“Rəsmi Bakı İran ətrafındakı səs-küydən daxildə dividentlər qazanmaq istəyir”

Yazar: Emil Məmmədli

Azərbaycan-İran. Foto: OnePixelStudio/shutterstock

Siyasi ekspertlər İranla bağlı yaranmış gündəmə aydınlıq gətirməyə çalışıblar

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın İranla münasibətlərində ciddi problemləri olduğu görüntüsü yaranıb. Belə ki, İran rəsmilərinin Zəngəzur dəhlizinin açılmasına yol verməyəcəkləri barədə yarıgizli, yarıaçıq bəyanatları, Ermənistanla nümayişkaranə isti münasibətləri, Azərbaycan sərhədlərində bir neçə dəfə hərbi təlim keçməsi Tehranla Bakı arasında soyuq müharibənin mövcudluğuna işarə oldu.

Azərbaycanda isə buna qarşılıq olaraq media İran əleyhinə yazılar, reportajla çıxış etməyə başladı ki, ekspertlər bunun hakimiyyət tərəfindən İrana verilən cavab kimi qiymətləndirirlər.

Belə bir diplomatik, informativ qarşıdurma fonunda Qərb mətbuatında, müxtəlif dövlətlərin rəsmiləri səviyyəsində İranın Azərbaycana təhdidlərinə neytral mövqenin sərgilənməsi, beynəlxalq aləmin buna etinasız yanaşması kimi qəbul edilə bilər. Sosial şəbəkələrdə qeyd olunur ki, İran hər hansı bir ölkə ilə bağlı buna bənzər bir addım atacağı təqdirdə ciddi neqativ reaksiya ilə qarşılaşa bilər.

Azərbaycanda fəaliyyət göstərən bir sıra Qərb diplomatı da media nümayəndələri ilə qeyri-rəsmi söhbətlərində ölkələrinin İranın Azərbaycana qarşı təhlükə olduğunu anlamadıqlarını qeyd edirlər.

Bununla bağlı ilk və hələlik ciddi sayıla biləcək reaksiya ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Praysdan gəlib. O, jurnalistlərdən birinin sualına cavablandırarkən, İranın təhdidləri fonunda partnyorlarının yanında olduqlarını qeyd edib.

“İran birbaşa hərbi təcavüz etmək iqtidarında deyil”

Məsələni Meydan TV üçün şərh edən İsveçrədə yaşayan siyasi icmalçı Rauf Mirqədirovun fikrincə, ciddi fərqli reaksiya yoxdur.

“İranın təhdidlərinə ən çox reaksiya Vaşinqtondan gəlir. Dövlət Departamenti Tehranın təhdidlərinə kifayət qədər ciddi reaksiya verdi”, – o deyib.

Bununla belə, o hesab edir ki, Tehrandan səsləndirilən bəyanatların kəskin və ya qeyri-kəskin olmasına baxmayaraq, Qərbdə, elə Azərbaycanın özündə də ciddi şəkildə anlayırlar ki, İran birbaşa hərbi təcavüz etmək iqtidarında deyil.

“Çünki hər hansı hərbi təcavüzə qarşı reaksiya həddindən artıq kəskin olacaq. İran hazırda daha çox güc nümayişi və Ermənistanı dəstəkləməklə məşğuldur. Həmçinin, Tehran Azərbaycan daxilindəki “5-ci kolonu”ndan istifadə etməklə məşğuldur. Bu vasitələrdən istifadə edəcək”, – politoloq qeyd edib.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Amma Rauf Mirqədirov əmindir ki, əgər İran Azərbaycana birbaşa hərbi təcavüz edərsə, ABŞ kifayət qədər kəskin reaksiya verəcək və bunun qarşısını almaq üçün hərbi qüvvədən istifadə edəcək.

“Nəzərə alsaq ki, İngiltərə ABŞ-la müttəfiqdir, Londonun da iştirakı istisna deyil. Burada söhbət Azərbaycana olan birbaşa rəğbətdən və ya dəstəkləməkdən getmir. Söhbət ondan gedir ki, hazırkı şəraitdə İran bir çox Qərb dövlətinin “boğazında qalmış sümük”dür, bundan can qurtarmaq lazımdır. Əlbəttə, İranın belə bir bəhanəni onlara verəcəyini də düşünmürəm”, – Rauf Mirqədirov deyib.

“Qərb Azərbaycan iqtidarının vəziyyətdən yararlanmaq cəhdərini görür”

Siyasətçi Azər Qasımlı isə hesab edir ki, İranın Azərbaycana təhdid olması məsələsi şişirdilib.

“İran Azərbaycanı təhdid edir dedikdə, nə nəzərdə tutulur? Dövlət televiziyası başda olmaqla digər kanallar çoxlu reportajlar, xəbərlər yaysalar da, ortalıqda ciddi bir şey görmürəm. Bəli, İran Ermənistana yardım edir. İran Zəngəzuru bağlayıb, kənarda dayanmayacağını bəyan edibmi, bəli, onu da bildirib. Hərbi təlimlərə gəlincə, müəyyən qədər bunları təhdid kimi qəbul etmək olar. Amma hazırda ortada bir şey yoxdur. İran ətrafında səs-küy daha çoxdur, nəinki Tehran tərəfindən hansısa bir addım”, – Azər Qasımlı deyib.

Onun fikrincə, bu məsələdə səs-küy real təhlükədən daha çoxdur.

“Rəsmi Bakı bu səs-küydən daxildə dividentlər qazanmaq istəyir, türkçülük, turançılıq, xarici düşmənlər mövzularını daha aktual saxlamaq istəyir ki, gündəmi bunlarla zəbt etsin”, – siyasətçi hesab edir.

Azər Qasımlı qeyd edib ki, Qərbdə İranın hazırkı vəziyyətində Azərbaycana və ya başqa ölkəyə hücum etməyəcəyini çox gözəl bilirlər.

Azər Qasımlı
Azər Qasımlı, Foto: Meydan Tv

Siyasətçi hesab edir ki, bunun üçün hazırda zəmin yoxdur.

“İran da bilir ki, hansısa addım atsa, Türkiyə kənarda dayanmayacaq, yaxud İsrail və Səudiyyə Ərəbistanı da. Qərb də bunu yaxşı bilir. Ona görə onlar bu situasiyanı yox, Azərbaycan iqtidarının isteriyasını və vəziyyətdən yararlanmaq cəhdərini görür. Bu mənada İrana qarşı istədiyimiz təpki yoxdur”, – Azər Qasımlı deyib.
Bununla belə, siyasətçi vurğulayıb ki, hipotetik olaraq məsələyə yanaşılsa, İranın Azərbaycana hücum edəcəyi təqdirdə Qərb Bakıya dəstək olacaq.

“Lakin bu dəstək nədən ibarət olacaq, bu, artıq dərin mövzudur. İran yalnız bir halda Azərbaycanla münaqişəyə girə bilər ki, İlham Əliyev Zəngəzur dəhlizini güc yoluyla reallaşdırsın. Hətta belə olsa da, İran Azərbaycana yox, Ermənistan sərhədini keçəcək və orda Azərbaycan ordusu ilə toqquşacaq. Çünki bilavasitə Azərbaycan sərhədinə hücum etmək, İran üçün olduqca risklidir. Təbii ki, bizə də bunun müsbət nəticəsi olmaz. İran özü də ciddi itkilərə məruz qalacaq. Çünki Türkiyə ilə bərabər, Qərb də müsbət yanaşmayacaq”, – o bildirib.

Ana səhifəSiyasət“Rəsmi Bakı İran ətrafındakı səs-küydən daxildə dividentlər qazanmaq istəyir”