“Rəsmi Bakı”nın “hərbi marş” oxuması nədən xəbər verir?

Ermənistan Rusiyanın forpostudur və Moskvanın istəyi olsa idi, İrəvanı savaşsız da torpaqları azad etməyə vadar edə bilərdi

Source:


Ermənistan Rusiyanın forpostudur və Moskvanın istəyi olsa idi, İrəvanı savaşsız da torpaqları azad etməyə vadar edə bilərdi

 Azərbaycanda ictimai rəy idarə edilir. Gündəm yaratmaq, kimlərisə qəhrəmana çevirmək, kimlərdənsə lider, kimlərdənsə “1 nömrəli yazar” hazırlamaq siyasi texnoloqlar üçün heç də çətin deyil. Ümumiyyətlə, avtoritar rejimlərdə ictimai rəy hakimiyyətlərdən tam asılı vəziyyətdə olur. Bu baxımdan, son günlər ictmai rəydə az qala zəlzələ effekti yaradan “Qarabağ qaytarıldı” şaiyəsinin də məhz texnoloqların zəhməti sayəsində zühur etdiyini ehtimal etmək mümkündür.

Digər tərəfdən, bölgədə ciddi proseslər baş verməkdədir. Belə ki, Rusiya Ermənistana silah satır, Qərb tərəfləri münaqişəni qısa bir zamanda həll etməyə səsləyir, rəsmi Bakı “hərbi marş” oxuyur. Müharibənin mümkünlüyü barədə deyilənləri həm təzyiq, həm də xəbərdarlıq adlandırmaq olar.  Digər tərəfdən, Azərbaycan hərbi xərcləri ilbəil artırır. Bütün bunları nəzərə alaraq Ermənistan da hərbi xərclərini artırmağa məcburdur. Paralel olaraq münaqişənin həlli ilə bağlı  bütün danışıqlar nəticəsiz qalır. Bütün bunlar son variantda Qərbin və hətta münaqişə tərəflərinin özlərinin maraqlarına uyğun olmayan hərbi qarşıdurma ehtimalını yatadır.

Lakin Dağlıq Qarabağ münaqişəsinə dair sülh sazişinin imzalanması Qərbin Qafqaz bölgəsinə dair planlarından biridir. Odur ki, “icazəsiz savaş”  istisna edilir. Unutmaq olmaz ki, Qərbin maraqlarının təmin olunmadığı bölgələrə həmişə sanksiyalar tətbiq olunur. Lakin Qarabağdakı hazırkı vəziyyət də uzun müddət davam edə bilməz.  Yəni əgər yaxın zamanlarda  Qarabağ münaqişəsi hər hansı bir formada  həll olunmasa, Qərb diplomatlarının «faciə» adlandırdıqları hadisə – Qafqaz bölgəsinə, xüsusən də Ermənistan və Azərbaycana sanksiyaların tətbiqi reallaşa bilər.

Bu mənada Ermənistanın vəziyyəti Azərbaycandan daha ağır təsir bağışlayır. Ermənistan iqtisadi baxımdan Azərbaycandan ciddi şəkildə geri qalmağa başlayıb. Ermənistan bütün regional layihələrdən kənardadır. Proses o səviyyəyə çatıb ki, İrəvanın hər hansı bir regional əməkdaşlığa cəlb olunması qeyri-mümkün ola bilər. Bu baxımdan, Ermənistanda ciddi proseslər cərəyan edir. Onu da unutmaq olmaz ki, Qərb indiki mövqeyində daha çox Ermənistana dəstək verən mərkəz təsiri bağışlayır. Bakı isə savaşa başlaya biləcəyini bəyan edir. Maraqlı olanı odur ki, xalq diplomatiyasını isteriya ilə qarşılayan Bakı  yalnız və yalnız hərbi əməliyyatların başlama ehtimalından danışır. Belə vəziyyət sual doğurur – Azərbaycan münaqişəni hərbi yolla həll edə bilərmi? İlk baxışdan, Bakının silaha əl ataraq, işğal olunmuş ərazilərdən bir qismini azad etməsi mümkün görünür. Lakin bu məsələ göründüyü qədər də sadə deyil. Son proseslər fonunda yaranan təəssürat ondan ibarətdir ki, məhz ruslar Bakını belə addım atmağa sövq edir. Azərbaycanın silaha əl atması İrəvanın da maraqlarına cavab verir. Ermənistan uzun müddətdir ki, münaqişənin etnik zəmində baş verdiyini bəyan edir. Savaş başlayarsa, İrəvan öz təbliğatını bu istiqamətdə qura bilər  – “millətlərin özünü təyin etmə hüququna” Bakı etnik təmizləmə ilə cavabı verir. Bu mərhələdə savaşa başlamaq göründüyü kimi sadə deyil. Erməni təbliğatı növbəti “zavallı erməni xalqının” “soyqırımı” barədə ağlaşma qurmaq üçün bu fürsətdən istifadə edə bilər. Dünyadakı reallıq Qərb ölkələrinin Azərbaycana sərf etməyəcək mövqedən çıxış edəcəyi ehtimal etməyə əsas verir.

Bir məqama da diqqət yetirək.  Belə bir fikir irəli sürülür ki, əgər Azərbaycan irimiqyaslı – işğal olunmuş ərazilərin ən müxtəlif istiqamətlərindən azad olunmasına başlasa, Ermənistan bu qədər ərazini qorumaq imkanında olmayacaq. Lakin unutmaq olmaz ki, savaş başlayarsa, bu zaman prosesə Rusiya müdaxilə edə bilər. Əlbəttə, Qərbin bu hadisələrə mövqeyindən də çox şey asılı olacaq.  Bu mövqenin isə Azərbaycanın mövqeyi ilə üst-üstə düşəcəyini təxmin etmək elə də asan deyil.

Belə bir nəticəyə gəlmək olar ki, hətta hərbi əməliyyatlar başlasa belə, söhbət daha çox savaş imitasiyasından gedə bilər, real müharibə variantı inandırıcı görünmür.

Lakin kənar baxışla görünən budur ki, Kreml Azərbaycanı yeni dolayısı ilə yardım edəcəyinə “zəmanət” verir. Bu məsələdə rusların səmimiliyinə inananlar savaşa şirnikləndirir və işğal olunmuş torpaqlarımızın azad olunacağına inananlar unudurlar ki, Ermənistan Rusiyanın forpostudur və Moskvanın istəyi olsa idi, İrəvanı savaşsız da torpaqları azad etməyə vadar edə bilərdi. Görünən budur ki, Rusiyaya Qarabağın azad edilməsi deyil, yeni savaş lazımdır. Aydın məsələdir ki, savaş başlayarsa, ruslar öz tarixi müttəfiqləri olan ermənilərə yardım edə bilərlər.

Bu isə yeni torpaq itkisi deməkdir. Yeni torpaq itkisi mərkəzi hakimiyyətin zəiflədilməsinə səbəb ola bilər. Hakimiyyət buna risk edə bilməz…

Ana səhifəXəbərlər“Rəsmi Bakı”nın “hərbi marş” oxuması nədən xəbər verir?