31-dək 369 piyada əleyhinə, 74 tank əleyhinə mina, 1090 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Eyni zamanda, ötən ay 1 nəfər Ermənistan vətəndaşı müharibə zamanı həlak olmuş şəxslərin meyitini axtararkən Füzuli rayonu ərazisində mina partlayışına məruz qalıb:

"Azərbaycan tərəfinin müvafiq strukturları lazımi ilkin yardımı göstərdikdən sonra həmin şəxs təxliyyə edilib".

Məlumatda qeyd olunub ki, azad edilən ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərən şəxslər hələ də var və bu günədək 1400-dən artıq şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

1992-ci ildən 2021-ci ilədək Qarabağda minaların partlaması nəticəsində 639 nəfər mülki şəxs ölüb, 2 806 nəfər də yaralanıb. O cümlədən ötən ilin 10 noyabr tarixindən indiyə qədər 18 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Keçən ilin noyabrın 11-dən bu ilin mayın 31-dək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 7449 piyada əleyhinə, 3643 tank əleyhinə mina, 9033 PHS aşkarlanıb.

Bu müddət ərzində ümumilikdə 27635309 kv.m (2763.5 ha) ərazi mina və PHS-lərdən təmizlənib.

Azərbaycan Minalardan Təmizləmə Agentliyi (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov aprel ayında deyib ki, 1998-2020-ci illərdə ölkədə bütövlükdə 547 370 949 kvadratmetr sahədən 808-dən çox mina və s. partladıcı qurğu, o cümlədən 2020-ci il 10 noyabr tarixindən 2021-ci il 30 mart tarixinədək 14 136 179 kvadratmetr sahədən 3 481 mina aşkarlanaraq götürülüb.

2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər gedib. 44 gün davam edən müharibə və ondan sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Ötən ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/twf8rk

Ən çox baxılan