“Həbsi imkana çevirməyə çalışdım”
Meydan TV Əfv Sərəncamı ilə azadlığa çıxmış NİDA-çı, beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı Rəşadət Axundovun evindən canlı yayım edib. Rəşadət Axundov, eləcə də yeni həbsdən çıxmış Rəşad Həsənov Meydan TV-nin suallarını cavablandırıblar.
Rəşadət, sizə əfv olunmağınızı necə xəbər verdilər?
Dünən günorta saatlarında, hardasa 3-də çağırıb dedilər ki, əfv olunmusuz, adınız siyahıda var. Gecə təxminən 10-da buraxdılar.
Özünüz gecə buraxılacağınızı gözləyirdizmi?
Yox. Adətən sabahısı gün olur. Ona görə gecə buraxılacağımızı gözləmirdik.
Bir neçə dəfə əfv olmuşdu. Hər dəfə də gözləntilər olurdu ki, NİDA üzvlərindən kimlərsə çıxacaq. Sonuncu dəfə dekabrda verilən sərəncamla, ümumiyyətlə, heç kim çıxmadı. Siz bu prosesi necə keçirirdiz? Hər dəfə ümidlənirdiz?
Bayaq dostlarla da bu barədə söhbət etmişik. Öz qənaətimi deyirəm. Mənim real əfv gözləntim 2014-cü ilin oktyabrındakı əfvdə olub. Şahinlə Bəxtiyar azad olunanda biz də çıxacağımızı gözləyirdik. Səmimi demək lazımdı, hər bir məhkumda əfvqabağı ümid işığı olur. Amma o vaxtdan sonra mənim real gözləntim olmayıb. Yəni, 1-2 faiz ümidim olsa da, 99 faiz demişəm ki, içəridəyəm. Psixologiyamı da buna görə hazırlamışam. Ailə üzvlərimə də bu şəkildə demişəm ki, içəridəyik.
Bildiyimizə görə, çıxan kimi babanızın qəbrini ziyarətə getməli idiz…
Bəli. Sadəcə görüşməyə, bayramlaşmağa gələnlər çoxdur deyə hələ evdən çıxa bilməmişəm. Bu gün-sabah ilk işlərimdən biri o olacaq. Həbsdə olarkən babam da daxil olmaqla bir çox yaxınlarımı itirdim. Çox böyük zərbələr dəydi. Babamın mənə görə intiharı nəinki həbsdə, bundan sonrakı həyatımda da iz qoyacaq hadisələrdən biridir. Öz yaxınlarımdan başqa, Şahin Novruzlunun atası İbrahim əminin də qəbrini ziyarət etməyi planlaşdırıram. Həmçinin vəkilimiz Elton Quliyevin qəbrini ziyarət edəcəm. Bizim üçün çox böyük əziyyəti olmuş insan idi. Nərgiz Yaqublunun rəhmətə getməsindən də çox böyük acılar yaşadıq. Onların məzarları ilk baş çəkəcəyimiz yerlərdir. Mütləq vəfa, vicdan borcumuzu yerinə yetirməliyik.
Həbs müddətini çox ağrılı keçirdiz. Bu illərdə unutmaq, yaddan çıxarmaq istədiyiniz nələr var?
Şəxsi faciələr öz yerində. Mən elə bir insanam ki, həmişə müsbət nəticələr çıxarıb, irəli baxmağı xoşlayıram. Şəxsi faciələr təbii ki, insanın həyatında iz qoyur, amma insan sabahla yaşamalıdır. Özü və cəmiyyət üçün faydalı olacağını düşünüb, bu istiqamətdə fəaliyyət göstərməlidir.
Hər hansı bir planınız varmı, yoxsa hələ düşünməyə vaxt olmayıb?
Dostlarımıza da dedim, indi Rəşadla da yəqin ki, ətraflı söhbət edəcəyik. Həbsdən əvvəl biz bir mətbuat konfransı keçirib son sözümüzü demişdik. Düşünürəm ki, NİDA-çılar həbsdən sonra da bir mətbuat konfransı keçirib, əsas suallarınıza cavab verməli, gələcək planlarını deməlidir. Bir-iki gün ərzində təfərratları daha geniş şəkildə bildirəcəyik. Hələlik azadlıq hissini yaşamağa çalışırıq. İndiki durumda heç bir plan yoxdu.
Dəyişik nələr yaşadız? Məsələn, bu gün neçədə oyandız?
Kürdəxanıda rejim söhbəti yoxdu, qapalı şəraitdi, neçədə yatıb-oyanmaq öz işindi. Amma cəzaçəkmə müəssisəsində biz 1000-ə yaxın məhkumdan biriyik. Heç bir ayrıcalığımız, xüsusi statusumuz yoxdu. Hamı necə, biz də elə. 6-da oyanırıq, 8-dək hazırlıq. Bir rejim var. 10-da da yatmaq vaxtıdır. Yemək saatı standardır, hər şey çərçivədədir. Axşam 9-dan 10-dək sənin öz səlahiyyətində olan müddətdir. Onu necəsə istifadə etmək sənin öz işindir.
Düşünürmüsüz ki, bu müddəti faydalı keçirmisiz?
Bəli. Hər bir mənada – istər sakit başla düşünmək, kitab oxumaq, təcrübə baxımından və s. Çoxlu kitablar oxuduq. Hətta televiziyada izlədiyin xəbərin xırda detalından belə böyük bir analiz hazırlayacağın yerdir həbsxana. Mütaliəmiz də xeyli inkişaf etdi. Mən alman dilini öyrənməyə başladım, təkmilləşdirdim. Dil baxımından da faydalanmağa çalışdım. Həbsi imkana çevirməyə çalışdım. Düşünürəm də ki, faydalı oldu.
Hazırda kimlərin azadlığa çıxmasını gözləyirsiz. Ümumiyyətlə, kimin üçün darıxırsız, kimi gözləyirsiz?
Bu Əfv Sərəncamı ilə 4 NİDA-çı azadlığa çıxdı. İki dostumuz – İlkin Rüstəmzadə və Əbdül Əbilov hələ də həbsdədir. Onların da bizimlə birgə olması çox yaxşı olardı. Həyatdır də, olmadı. İlk prioritet məsələlərdən biri odur ki, bu insanlar maksimum dərəcədə tez azadlıqda olsun. Əsas işim onlara, ailələrinə dəstək verməkdən ibarət olacaq. Digər siyasi məhbus dostlarımız , məsələn, Xədicə İsmayıl, bir çoxumuzun “müəllim” dediyimiz İntiqam Əliyev həbsdə qaldı. Onların da ailələrinə dəstək verəcəyik. Ümumiyyətlə, bu əfv müsbət addımdır, amma siyasi məhbus problemini həll etmədi. Bu, çarə deyil. Tutaq ki, bu gün kimsə çıxdı, sabah kimsə. Biz elə bir ölkə arzulayırıq ki, insanlar fərqli fikirlərinə görə təzyiqə məruz qalmasın. Əgər bu olacaqsa, siyasi məhbus problemi həll olunacaq, olmadıqca, yox. Arzu edirəm ki, belə bir sistem yaransın.
Rəşad Həsənov:
Rəşad, siz nələr hiss edirsiz?
Demək olar ki, eyni prosesi keçmişik. Xəbər almaq, evə qayıtmaq…
Həbsdən çıxandan sonra nə dəyişik görünür sizə?
Uzun müddət öyrəşdiyim həyat tərzim dəyişdi. Hələ ki, keçid dövründəyik. Çox dəyişikliklər var. Yavaş-yavaş görməyə başlayırıq. Həbs olunduğumuz müddətdən 3 il keçib, insanlarda, cəmiyyətdə dəyişikliyi görürük. Amma elə qeyri-adi nəsə yoxdur.
Bəşir Süleymanlı həbsdən çıxanda dedi ki, Facebook-un həsrətini çəkirdik. Bir kitabçası varmış, üzərinə “Facebook” yazıbmış. Hər hansı bir hadisə olanda fikirlərini ora qeyd edirmiş. Siz necə, bu həsrəti çəkdinizmi? Özünü ifadə etmək çətinliyi yaranırmı orda?
Nəsə ifadə etmək istəyəndə telefonla yaxınlarımıza deyirdik, onlar da fikrimizi ictimaiyyətə çatıdırırdılar. Hansısa bir vasitənin həsrətini çəkməmişik. Əsasən dost dediyimiz insanların həsrətini çəkmişəm. Başda Rəşadət olmaqla. Çünki digər dostlar ziyarət edirdilər, görüşə bilirdik. Rəşadətdə və digər həbsdə olan dostlarda bu imkan yox idi. Nə mən gedə bilirdim, nə onlar gələ bilirdilər. Azadlıqda ilk gördüyüm şəxs də Rəşadət oldu. Çox qeyri-adi bir hiss idi.
Rəşadət Axundov:
Rəşad düz deyir, əsas həsrət dostlarla bağlı idi. Həbsdən əvvəlki 20 gün o qədər ağır, gərgin oldu ki, açığı, sosial şəbəkələrlə bağlı həsrət çəkməmişik, rahat həyat sürmüşük. Amma bir şey deyim. Bunu həbsdə Ömərlə də müzakirə etmişik. XXI əsrdə siyasi məhbus həyatı yaşamaqla XX əsrdə siyasi məhbus həyatı yaşamağın fərqi odur ki, bu gün biz nəinki ildə, ayda, hətta gündə, saatda dəyişən bir dünyada yaşayırıq. Və XXI əsrdə siyasi məhbus həyatı yaşayan insan daha çox şey itirir. İnformasiya texnologiyaları dünyada hər saat yenilənir və insan geri qalır. XX əsrdə bu mənada insanın itirəcəyi heç nə yox idi. Bu gün isə insan bir gün belə içəridə qaldıqda texnologiyalar baxımından geri qalır. Əks halda mənim başım çox dinc idi.