“Azərbaycan idmanında korrupsiya da var, qohumbazlıq da”
Tbilisidə Avropa Şurası İdman Nazirlərinin 15-ci konfransında iştirak edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda idman sahəsində korrupsiya anlayışı yoxdur.
“Report” agentliyinin məlumatına əsasən, nazir qeyd edib ki, toplantıda müzakirə olunan məsələlərin Azərbaycana bir o qədər də aidiyyatı
yoxdur:
“Konfransda idmanda insan haqlarının qorunması və korrupsiyaya qarşı mübarizə məsələlərinə baxılır. Azərbaycanda idmançıların hüquqları hərtərəfli müdafiə olunur. Ölkəmizdə idmanda korrupsiya anlayışı da yoxdur ”.
“Komanda.az” saytının baş redaktoru Rəşad Ergün Azad Rəhimovun açıqlamasına Meydan TV üçün şərh verərkən bildirib ki idman sahəsində korrupsiya yoxdur demək ağ yalandır:
“Ola bilsin ki, Azad Rəhimov bu açıqlamanı verəndə təhsil və başqa sahəylə müqayisədə idmanda daha az korrupsiyanın olduğunu nəzərdə tutub. Artıq bir neçə ildir ki, Bakıda “Formula 1” kimi nəhəng idman yarışı keçirilir. Yarışın təşkili “Baku City Circuit” şirkətinə həvalə olunub. Şirkətin icraçı direktoru isə Azad Rəhimovun oğlu Arif Rəhimovdur. İdmanın başqa növlərində də rəhbər vəzifələrin bölgüsündə qohumbazlıq, tanışlıq prinsipi işə düşür”.
R.Ergün xatırladıb ki, Bakıda ilk dəfə “Formula 1” yarışı keçiriləndə, ölkənin idman mətbuatı ilə yarışın təbliği məsələsində razılığa gəlinmişdi.
“O vaxt mövcud olan Media Komitəsi ilə razılıq əldə olunmuşdu ki, “Formula 1” yarışının təbliğinin qarşılığında qəzetlərə, saytlara pul ödənəcək. Bizim Komanda.az saytı da uzun zaman yarışın təbliği ilə məşğul oldu. Amma ən sonda Rəhimovun oğlunun təşkilatçısı olduğu yarışın təbliğinə görə mətbuata 1 qəpik də ödənilmədi. Yəni hər kəsi aldatdılar. Halbuki, mən bildiyim qədəriylə “Formula 1”-in təbliği üçün mətbuata pul ayrılmışdı. O pul necə oldu, kimsə bilmədi”.
Baş redaktor qeyd edib ki, bəli, idman sahəsində rüşvət, korrupsiya başqa sahələrdə olduğu kimi işləmir, burda sistem fərqlidir.
“AFFA-nın mətbuat xidmətinin keçmiş rəhbəri Mikayıl Nərimanoğlu Gəncənin “Kəpəz” klubunun Müşahidə Şurasındakı üzvlüyündən də, federasiyadakı postundan da məhz rüşvətə, yeyintiyə görə qovuldu. Bu, yaxın zamanda olan hadisədir. Azərbaycan idmanında korrupsiya da var, qohumbazlıq da. Sadəcə, idman mətbuatı maliyyə baxımından o qədər zəifdir ki, Azad Rəhimovun naziri olduğu idmandakı korrupsiya, yeyinti hallarını araşdırmağa gücü və zamanı çatmır”.
“Fotbolpress.az” saytının baş redaktoru Elçin Cəlilov isə hesab edir ki, Azad Rəhimov Azərbaycan idmanında korrusiya hallarının olmamasını iddia etmək üçün bu vəzifəyə təyin edilib:
“Korrupsiya halları yoxdursa, onda olimpiya idman növlərində yerli idmançı potensialı ola-ola əcnəbilər niyə gətirilir? Bunlar nə məqsədlə olur? Təkcə bu istiqaməti araşdırmaq bəs edər”.
Ötən il Meydan TV-də dərc olunan “İdmanı ailə biznesinə çevirən nazir” adlı araşdırmada Azad Rəhimovun idman sahəsindən qazandığı gəlirlərdən, oğlunun biznesindən söz
açılıb
.