Üzeyir Cəfərov: ”Əgər bir ölkənin prezidentinin mətbuat katibi, baş qərargah rəisi zəng edirsə, bu, artıq Azərbaycandan xahişdir”
İyulun 13-də Azərbaycan müdafiə naziri Zakir Həsənov Rusiyanın “Ria-Novosti” agentliyinə müsahibəsində 2016-cı ilin aprel əməliyyatlarına müəyyən qədər aydınlıq gətirib. Nazir deyib ki, Rusiyanın müdafiə naziri Şoyqunun telefon zəngindən sonra əməliyyatlar dayandırılıb.
Prezident İlham Əliyev isə ötən il aprel əməliyyatları haqda danışarkən Rusiya prezidenti Vladimir Putinin onunla əlaqə saxladıqdan sonra əməliyyatın dayandırıldığını bildirmişdi.
Prezident və nazirin söylədiklərini Meydan TV-yə şərh edən hərbi ekspert Cəsur Sümərinli hesab edir ki, bu iki fikirlərdə o qədər də ziddiyyət yoxdur:
“Məntiq təxminən belədir ki, ermənilər Moskvadan xahiş edib, Moskva da Bakıdan tələb edib. Bu baxımdan İlham Əliyevlə Zakir Həsənovun fikirləri bir-birini təsdiqləyir. Amma bu fikirlərlə onlar bir daha təsdiq edirlər ki, hər hansı hərbi əməliyyatların aparılması, Azərbaycan ordusunun torpaqları işğaldan azad edəcəyi ilə bağlı hakimiyyətin səsləndirdiyi bəyanatlar əslində daxili auditoriya üçündü və nə Ermənistan, nə də Rusiya bu tip müharibə bəyanatlarını ciddi hesab edir”.
Cəsur Sümərinlinin sözlərinə görə, prezident və nazir bu fikirlərlə bir daha bəyan edirlər ki, Azərbaycanın təhlükəsizlik maraqları əslində Rusiyadan asılıdır:
“Rəsmi Bakı bu və digər addımları atarkən birbaşa Rusiyanın, dolayısı ilə də Ermənistanın istəklərini nəzərə alır. Bu, çox biabırçı vəziyyətdir və işğal altında olan torpaqlarımızın bu hakimiyyət tərəfindən azad olunması perspektivini ciddi şübhə altına salır. Yenə də o fikirdəyəm ki, aprel əməliyyatları Azərbaycan hakimiyyətindəki rusiyayönümlü qrupların hazırladığı bir əməliyyat idi. Əməliyyat barədə Rusiya tərəfinin əvvəlcədən məlumatlı olması da istisna deyildi. Əlbəttə ki, əməliyyatın nəticəsi Azərbaycan üçün acınacaqlı oldu. Birinci, əməliyyatdan sonra Rusiyanın Ermənistana hərbi-siyasi dəstəyi daha da artdı. İkinci, Ermənistan tərəfi cəbhə xəttində zəif nöqtələrini aşkarladı və oraya peşəkarları, Rusiyadan aldığı müasir texnikanı yerləşdirməyə başladı. Üçüncü, rəsmi Yerevan cəbhə xəttində gələcəkdə hər hansı oxşar münaqişənin baş verməməsi üçün beynəlxalq ictimaiyyətin rəsmi Bakıya təzyiqinin artırılması siyasətini daha da gücləndirdi”.
Onun həmkarı Üzeyr Cəfərov da prezidentlə müdafiə nazirinin dedikləri arasında ziddiyyət görmədiyini düşünür:
“Məsələ ondadır ki, Ermənistanın Azərbaycana birbaşa çıxışı yoxdur. Ermənistan Rusiyadan xahiş edib, Moskva da Bakıdan xahiş edərək əməliyyatın dayandırılmasına nail olub. Ermənistan Azərbaycanın onu cəzalandıracağını gözləmirdi, ona görə Moskvanı məlumatlandırdı. Bundan sonra prezident Putinin mətbuat xidməti Peskov, xarici işlər naziri Lavrov, ordu generalı Gerasimov Bakıya zəng etdilər. Ardınca Baş Qərargah rəisi Nəsməddin Sadıxov Ermənistan ordusunun Baş Qərargah rəisi Xaçaturovla Moskvada görüşüb razılığa gəldilər”.
Ü.Cəfərov nazir Z.Həsənovun müsahibəsində Rusiyaya verdiyi mesajı xatırladır:
“Nazir deyir ki, Rusiya müdafiə naziri Şoyqu xahiş etdi və əməliyyatları dayandırdıq. Deyilən fikrin arxasında o dayanır ki, Rusiya, o zaman xahiş etdin, biz dayandıq ki, gələcəkdə bununla məşğul olacaqsan. İndi bəzi dostlarımız Rusiyadan əmr gəldiyini deyir. Əgər bir ölkənin prezidentinin mətbuat katibi, xarici işlər, müdafiə nazirləri, baş qərargah rəisi zəng edirsə, bu, artıq Azərbaycandan xahişdir”.
AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində nazirin dediklərini belə şərh edib:
“Belə bir hal normal parlamenti, azad mətbuatı olan ölkədə baş versəydi, necə skandal olardı? Başqa bir ölkənin müdafiə naziri hansı haqla bizim ölkənin müdafiə nazirinə zəng edib, “bu işi dayandır” deyə bilir? Yeri gəlmişkən, İlham Əliyev və Zakir Həsənov gərək öz aralarında aydınlaşdırsınlar ki, hansı düz danışır. İlham Əliyev demişdi ki, ötənilki aprel döyüşləri zamanı ordumuzun uğurlu əks-hücum əməliyyatını, o, ermənilərin xahişi ilə dayandırıb. İndi də Zakir Həsənov bildirir ki, “Şoyqu dedi, bu işi dayandır”.
Hərbi ekspert Azad İsazadə bu məsələnin detallarına varmağın çətin olduğunu deyir.
O hesab edir ki, bu barədə konkret danışmaq indiki halda mümkün deyil:
“Amma baş qərargah rəisləri Moskvada görüşdülər. Bu, birmənalı şəkildə razılaşmanın Moskvanın təsiri altında olduğunu göstərir”.