“Azərbaycanın legitim maraqları nəzərə alınmalıdır”
“Avropa İttifaqı missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Brüssel bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsini təmin etməlidir”.
Bu açıqlama Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Avropa İttifaqı Şurasının ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində Ermənistana mülki missiyasının göndərilməsi haqda qərarına münasibətdə əks olunub.
Azərbaycan XİN hesab edir ki, belə bir fəaliyyətin, sırf ikitərəfli əsasda həyata keçirilməli olan sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməməli olduğuna dair öz qəti mövqeyində qalır:
“Azərbaycan tərəfi, Avropa İttifaqı missiyasının fəaliyyətə başlaması ilə bağlı müzakirələr prosesində keçmiş təcrübədən irəli gələn lazımi dərslərin çıxarılmasına maksimum diqqət yetiriləcəyini gözləyir”.
Nazirlik xatırladır ki, Aİ-nin Ermənistan ərazisində monitorinq fəaliyyəti 6 oktyabr 2022-ci il tarixində Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədri arasında keçirilmiş Praqa görüşündə əldə olunmuş razılaşmadan irəli gələrək mülki monitorinq missiyasının yerləşməsi ilə başlayıb:
“Azərbaycan, normallaşma prosesinə kömək göstərəcəyinə inanaraq, bu fəaliyyətin həyata keçirilməsinə razılıq verib. 2 aylıq missiyanın dəqiq müəyyən edilmiş parametrlərinin və məqsədlərinin yüksək səviyyədə razılaşdırılmasına baxmayaraq, bəzi quruma üzv dövlətlərin qərəzli yanaşma sərgiləməsindən sonra monitorinq missiyasının fəaliyyəti Praqada əldə edilmiş razılaşmalarla ciddi ziddiyyət təşkil etdiyi müşayiət olundu. Bu da öz növbəsində, Aİ çərçivəsində qərar qəbuletmə prosesini etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada təsir etdi”.
“Əslində, Avropa İttifaqının Ermənistanda monitorinq missiyasının mövcudluğu Ermənistan tərəfindən hər üç istiqamətdə normallaşma prosesini pozmaq cəhdlərinin artması, o cümlədən Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşünə əsassız ittihamlarla zərbə vurulması ilə üst-üstə düşdü. Beləliklə, Aİ missiyasının normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilər sarsıldı. Azərbaycan, Aİ-nin Ermənistanda iki aylıq mülki missiyasının başa çatmasından sonra burada fəaliyyətini davam etdirmək marağında olmasını nəzərə alaraq, Aİ ilə məsləhətləşmələr zamanı xoş niyyətlə çıxış edib, habelə öz mövqeyini, gözləntilərini, narahatlıqlarını aydın və şəffaf şəkildə qarşı tərəfə çatdırıb”, – deyə nazirlik əlavə edib .
XİN Aİ nümayəndələri ilə müxtəlif səviyyələrdə keçirilmiş bir sıra məsləhətləşmələrdə qurumun Ermənistanda missiyasının mövcudluğunun Yerevanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsinin zəruriliyinin bildirildiyini vurğulayıb:
“Aİ missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir”.
Yanvarın 23-də Avropa İttifaqı Şurası ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində Ermənistanda qurumun mülki missiyasının yaradılması barədə qərar qəbul edib.
Missiyada məqsədin Ermənistanın sərhədyanı rayonlarında sabitliyə xidmət etməyin olduğu vurğulanıb.
2022-ci ilin oktyabrın 6-da Prezident İlham Əliyev Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında demişdi ki, “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu:
“Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik”.
İ.Əliyev daha sonra qeyd edib ki, bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər olub: “Ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gedib”.