Azərbaycan XİN: “Rusiya tərəfdən cavab gözləyirik”
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiya Xarici İşlər Nazirliyinə etiraz edib.
Səbəb fevralın 22-də Rusiya XİN-in rəsmi sosial şəbəkə hesabında Türkmənçay müqaviləsi ilə (1828-ci il) bağlı təhrif olunmuş məlumatın paylaşılmasıdır.
Bu barədə Azərbaycan XİN-nin Mətbuat Xidməti məlumat yayıb.
Nazirlik rəsmi Kremlin bu addımından təəssüfləndiyini bildirib: “Türkmənçay müqaviləsində, ümumiyyətlə “Şərqi Ermənistan” sözünə istinad edilmir. Əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır”.
Azərbycan XİN bu məsələ ilə bağlı Rusiya tərəfdən cavab gözlədiyini açıqlayıb: “Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik”.
Azərbaycanın 1992-1993-cü illərdə İran İslam Respublikasında sabiq səfiri olmuş Nəsib Nəsibli Meydan TV-yə deyib ki, Rusiya XİN-nin məlum paylaşımı məqsədlidir və ənənəvi xarakter daşıyır.
“Ümumiyətlə, Türkmənçay müqaviləsində “Şərqi Ermənistan” ifadəsi yoxdur və XIX əsrin əvvəllərində də belə siyasi termin olmayıb. Rusiyanın Qafqazı işğalından sonra I Nikolayın fərmanıyla Erməni vilayəti yaradıldı. Əslində, Rusiya rəsmiləri bununla Ermənistanın xoşuna gəlmək istəyirlər”, – deyə Nəsibli qeyd edib.
N.Nəsibli hesab edir ki, Azərbaycan XİN-nin bu məsələyə reaksiyası doğrudur.