Nazirlərin Berlin görüşü: nələr müzakirə olunur… (yenilənib)

Azərbaycan-Ermənistan, Andrii Anna photographers/Shutterstock

Berlində Azərbaycan, Ermənistan və Almaniya xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli formatda görüş başlanıb.

Azərbaycan və Ermənistan tərəfin məlumatına görə, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüşün keçirilməsinə dair razılaşma Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Münhen danışıqlarında əldə olunub.

Görüşdən əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok mətbuat üçün qısa açıqlama verib.

Bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib.

Annalena Berbok iki ölkənin nazirləri ilə ayrı-ayrılıqda da görüşlər keçirib.

Nazir Ceyhun Bayramov Annalena Berbokla təkbətək görüşü zamanı Azərbaycanın normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğunu bildirib.

“Buna baxmayaraq, beş aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulması sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır”, – nazir deyib.

Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə Azərbaycana qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Bu arada Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan parlamentdə çıxışı zamanı deyib ki, çox güman iki-üç ay ərzində iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə layihənin metodologiyası komissiyalar tərəfindən istifadə olunacaq.

“Birinci mərhələdə biz iki ölkənin hökumətləri ilə razılaşdırılmış təmaslarımızın nəticələrinin yekunlaşdırılması və təşkili üsulunu təsvir edən iş prosedurunu müzakirə etdik və təsdiq etdik. Bu mərhələdə biz daha çox metodoloji təsviri özündə əks etdirən birgə fəaliyyətin reqlamentini müzakirə edirik. İşi başa çatdırdıqdan sonra hər iki ölkə bu sənədin layihəsini daxili dövriyyəyə təqdim edəcək. Təsvir edilənlərin məzmunundan və hansı konsensusa nail olmağımızdan asılı olaraq, bu sənəd müvafiq olaraq, çox güman ki, qanun layihəsi şəklində paylanacaq”, – Qriqoryan bildirib.

Baş nazirin müavininin sözlərinə görə, tərəflər prinsipial mövqelər çərçivəsində qalsalar və layihə ətrafında işləri Alma-Ata Bəyannaməsinə əsaslandırsalar, o zaman iki-üç ay ərzində onlar qərar layihəsi hazırlaya biləcəklər.

“Metodoloji razılaşmadan sonra prosesin özü, həm delimitasiya, həm də demarkasiya çox vaxt aparacaq, lakin buna baxmayaraq, biz hamımız nə ilə məşğul olduğumuzu başa düşəcəyik”, – Qriqoryan deyib.


ABŞ sülhlə bağlı çağırış edib

Fevralın 28-29-da Almaniyanın paytaxtı Berlində Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüşün keçiriləcəyi bildirilir.

Fevralın 27-də Ceyhun Bayramovun Almaniyaya işgüzar səfərə yola düşdüyü açıqlanıb.

Bildirilir ki, səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

ABŞ-dan çağırış

ABŞ Dövlət Departamenti Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanın Berlində keçirilməsi nəzərdə tutulan görüşünü detallı şərh etmək istəməyib.

Dövlət Departamentinin mətbuat katibi Metyu Miller tərəfləri uzunmüddətli razılığa gəlməyə çağırmaqla kifayətlənib.

“Biz hər iki tərəfi davamlı, uzunmüddətli razılaşma əldə etməyə çalışmağa təşviq etməyə davam edirik”, – deyə Miller “Turan”ın qarşıdakı görüşlə bağlı sualını cavablandırarkən bildirib.

Bakı ilə Yerevan arasında nə baş verib?

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Tərəflər arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətNazirlərin Berlin görüşü: nələr müzakirə olunur… (yenilənib)