Rəşad Məmmədov azadlığa buraxıldı

Məhkəmə Bayraq Meydanı Kompleksinin sabiq rəisi və digərləri barədə qərarını açıqladı

Source:
Rəşad Məmmədov
Rəşad Məmmədov


Məhkəmə Bayraq Meydanı Kompleksinin sabiq rəisi və digərləri barədə qərarını açıqladı

İyunun 20-də  Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmədə olan Meydan TV əməkdaşının məlumatına görə,  hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilib. İclasda şahid qismində ifadə verən Səbinə Quliyeva bildirib ki, kompleksdə landşaft dizayneri kimi çalışıb. Ərazidə yaşıllaşdırma dizaynı ilə məşğul olub: “Məndən Rəşad Məmmədov xahiş etmişdi ki, köməyə ehtiyacı var. Mən də ona kömək etmək üçün orada qeyri-rəsmi işə başladım. Sonradan rəsmi şəkildə işlədim”. Hakim ondan işlədiyi şəxslərdən bir neçə nəfərin ad və soyadını deməyi tələb edib. Lakin şahid iş yoldaşlarının soyadlarını bilmədiyini deyib.

Günay Quliyeva adlı şahid isə hüquq şöbəsinin müdiri işlədiyini deyib. O, suallara cavab olaraq Azər Əsgərovu tanıdığını, onun Rəşad Məmmədovla birlikdə tikinti quruculuq işləri ilə məşğul olduqlarını deyib.

Şahid Samir Nəsirli orada suvarma mexanizmlərini həyata keçirdiyini, Fatma Qasımova isə kommunal şöbədə mühasib kimi çalışdığını söyləyib. Rəşad Məmmədov isə Fatma Qasımovanın muzey idarəsində mühasib işlədiyini, digər mühasiblərə kömək etdiyini deyib. Hakim bildirib ki, şahid istintaqa verdiyi ifadəsində kiməsə kömək etdiyini deməyib, digər idarələrin də işlərini gördüyünü bildirib. Fatma Qasımova isə məhkəmə iclasında Rəşad Məmmədovun dediklərini təsdiq edib. R.Məmmədov işçilərə göstəriş verdiyini deyib: “Mən xahiş etmişəm kömək edib. Burda qəbahət yoxdur. Bəs necə işləməliydim?” Hakim bildirib ki, işçilərə göstəriş vermək olar:”Əgər işçilər sözə qulaq asmasa xaos olar. Sizə buna görə ittiham verilməyib. İttihamda deyilmir ki, siz o pulları cibinizə qoymusunuz”.

Daha sonra iclasda Maliyyə Nazirliyinin sektor müdiri Ağasəf Ağayev ifadə verib. Bildirib ki, baş nazirin müavinin göstərişi əsasında Bayraq Meydanı Kompleksi İdarəsində yoxlama aparıblar: “Bəzi işçilərin adları tabeldə var idi, lakin qarşısı boş idi. Bəzilərinin adları yox idi, amma orada işləyirdilər. Biz də yoxladıq və akt tərtib etdik”.

R. Məmmədov isə bildirib ki, yoxlama qərəzli aparılıb: “Siz gəlib yoxlama aparanda orada işləyən qohumlarımı araşdırıb, onları yoxlamağa başladınız. İndi mənim qohumlarım işsiz qalmalıdır?” Hakim Əlövsət Abbasov isə bildirib ki, yəqin kimsə onlara işarə edib: “Lakin yoxlama zamanı xaricdə olan adamın sizdən əmək haqqı alması da müəyyən edilib. Bunu da nəzərə alın”.

Prosesdə şahid qismində ifadə verən Ceyhun Cəfərov isə vəkil işlədiyini, İsfəndiyar İsfəndiyarovun ondan obyekt alqı-satqısı sənədlərinə baxmasını xahiş etdiyini deyib: “Sənədlərə baxıb ona məsləhət vermişəm”.

İclasda ifadə verən Murad Qasımov isə kompeksdə fəhlə işlədiyini, lakin mühəndis vəzifəsində çalışdığını deyib. Hakim bunun səbəbini soruşduqda R. Məmmədov bildirib ki, fəhlə ştatı olmadığına görə,belə etməyə məcbur olublar.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib və dövlət ittihamçısı çıxış edib. O, R.Məmmədov və İsfəndiyar İsfəndiyarovun 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini, həmin müddətin başa çatmış hesab edilməsini, onların məhkəmə zalından azadlığa buraxılmasını, təqsirləndirilən Arzu Məmmədovun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin ləğv olunmasını istəyib.

 İclasda təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək müdafiə etdikləri şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Təqsirləndirilən şəxslər də vəkilləri ilə razı olduqlarını deyiblər. İ. İsfəndiyarov bildirib ki, elmlər doktoru, sülhməramlı səfirdir: “Mən hər zaman etirazımı bildirmişəm. Bu işdə mənim günahım yoxdur. Mən kiminsə ambisiyalarının qurbanı olmuşam. Atam da professordu. Mən onun gözlərinə baxa bilmərəm. Bir il də yatmağa hazıram, ancaq mənə bəraət verin”.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib.  Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.

Martın 4-də A. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.

Ana səhifəXəbərlərRəşad Məmmədov azadlığa buraxıldı