Faktla bağlı Azərbaycanda və Ermənistanda cinayət işi açılıb
Avqustun 25-də Azərbaycan hərbçisinin Ağdərə ərazisində, Rusiya hərbçilərinin nəzarətində olan evlərdən birinə girdiyi haqda videogörüntü
yayımlanıb
.
Dağlıq Qarabağ Prokurorluğu faktı “News.am” saytına təsdiqləyib. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Cəmil Babayev Martakert (Ağdərə) şəhərinin Teryan küçəsindəki mənzillərdən birində tapılıb.
“Artsax Respublikasının (tanınmamış – red) dövlət sərhədini qanunsuz keçdiyi, yuxarıda qeyd olunan mənzilin yetkinlik yaşına çatmayan sakinlərinin öldürülməsi təhlükəsi və casusluqla əlaqədar cinayət işi başlanıb. C. Babayev saxlanılıb, araşdırma aparılır. Hadisənin şərtləri ilə bağlı əlavə məlumat qısa zamanda veriləcək”, – Ermənistan tərəfinin yaydığı məlumatda deyilir.
Faktı Azərbaycanın Müdafiə Nazirliyi də təsdiqləyib. Nazirlikdən “Report”a verilən
məlumatda
deyilir ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cəmil Natiq oğlu Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib:
"Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib".
Məlumatda o da deyilib ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.