Hikmət Hacıyev: “Yerevana göndərilən silahlar Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməməlidir”
Azərbaycan hakimiyyəti 200 milyon həcmində yeni silah növünün göndərilməsi ilə bağlı Yerevan və Moskva arasındakı razılaşmaya dair məlumatı şərh etmir.
Yalnız ötən gün Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu məsələ ilə bağlı ehtiyatla danışıb. Onun sözlərinə görə, Bakı qətiyyətlə bildirir ki, Yerevana göndərilən silahlar Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməməlidir. Onun sözlərinə görə, hazırda məsələ öyrənilir.
“Beynəlxalq hüquq normaları pozulmaqla belə silahların işğal edilmiş ərazilərdə yerləşdirilməsi münaqişənin danışıqlar yolu ilə nizamlanmasna ciddi ziyan vura bilər”, – H.Hacıyev vurğulayıb.
Rəsmi Bakının bununla nə demək istədiyini başa düşmək çətindir. Bu cür mülayim mövqe Azərbaycan ərazilərini işğal etmiş Yerevana qarşı sanksiya tətbiq etməməklə “ikili standartlar” nümayiş etdirən Qərbin ünvanına Bakının qəzəbli ittihamları ilə uyğun gəlmir. (“Turan” İA)