”Komanda.az” saytı dağıdılıb
Üç gün əvvəl Türkiyə mediasında SOCAR və AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin avtoşluq edərkən saxlanılması haqda xəbər Azərbaycanın müstəqil mediasının da diqqət mərkəzində oldu. Ancaq bugünə qədər Rövnəq Abdullayev olaya heç bir reaksiya verməyib.
Xəbəri
komanda.az
saytı da yayıb. Ancaq sayt xəbəri yayandan bir saat sonra problemlərlə üzləşib.
Bu barədə Meydan TV-yə saytın baş redaktoru Rəşad Ergün deyib.
Baş redaktor bildirib ki, xəbəri qoyandan 1 saat sonra admin panelə daxil olmaqda problem yaransa da, aradan qaldırılıb: “Mayın 4-də Mətbuat Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru mənə zəng edib hal-əhval tutandan sonra xahiş etdi ki, SOCAR prezidentinin oğlu Rəşad Abdullayevlə bağlı xəbəri saytdan çıxarım. Səbəbini soruşanda, təkrar dedi ki, yazını götürmənizi xahiş edirəm. Cavab verdim ki, bu, mümkün deyil, çünki xəbər yenidir, əgər rezonans doğuran xəbər olsa, dəyişə bilərik, problem deyil. Normal sağollaşdıq. Ancaq mayın 5-i səhər tezdən
komanda.az
saytı fəaliyyətini tam dayandırdı. Problemlə əlaqədar mütəxəssislərlə əlaqə saxladıq, onlar hakerlərin sayta dayanmadan viruslar, spamlar yönləndirildiyini dedilər. Böyük ehtimalla bu SOCAR prezidentinin adamları tərəfindən həyata keçirilir. Səbəb də xəbərin saytdan çıxarılmamasıdır”.
Baş redaktor indiyə qədər oxşar problemlə üzləşmədiklərini dedi: “Üçüncü ildir
komanda.az
saytı fəaliyyət göstərsə də, haker hücumu olmayıb. Amma AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev haqda xəbər dərc olunandan sonra hücumlar başlayıb. Çox maraqlıdır ki, bizdən başqa xəbəri yayan bəzi saytlar 1 neçə saat sonra xəbəri dərhal yığışdırdılar. Bilmirik, bu tapşırıqla, yoxsa alverlə oldu”.
O, bu gün axşama saytın fəaliyyətini davam etdirəcəyini bildirdi: “Amma Rövnəq Abdullayevin oğluyla bağlı xəbər saytdan götürülməyəcək. Bu, saytın siyasətidir, yeni rezonans doğuran xəbər çıxanda, onun yerinə qoyacağıq. Ona görə düşünməsinlər ki, təzyiqlə xəbər götürüləcək. Hazırda mütəxəssislər saytın bərpa olunması üzərində çalışırlar”.