Kremençuk şəhərində sənaye obyektinə raket düşüb və yanğına səbəb olub
Kiyev Hərbi Hava Qüvvələri açıqlayıb ki, Rusiya Ukrayna ərazilərində mülki və kritik infrastruktur obyektlərini hədəf alan pilotsuz təyyarə və raket hücumları həyata keçirib.
Hərbi Hava Qüvvələri “Telegram” mesajlaşma proqramındakı paylaşımında bildirib ki, hücumlar zamanı heç bir itki olmasa da, mühüm strateji obyektlər vurulub.
Kiyev bildirir ki, ümumiyyətlə, Rusiya son aylarda Ukraynanın mühüm hərbi, enerji və nəqliyyat infrastrukturunu hədəf alıb. Bir-birinin ardınca hava hücumları həyata keçirib.
Hərbi Hava Qüvvələri Rusiyanın “İsgəndər” ballistik raket sistemindən atdığı iki ballistik raket və şərqdəki Donetsk bölgəsi üzərindən üç “yer-hava” raketi ilə mərkəzi Poltava bölgəsinə hücum etdiyini bildirib.
Poltava vilayətinin qubernatoru Filip Pronin “Telegram”da yazıb ki, hücum Kremençuk şəhərində sənaye obyektinə düşüb və yanğına səbəb olub.
Sosial şəbəkələrdə yayılan şəkillərdə təcili yardım briqadalarının yanğınla mübarizə apardığı əks olunub.
Zaporojiya bölgəsinin cənub-şərqində, qubernator Yuri Malaşko bir infrastruktur obyektinin pilotsuz təyyarənin hücumu nəticəsində vurulduğunu söyləyib. Malaşko bildirib ki, təcili yardım ekipajları hadisə yerində olub, lakin dağıntılar və tələfatlar barədə ətraflı məlumat verilməyib.
Ukraynanın hava hücumundan müdafiə sistemləri Rusiya tərəfindən buraxılan 8 pilotsuz təyyarədən dördünü bir gecədə məhv etdiyini bildirir.