Rəsmi: Daha 104 şəhidin vərəsəsinə birdəfəlik ödəmə barədə qərar qəbul edilib

“Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı 94 faiz icra olunub”

Source:


“Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı 94 faiz icra olunub”

“Daha 104 şəhidin vərəsəsinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar qəbul edilib”.

Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir:

“Komissiyanın növbəti iclasında daha 104 şəhidin 162 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır”.

Məlumata görə, ümumilikdə 12 min 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək artıq 11 min 507 şəhidin 17 min 111 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul edilib.

Nazirlik bildirir ki, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 94 faiz icra olunub.

2018-ci ilin oktyabrında təxminən 100 şəhid ailəsi mütəmadi olaraq Milli Məclis və Azərbaycan Prezident Administrasiyası binalarının qarşısında aksiya keçirmişdilər. Onlar Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş ailə üzvlərinə düşən təzminatların ödənilməməsindən şikayət edirdilər.

Bundan sonra aprelin 19-da prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı.

Məsələ Milli Məclisdə də müzakirə edilmişdi. Deputatlar Vahid Əhmədov, Fazil Mustafa, Qənirə Paşayeva və digərləri şəhid ailələri ilə görüşdən sonra spiker Oqtay Əsədova öz adlarından müvafiq nazirlik qarşısında məsələni qaldırmağı tövsiyə etmişdilər.

Bundan sonra Milli Məclisdə məsələni araşdırmaq üçün komissiya yaradılmışdı.

Bundan sonra şəhid ailələrinin nümayəndələrini Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qəbul etdi. Ancaq ailələr nazirlə görüşdən narazı ayrılmışdılar.

Sonradan mətbuata çıxan bəzi ailələr bugünədək birdəfəlik müavinəti almadıqlarını söyləyirlər.

Avqustun 17-də Medan TV-də Kürdəmirin Qaraqocalı kəndindən olan Gülnar Zamanova ilə bağlı reportaj

getmişdi

. Gülnar Zamanovanın oğlu 1992-ci ildə Ağdərənin Çaylı kəndində həlak olub. Ancaq anaya oğluna görə birdəfəlik müavinət ödənməyib. Müraciət edəndə isə cavab veriblər ki, sənin oğlun könüllü döyüşüb, ona müavinət düşmür:

“Oğlum Sehran Qəniyev 15 yaşında qaçıb cəbhəyə könüllü getmişdi. Vətənpərvər uşaq idi, qarşısını ala bilmədik, getdi və şəhid oldu. 11 min manat mənim oğlumu geri qaytarmır, mənə təsir edən ayrıseçkilikdir. Bu dövlət şəhidi seçir, ayırır. Hamıya eyni münasibəti göstərmir”.

Bu reportajdan sonra daha bir neçə ailə də Meydan TV-yə müraciət edərək, müharibə vaxtı həlak olan övladlarına görə 11 min manatlıq müavinəti ala bilmədiklərini söyləyiblər.

Ödənişlərlə bağlı cədvəl
Ödənişlərlə bağlı cədvəl
Ana səhifəXəbərlərRəsmi: Daha 104 şəhidin vərəsəsinə birdəfəlik ödəmə barədə qərar qəbul edilib