Rəşad Ergün: Formula 1 yarışının təbliğatçıları idman mətbuatını aldadıb

Mahir Rüstəmli: ”Müqavilənin imzalanması son anda baş tutmadı, Bakı Şəhər Halqası imtina etdi”

Source:
Rəşad Ergün
Rəşad Ergün


Mahir Rüstəmli: ”Müqavilənin imzalanması son anda baş tutmadı, Bakı Şəhər Halqası imtina etdi”


“Bakıda keçiriləcək Formula 1 yarışının təbliği ilə bağlı idman mətbuatında gedən istənilən xəbərə, yazıya görə qonorar ayrılacağı haqda elanın gerçəkləşməsi baş tutmayıb”.

Bu barədə Komanda.az saytının baş redaktoru Rəşad Ergün öz Facebook səhifəsində yazıb. Baş redaktor deyir ki, AFFA yanında Media Komitəsi Bakı Şəhər Halqasına arxalanaraq bu elanı vermişdi.

“Nəticə nə oldu? İdman mətbuatı bir aydan çox müddətdə Formula 1-lə bağlı xəbərlər, yazılar verdi, təbliğatla məşğul oldu, sonra?” – deyə sual edən redaktor hesab edir ki, Bakı Şəhər Halqası AFFA yanında Media Komitəsini, dolayısı ilə idman mətbuatını aldadıb: “Heç bir ödəniş olmayacaq. Azad Rəhimov və onun harda pul, orda baş olan oğlundan bundan artığını gözləməyə dəyməzdi də. Başqalarını deyə bilmərəm, amma Komanda.az da bugünə kimi Formula 1-lə bağlı xəbərlər, yazılar, müsahibələr verib. Biz onsuz da bu ölkə, oxucular üçün pulsuz işləyirik, hər saat, hər dəqiqə xəbər, araşdırma, köşə yazırıq, müsahibələr hazırlayırıq. Azad Rəhimov üçün niyə pulsuz işləməliyik ki? Burda dostluğumda Formula 1-lə bağlı iş görən, təşkilat, təşviqat komitələrində işləyən şəxslər var. Dinləyin, Komanda.az olaraq Formula 1-in təbliği ilə bağlı bütün işləri dayandırırıq, yalnız Bakıda keçiriləcək yarış başa çatandan sonra bu idman növünə diqqət ayıracağıq. Uzun sözün qısası, Avropa oyunlarında olduğu kimi, Bakıda keçiriləcək Formula 1 yarışını da boykot edirik. Heç kim sizin nökəriniz deyil”.

Media Komitəsinin sədri Mahir Rüstəmli Meydan TV-yə açıqlamasında müqavilənin baş tutmadığını təsdiqləyib: “Biz komitənin hesabına təbliğat kampaniyasında iştirak edən saytlara, qəzetlərə yardım olunmasını düşünürdük. Ancaq müqavilənin imzalanması son anda baş tutmadı, Bakı Şəhər Halqası imtina etdi. Təəssüf ki, ciddi səbəb də göstərmədilər”.

Mahir Rüstəmli
Mahir Rüstəmli

Mahir Rüstəmli deyir ki, komitə yaxın günlərdə yaranmış durumun səbəbi barədə bəyanat yayacaq.

Komitə rəhbəri “müəyyən mənada aldandıq” – deyərək əlavə etdi ki, o, danışıqlarda birbaşa iştirak etməyib: “Ancaq Media Komitəsi olaraq aldandığımızı etiraf edirəm”.

O, gənclər və idman naziri nazir Azad Rəhimovun və oğlunun adının bu məsələlərdə hallanması ilə bağlı suala belə cavab verdi: “Sadəcə, nazirin oğlu orda müəyyən bir vəzifəni tutur, amma əlimdə fakt olmadığından onun bizi aldatdığını deyə bilmərəm. Bu işlə birbaşa Azad Rəhimov yox, Nigar Arpadaray və Turab adlı bir oğlan məşğul olurdu. Bir daha deyirəm, danışıqlarda birbaşa iştirak etmədiyimdən konkret heç nə deyə bilmərəm. Görünür, yanlışlıq olub, əslində, müqavilə bağlanmadan təbliğat kampaniyasına başlamamalıydıq. Düzdür, bizə ingilis və öz dilimizdə müqavilə göndərilmişdi və düşünürdük ki, bu cür ciddi qurum sözünün üstündə dayanar. Demək olar ki, aldandıq”.

Ana səhifəXəbərlərRəşad Ergün: Formula 1 yarışının təbliğatçıları idman mətbuatını aldadıb